Azərbaycan üçün ABŞ hələ də mayak olaraq qalır


Siyasət 17 Yan 2019 17:57:00 589 0

Azərbaycan üçün ABŞ hələ də mayak olaraq qalır

TIMES of SAN DIEGO, ABŞ

17.01.2019 

Müəllif: Raul-Louveri Kontreras

Azərbaycanda keçirilmiş VI Bakı Beynəlxalq Humanitar Forum zamanı 1 həftə ərzində 90 ölkəni təmsil edən müxtəlif nümayəndələrlə müzakirələr apardım. Tədbir iştirakçıları arasında mən daxil olmaqla, 3 nəfər San-Dieoqo şəhərindən idik: yazar, hüquqşünas və kollec professoru.

Coğrafiya fakültəsinin məzunu kimi hər kəsdən hansı ölkədən olduğunu soruşurdum. Onlar da mənə eyni sualı verirdi. Amma mən heç vaxt ABŞ və ya Amerikadan olduğumu demirdim. Onlara Kaliforniyadan gəldiyimi söyləyirdim. Əksəriyyətin reaksiyası belə olurdu: ah, Ka-li-for-ni-ya!

Onlar mənə Donald Trampın "Amerikanı yenidən böyük edəcəyik" kampaniyası haqda skeptik suallar verirdi. Ümumiyyətlə bəziləri düşünür ki, ABŞ son illərdə zəifləyib, Nyu-Yorkun qubernatoru Endryu Kuomo daxil olmaqla, bəziləri isə Amerikanın indiyədək olmadığı qədər qüdrətli dövlətə çevrildiyini deyir. Mənim fikrimə gəlincə, hesab edirəm ki, ABŞ hər zaman qüdrətli olub. Lakin tariximizdə qara ləkələr də var. Digər tərəfdən, ölkənin qüdrətli olması o demək deyil ki, həmin ölkə daha çox inkişaf etməməlidir.

Fikrimcə, son illərdə bu inkişafa mane olan hadisələr baş verib. Məsələn, Pitsburqda sinaqoqda baş vermiş atışma. Həmin hadisə zamanı 11 nəfər həyatını itirib. Cənubi Korolina ştatındakı kilsəyə hücum zamanı 9 qaradərili, Texasdakı kilsədəki atışmada isə 29 ağdərili qətlə yetirmişdi.

Amma bir tarixi hadisə indiyədək Amerika xalqını daha çox narahat edir. 1964-cü ildə Birmingem kilsəsində törədilmiş partlayış nəticəsində 4 qaradərili qız həyatını itirmişdi. Həmin vaxt mənim 23 yaşım var idi. Hadisədən xəbər tutduqda ağlamışdım.

Pitsburdakı sinaqoqda baş verənlər zamanı artıq ağlamırdım. Çünki Cənubi Karolina və Texasda baş vermiş hadisələrə görə çox qəzəbli idim...

Beynəlxalq Humanitar Forumda müxtəlif irqə və dinə mənsub insanlarla birlikdə iştirak edirdim. Bu, Pitsburdakı sinaqoqda insanları atəşə tutmuş antisemit dəliyə qarşı olan qəzəbimi daha da artırırdı.

Qəribədir ki, Pitsburdakı sinaqoqda atışma baş verən gün mən Azərbaycanın cənub-qərbində, İranla sərhədin yaxınlığında yerləşən, 150 ailənin yaşadığı və bu yaxınlarda bərpa olunmuş Cocuq Mərcanlı kəndində idim. 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş bu kənd 3 il əvvəl işğaldan azad edilib.

Vaxtilə Cocuq Mərcanlıda 450 ailə yaşayıb. Əsasən heyvandarlıqla məşğul olan əhali müharibə nəticəsində kəndi tərk etmək məcburiyyətində qalıb. O anda Ermənistan hərbi birləşmələri artıq kəndin əsas yolunu bağlamışdı. Nəticədə əhali kəndi piyada tərk etməli olub və İrana üz tutub. Lakin bu insanların bəziləri, o cümlədən qadınlar və uşaqlar İranla sərhəddəki Araz çayını keçən zaman boğulub, bəzilərisə rus silahları ilə təchiz olunmuş erməni hərbçiləri tərəfindən öldürülüb. Sağ qalanlar öz ölkələrində məcburi köçkünə çevrilib. Ümumilikdə bu münaqişə nəticəsində Azərbaycanda 1 milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib. Bakı onlara milyardlarla dollar xərcləyib.

Tərəflər arasında 1994-cü ildə imzalanmış atəşkəs müqaviləsinə qədər Ermənistan artıq Azərbaycan ərazisinin 20%-ni işğal etmişdi. Bu işğal 25 ildir davam edir. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamadə Ermənistan silahlı qüvvələrinin işğal altındakı ərazilərdən çıxarılması tələb olunsa da, Ermənistan işğalı bu gün də davam etdirir. Azərbaycan Ordusu 3 il əvvəl uğurlu hücum nəticəsində işğal altındakı ərazilərinin yalnız az bir hissəsini azad edib və 25 ildən sonra bəzi azərbaycanlı ailələr ilk dəfə doğma evlərinə qayıdıblar.

Bu gün Cocuq Mərcanlı kəndi Qafqaz regionunun işıqlı gələcəyinin rəmzidir. Lakin 1992-ci ildə bu yana Azərbaycan müharibə şəraitində yaşayır.

Azərbaycan hökuməti kəndin təhlükəsizliyinin təmin olunmasından sonra burada yeni evlər tikib, dağıdılmış məscidləri, binaları və məktəbi bərpa edib. 1993-cü ildə kəndi tərk etmiş 150 ailə artıq geri qayıdıb. Digər 300 ailə isə yeni evlərin tikilməsilə Cocuq Mərcanlıya qayıdacaq.

Beynəlxalq Humanitar Forumdakı 90 ölkənin nümayəndə heyəti, həmçinin müxtəlif irqlərin və dinlərin nümayəndələri məndə dərin təssürat yaratmışdı. Odur ki, kənd sakinlərinə və ölkənin rəsmi şəxslərinə ruh yüksəkliyilə çox sayda sual ünvanlayırdım.

Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov deyirdi ki, ölkəsi Ermənistanla sülh əldə etmək istəyir. Lakin bunun üçün ilk növbədə Ermənistan Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərini tərk etməlidir.

Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra isə Cocuq Mərcanlı kimi, digər əraziləri də yenidən quracaq, məcburi köçkünləri doğma evlərinə qaytaracaq.

Bu gün postmüharibə dövrünü yaşayan Azərbaycan prezident İlham Əliyevin rəhbərliyi altında Qərb ölkələri kimi inkişaf edir. İndi, burada yalnız irəli baxan müasir dövlət qurulub. Cocuq Mərcanlı kəndi də ölkə liderinin səylərinin nəticəsidir.

Cocuq Mərcanlı kəndindəki əsas yolun sonunda möhkəmləndirilmiş sədd var. Onun digər tərəfi "neytral" ərazidir. Səddən digər tərəfdəkilərin kimliyini soruşdum. Dedilər rus silahları və zirehli vasitələlərilə təmin olunmuş erməni hərbçiləridir. Bir sual da verdim: "Səddən o tərəfə keçsəm və ABŞ pasportunu göstərərək amerikalı olduğumu desəm, aqibətim necə olar?". Cavab: "Onlar səni güllələyərlər".

(İngilis dilindən tərcümə - WorldMedia.Az)