Ekspert: "Prezident İlham Əliyev bütün dünyaya qəbul etdirə bildi ki, torpaqlarımız..."


Siyasət 17 Yan 2019 20:41:00 608 0

Ekspert: "Prezident İlham Əliyev bütün dünyaya qəbul etdirə bildi ki, torpaqlarımız..."

Azərbaycan Prezidentinin və ardınca dünyanın bir sıra mötəbər dövlət xadimlərinin 2019-cu ildə Dağlıq Qarabağ probleminin həlli istiqamətində mühüm dəyişikliklərin ola biləcəyi barədə mülahizələri reallıqlara əsaslanır və ciddi perspektivlərə malikdir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Baş redaktor bildirib ki, Prezident İlham Əliyevin bu yaxınlarda Rusiya televiziyasına geniş müsahibəsində qəti inamla soylədiyi bu mülahizə məhz real perspektivdən xəbər verdiyi üçün beynəlxalq diplomatik-siyasi dairələrdə ciddi diqqət çəkdi:

"Təhlillər göstərir ki, son dövrlərdə Dağlıq Qarabağ probleminin həlli istiqamətində əsaslı dəyişikliklər üçün həqiqətən də real zəmin yaranıb və bu zəmin bəzi başqa faktorlarla yanaşı, əsasən Azərbaycan diplomatiyasının və şəxsən Prezident İlham Əliyevin məqsədyönlü və sistemli fəaliyyətinin nəticəsi olaraq meydana çıxıb. İndi dünyada çoxları artıq dəqiq görməyə başlayıb ki, münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun tənzimlənməsi üçün heç vaxt olmadığı qədər əlverişli şərait yaranıb, bu da ədalət prinsipinə və Azərbaycanın mənafelərinə tam uyğundur. Bəziləri münaqişənin həlli üçün yaranmış yeni şəraiti müəyyən qədər Ermənistanda hakimiyyət dəyişikliyi ilə əlaqələndirməyə çalışsa da, bunu qətiyyən həlledici amil kimi qəbul etmək olmaz. Bu faktor, yəni Ermənistanda hakimiyyət dəyişikliyi ən yaxşı halda müəyyən qədər təsirli rol oynayan faktor kimi nəzərdən keçirilə bilər. Təkcə bunu nəzərə almaq lazımdır ki, Ermənistanın yeni hakimiyyəti hələlik münaqişənin real həllinə təsir göstərə bilən bircə bəyanat səsləndirməyib, əksinə, pozucu xarakterli bəzi mülahizələrlə sülh prosesini daha da çətinə salmaqla məşğul olub. Halbuki hətta Ermənistanın yeni hakimiyyətinin ən təxribatçı ideyaları səslənən məqamlarda da dünyanın bütün praqmatik siyasətçiləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün son vaxtlarda daha əlverişli şəraitin yarandığını təkidlə deyir və hamını bu şansdan bəhrələnməyə çağırırlar".

Ekspertin sözlərinə görə, məntiq və geosiyasi reallıqlar inamla sübut edir ki, münaqişənin həlli üçün yaranmış əlverişli şərait əsasən və həlledici səviyyədə məhz Azərbaycan diplomatiyasının regional və qlobal miqyasda apardığı işlə bağlıdır: "Burada, ilk növbədə, Prezident İlham Əliyevin dünyanın bütün qütblərinin maraqlarını uzlaşdıra bilən balanslı xarici siyasət aparmasını, region ölkələrinin imkanlarını və maraqlarını Azərbaycanın böyük nəqliyyat, enerji, tranzit və investisiya imkanları ilə əlaqələndirə bilməsini, nəhayət, Ermənistana hücum diplomatiyasını fasiləsiz şəkildə gücləndirərək bu ölkənin təcrid olunmasını qeyd etmək lazımdır. İndi regionumuzun bütün ölkələri başa düşür ki, Azərbaycansız hər hansı layihənin uğurundan danışmaq olmaz, Azərbaycan regionun əhəmiyyətli sabitlik və inkişaf təminatçısıdır və əgər ölkəmizin böyük resurslarını özunə cəlb etmiş erməni təcavüzünün qarşısı alınsa, Azərbaycanın regional qarşılıqlı faydalı əməkdaşlığa daha böyük töhfələri olacaq".

A.Quliyev qeyd edib ki, Azərbaycanın balanslı siyasəti Bakını müxtəlif hərbi blokların səmərəli dialoq məkanına çevirə bilib və Qarabağ məsələsinin həllində ABŞ və Rusiya eyni maraqlı mövqe nümayiş etdirməyə başlayıblar: "Münaqişənin həlli üçün əlverişli şərait yaranmasına Azərbaycanın fəal və yaradıcı regional siyasəti xüsusilə təsir göstərir. Bu kontekstdə Azərbaycanın regionda formalaşdırdığı ikitərəfli, üçtərəfli və hətta çoxtərəfli əməkdaşlıq formatlarının müstəsna təsiri var. Region dövlətlərinin xüsusi maraqları yaranıb ki, münaqişənin tezliklə həllinə nail olmaqla Azərbaycanın malik olduğu potensial imkanlarla daha geniş təmaslar qura bilsinlər. Ən mühüm məqam odur ki, Azərbaycan Ermənistanın təcrid siyasətini çox uğurla apararaq bunu təsirli silaha çevirə bildi. Prezident İlham Əliyev bütün dünyaya qəbul etdirə bildi ki, təcridetmə siyasəti Azərbaycanın təbii hüququdur və torpaqlar işğaldan azad edilənədək bu siyasət davam etdiriləcək. Münaqişənin həlli üçün bu və ya digər faktorların yaratdığı şərait təkcə Azərbaycan üçün yox, həm də regionda sülh istəyən bütün beynəlxalq dairələr üçün qiymətli şansdırd".