Putinin Paşinyana münasibəti dəyişibmi?


Dünya 18 Yan 2019 07:49:00 446 0

Putinin Paşinyana münasibəti dəyişibmi?

Politoloqların fikrincə, Kremlin göndərdiyi təbrikəbənzər mesaj ciddi qəbul olunmamalıdır 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Ermənistanda növbədənkənar parlament seçkilərində Nikol Paşinyan və tərəfdarları qalib gəldilər. Seçkidən sonra qələbə münasibəti ilə Paşinyanı bir çox ölkələrin rəhbərləri təbrik etsələr də, Rusiya prezidenti Vladimir Putin tələsmədi. Onun bu addımına ekspertlər müxtəlif kontekstlərdə münasibət bildirdilər. Faktiki olaraq, ötən ilin dekabrında baş nazir postunda təsdiqlənən N.Paşinyanı Putin yalnız yanvarın 14-də - parlamentdə baş nazir seçildikdən sonra təbrik etdi. Bəs görəsən Rusiya prezidenti niyə belə davrandı?

Mövzu ilə bağlı "Kaspi" qəzetinə açıqlamasında politoloq Tofiq Abbasov bildirdi ki, son illərin təcrübəsində belə məqamlar olub: "Dünya elitası, aparıcı dövlətlərin rəhbərləri özünə əmin olmayan siyasətçilərlə bağlı ehtiyatlı mövqe tuturlar. Çünki ilk olaraq çaşqın bir vəziyyət yaranmasın, digər tərəfdən də əmin olsunlar ki, onlar həqiqətən də vəziyyətə hakim kəsilə bilirlər. Paşinyan da özünə əmin siyasətçi deyil. İkincisi, Paşinyana rəqiblik edən qüvvələr kifayət qədər potensiala malik və radikal metodlardan istifadə etməyə meylli güclərdir. Həm də sirr deyil ki, onları uzun müddət Rusiya himayə edib. Əlbəttə ki, söhbət "Qarabağ klanı"ndan və onlara yaxın olan qruplardan gedir. Bu baxımdan, Rusiya ilə bağlı naməlum siyasət, ikibaşlı yanaşma, Kremli ayaq saxlamağa və prosesləri səbirlə izləməyə məcbur etdi".  T.Abbasov qeyd etdi ki, Ermənistanda baş verən proseslərdə Qərb tərəf tutur: "Çünki onların gözündə baş vermiş inqilab anti-Rusiya xarakterlidir. Ona görə də Qərb durmadan Nikol Paşinyanı ruhlandırırdı və bu, indi də davam edir. Ancaq Rusiyanın münasibəti başqadır. Moskva başa düşür ki, Qərbin ssenarisi 50 faiz gerçəklik təşkil edir. Yəni Ermənistanda baş verənlər həqiqətən də Rusiyanın qələbəsi deyil. Rusiya yönümlü qüvvə hakimiyyətdən devrilib və onun əvəzinə qərbpərəst Paşinyan gəlib. İndi ölkədə dərin problemlərin olduğu vaxtda Paşinyana böyük məharət və çeviklik lazımdır və təsadüfi deyil ki, Ermənistan hakimiyyəti çalışır ki, Gürcüstan vasitəsilə Rusiya istiqamətində ən azından bir avtomobil yolu inşa etsin. Buna görə də İrəvan ciddi-cəhdlə çalışır ki, Cənubi Osetiyanın rəhbərliyi ilə danışsın, o cümlədən Gürcüstanı razı salsın və belə bir ssenarini işləsin. Bu, özü-özlüyündə anti-Azərbaycan gedişidir. Çünki Azərbaycan sərhədlərini Ermənistanla bağlamayıb ki, İrəvan İran, Türkiyə və ya Gürcüstan vasitəsilə çıxışlar əldə etsin və öz vəziyyətini yüngülləşdirməklə işğalçı siyasətindən geri çəkilməsin. Ona görə də bu məsələləri götür-qoy edəndə görürük ki, Paşinyanın dedikləri heç də əməlləri ilə üst-üstə düşmür və naməlum bir strategiya cızır. Məhz bu səbəbdən heç bir ölkə istəmir ki, tələskənliyə yol verib, çiy qənaətlər üzərində çalışsın. Hesab edirəm ki, Kremlin Paşinyana gec, həm də təbrikə bənzər bir mesaj göndərməsi əslində anlaşılandır".


Xəbərə aid fotolar