"Məhsul"u qurumuşların qış nağılı:


Siyasət 17 Yan 2019 10:20:51 793 0

"Məhsul"u qurumuşların qış nağılı:

Müsavat Partiyası yanvarın 12-də mitinq keçirmək istəyirdi. Lakin Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) mitinqə icazə vermədi.

Müsavatçılar həbsdə olan bloqer Mehman Hüseynovun azadlığa buraxılmasını tələb etmək niyyətində idilər və baş tutmayan mitinqdə əsas şüar da məhz "Mehmana azadlıq!" olmalıydı.

Olmadı.

AXCP də mitinq keçirmək istəyirdi. Daha doğrusu, AXCP və özünü "Demokratik Qüvvələrin Milli Şurası" adlandıran struktur yanvarın 19-da M.Hüseynovun və "digər siyasi məhbusların" azadlığa buraxılması tələbini mitinqdə səsləndirmək istəyini bəyan etdi.

BŞİH-ə müraciət ünvanlandı.

AXCP sədri Əli Kərimli və "Milli Şura"nın lideri Cəmil Həsənli bu barədə Facebook səhifələrində açıqlamalar verəndən sonra müsavatçılar qeyzləndilər.

Onlar yazdılar ki, BŞİH ayrı-seçkilik edir, bir mitinqə icazə verməyib başqasına rüsxət verir, Əli Kərimliyə verilən icazənin arxasında başqa məramlar durur və s.

Gerçəkdən də, ilk baxışdan maraqlı sayıla biləcək vəziyyətdir.

AXCP ilə "Milli Şura" yanvarın 19-da Yasamal rayonundakı "Məhsul" stadionunda mitinq keçirəcək.

Müsavat Partiysı baş verənləri və bundan sonra yaşanacaq olayların sadəcə, müşahidəçisi statusu ilə kifayətlənmək məcburiyyətindədir.

Amma Arif Hacılının başçılıq etdiyi partiya zahiri laqeydliklə lehimlənmiş sityasi paxıllıq buzunu qıraraq mitinqə də qatıla bilərdi.

Qatılan deyil, çünki son illərdə fəaliyyətləri praktiki olaraq sosial şəbəkələrdə qeybət ilə küçə davası arasında barraj vuran AXCP ilə Müsavat mənsublarının "mehriban" münasibətlərini anlamaq üçün bu iki partiya funksionerlərinin açıqlamalarını oxumaq yetər.

Cəbhəçilər müsavatçıları satqınlıqda və apatiyada, müsavatçılar isə cəbhəçiləri satqınlıqda və intriqalarda suçlayırlar.

İş o yerə çatıb ki, onlar bir-birlərini ən ağır ifadələrlə təhqir etməyi siyasi fəaliyyətin rutinliyi, az qala yeknəsəqliyi saymağa başlayıblar.

Məsələn, Əli Kərimlinin sosial şəbəkə trolları arasında "Müsavatınkı ən uzağı piketdir. Piket keçirməyə nə var ki?! Piket üçün lazım olan insan sayı 50 nəfərdir. Müsavat Partiyası, onsuz da, bundan artıq insan toplaya bilmir" yazan kim, "Müsavat funksionerləri gəlsinlər AXCP-nin qərargahına, mitinq keçirmək üçün təcrübə toplasınlar" rişxəndini bəyan edib gülənlər az deyil.

Bəzi "Əli aşiqləri" Müsavat başqanı Arif Hacılını müxalifətin maraqlarını hakimiyyətlə mübarizənin strategiyası və taktikası çərçivəsindən kənara çıxarmaqda suçlayır, bəziləri virtual başlarını sosial şəbəkələrlə bulayıb yaxırlar ki, bəs Müsavatın belə davranışı "siyasi mübarizə baxımından zərərli"dir.

Həmin kəslərin fikrincə, lokal mübarizə Müsavata yaraşmır. "Siyasi iradəni ortaya qoyub mitinqləri birləşdirmək əhali arasında müxalifəti dəstəkləməyə gətirib çıxara bilər" kimi illüziyalar, sən demə, reallıqdır.

Və AXCP ilə Milli Şuranın "piyada birlik"lərində özlərini az qala ləşkər mənsubu kimi görənlər buyururlar ki, Müsavat mitinqə qatıla bilər, hətta qatılmalıdır da. Orada isə bəlli, Əli Kərimlinin hər pafoslu, çağırışdan daha çox çığırışa bənzəyən şüarından sonra qışqırıb "İstefa!", sonra da nəfəs dərib "Yetər artıq!" deməlidirlər.

Əks halda Arif Hacılı məğlub fiqurdur.

Əslinə baxsaq, "cəbhəçi" bəylərlə "Milli Şura" adlı xəyalı gerçək sayanlar qismən haqlıdırlar: Müsavat Partiyasının təsərrüfat işləri müdiri cənab Hacılı real siyasi mübarizəni sosial şəbəkələrdəki yaşama çoxdan dəyişmiş, çoxu itirdiyindən azı əldən verməməyə çalışan bir zatdır.

O kəs ki, siyasi avantüranın ən bəsit formatını siyasət sayan Cəmil Həsənlinin belə, kölgəsində qalıb.

Cəmil Həsənli də mitinqdə olasıdır və yəqin ki, syiasətçi, prezidentliyə sabiq namizəd qismində hiddətini və qəzəbini izhar edəsidir.

Halbuki C.Həsənli prezident seçkiləri dönəmində proqramı, təşviqat kampaniyası və bu kimi zəruri nəsnələrlə yadda qalmadı. Onun adı çəkiləndə xatirə gələn sadəcə, "Saxlooun!" ifadəsidir.

Əli Kərimli və Cəmil Həsənli aprtıq neçə gündür ki, sosial şəbəkələrdə xalqa ünvanlanmış müraciətlər və çağırışlar yayır, Mehman Hüseynova azadlıq tələb edir, vətəndaşları "Bakıda möhtəşəm mitinq" yapıb hakimiyyəti qorxutmağa çalışırlar.

Qorxan özləri olmalıdır və bunun səbəbi də BŞİH-in onlarla Müsavat arasına fərq qoymasıdır.

Siyasi iflic və təşkilati amneziya durumunda olan Müsavatın özü, təkbaşına AXCP-"Milli Şura" duetindən müxalifət düşərgəsi üçün daha nüfuzludur.

Əli Kərimli bunu anlamır, Cəmil Həsənli də BŞİH-in onlara verdiyi subliminal mesajı dərk etmir. Sivil siyasi mübarizə üsullarından danışmağı çox sevən bu cənablar elə həmin qaydaların kanonik şərtlərinə görə, istefa verməliydilər.

Səbəblər çoxdur və onların arasında ən başlıcası "Məhsul" stadionunda sürəkli mitinqlər təşkil edən AXCP-"Milli Şura" cütlüyünün "tədbir"lərinə ən yaxşı halda 2 min nəfərin yığışmasıdır.

Ötən ilin sentyabrın 28-də 1500, martın 31-də isə 1700 nəfəri "Məhsul"a cəmləməklə "mitinq" keçirdiklərini iddia edən Əli Kərimli və Cəmil Həsənli bu dəfə də əsl fiaskoya məhrumdurlar.

Onlar bloqer Mehman Hüseynova azadlıq tələb edəcəklərini deyirlər. Halbuki bəhs etdiyimiz "müxalifət lider"ləri üçün gənc bloqerin azadlığı maraqlar siyahısında ən son yerdədir.

AXCP-"Milli Şura" tandeminə gənc bloqerin səhhətinin yaxşı olması və ya azadlığı gərək deyil. Əksinə, M.Hüseynovun vəziyyəti nə qədər ağır olarsa, Əli Kərimli siyasi dividentlərini bir o qədər artırmağı, Azərbaycana "demokratik cəmiyyət və insan haqları" vədləri verib ölkəni xaos uçurumuna yuvarlatmaq istəyən təşkilatlar, fondlar və mərkəzlərdən aldığı maliyyə vəsaitinin məbləği bir o qədər çoxaltmağı düşünür.

"Məhsul"dakı mitinq mahiyyət etibarilə AXCP və "Milli Şura"nın siyasi struktur qismində çırpıntıları, "biz də varıq, hələ ölməmişik" xatırlatmasıdır. 

Əli Kərimli və Cəmil Həsənli bu minvalla Qərbdəki "hami"lərini, Azərbaycana patoloji nifrət bəsləyən siyasətçilərə və diplomatları inandırmağa çalışırlar ki, hələ də nəyəsə təsir edirlər, siyasi istifadə müddətləri bitməyib və hətta populyarlıqları da var.

Bir zamanlar kütləvi olan, sonra haqqın rəhmətinə qovuşan mitinqlərin əski qəhrəmanların yaşadıqları vəziyyətin tragikomizmi bəhs etdiyimiz fiqurların qlobal siyasi düzəndəki dəyişiklikləri hiss etməmələridir.

Onlar hələ də Nemət Pənahlı stilindəki tribuna gərdişində qalıblar.

Şarl de Qoll, deyəsən, bu cür siysətçilər barədə demişdi: "Bütün səhvlərinə, kobud sapıntılarına və korafəhm davranışlarına, burunlarından uzağı görməmək "istedad"larına rəğmən onlar heç nə anlamadılar, heç nədən nəticə çıxarmadılar".

Əli Kərimli və Cəmil Həsənli yeni inqilaba, hakimiyyət dəyişikliinə çağırırlar. Halbuki bəşər tarixi göstərir ki, istənilən inqilabdan, qiyamdan və üsyandan sonra hakimiyyəti qəsb edən lümpenlər "xalqa azadlıq, vətəndaşa haqq" desələr də, çox qısa müddətdən sonra vədlərini unudurlar.

Əli Kərimli anlamır ki, hakimiyyətə gəlmək şərt deyil - hakimiyyəti dövlətin qorunmasına və xalqın millət olmasına yönəltmək gərəkdir.

AXCP hakimiyyətdə olanda bunu bacarmadısa, həmin təşkilatın qəlpələrindən birinə rəhbərlik edən Əli Kərimlinin sosial şəbəkə "obyekt"ləri və "Milli Şura"nın səlis danışmağa belə, çətinlik çəkən "lider"i Cəmil Həsənlinin mikroskopik saylı fanatları heç bacarmazlar.

Siyasəti virtual küylə, mübarizəni sosial şəbəkələrdə mədəşüvənliklə səhv salmağın acı nəticələri AXCP və "Milli Şura" liderlərinə heç nə öyrətmədi.

Onlar hələ də sifarişli rəvayət, təhdid və təhqir, lənət və hədə istehsalındadır, təəssüf...

Elçin Alıoğlu Son.az