"Quş qripi" ilə bağlı monitorinq başa çatdı


Digərləri 18 Yan 2019 16:14:00 415 0

"Quş qripi" ilə bağlı monitorinq başa çatdı

"Quş qripi" xəstəliyinə görə yanvarın 14-dən başlayan növbəti monitorinq başa çatıb.

Son.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən Trend-ə verilən məlumata görə, monitorinq ölkə ərazisində Baytarlıq Xidmətinin, Qida Təhlükəsizliyi Agentliyinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılıb.

Keçirilən tədbir köçəri quşların payız miqrasiyası nəzərə alınaraq Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda həyata keçirilib.

Monitorinq keçirilən müddətdə Dövlət Baytarlıq Xidmətinin əməkdaşları seçmə üsulla ovlanmış 32 baş (Pirallahı adasındakı Abşeron Milli Parkından 8 baş, Şabran rayonundakı Ağzıbir ovçuluq təsərrüfatindan 5 baş, Salyan rayonundakı Şirvan Milli Parkından 3 baş, Lənkəran rayonundakı Qızılağac Dövlət Təbiət Qoruğundan 8 baş, Ağcabədi rayonundakı Ağ göl Milli Parkından 8 baş) köçəri quşlardan patoloji material, həmçinin Abşeron, Şabran, Salyan, Masallı, Kürdəmir, Samux, Sabirabad, Yevlax, Saatlı, Biləsuvar, Lənkəran, Ağcabədi rayonlarındakı və Mingəçevir şəhərətrafı ərazilərdə yerləşən şəxsi və quşçuluq təsərrüfatlarda saxlanılan 556 baş ev quşundan qan nümunələri götürüblər.

Köçəri quşlar üzrə monitorinq aparılan ərazilərdə xəstə və xəstəlikdən tələf olan quşlara rast gəlinməyib, eləcə də təsərrüfatlarda saxlanılan quşlar arasında hər hansı iti yoluxucu xəstəlik qeydə alınmayıb.