Azərbaycan Dövlət Reklam Agentliyinin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib (FOTO)


Digərləri 18 Yan 2019 10:11:34 589 0

Azərbaycan Dövlət Reklam Agentliyinin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib (FOTO)

Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini anıb.

Bakı. Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini anıb. Agentlikdən Trend-ə verilən məlumata görə, öncə şəhidlər bir dəqiqəlik sükutla yad edilib. Anım mərasimində çıxış edən Agentliyin direktoru Aydın İbadov keçmiş Sovet ordusunun xüsusi təyinatlılarının Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüzü insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu deyib. 20 Yanvar faciəsi və xalqımızın azadlıq mübarizəsi haqqında danışan direktor onun milli oyanış hərəkatı kimi tarixi önəmini vurğulayıb: “Xalqın çətin anında yalnız Ulu Öndər Heydər Əliyev Rusiyanın paytaxtı Moskva şəhərində mətbuat konfransı təşkil edərək qanlı faciəni dünya ictimaiyyətinə çatdırıb və onunla bağlı bəyanat verib”. A.İbadov bildirib ki, məhz Heydər Əliyevin səyi nəticəsində 1994-cü ildə 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilib. Bu gün də 20 Yanvar şəhidlərinin xatirəsi ölkə başçısı cənab İlham Əliyev tərəfindən əziz tutulur, dövlət tərəfindən şəhid ailələrinə layiqincə diqqət göstərilir. Daha sonra millət vəkili Aydın Mirzəzadə çıxış edərək 20 Yanvar 1990-cı ilin Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi həkk olunduğunu söyləyib. Qonaq bildirib ki, məhz həmin gün Azərbaycan xalqı istiqlal əzmini ortaya qoyaraq, bu dəyər uğrunda canından keçməyə hazır yüzlərlə övladının olduğunu, öz mübarizliyini, əyilməzliyini, məğrurluğunu bütün dünyaya nümayiş etdirib.