Bakı küləyi özü ilə "donuz qripi" gətirib?


Digərləri 17 Yan 2019 09:56:00 588 0

Bakı küləyi özü ilə "donuz qripi" gətirib?

"Havalar isti keçəcək, sinoptiklər biabır olacaq", "Bu nəsə hava məsələsinə oxşamır, ölkədə ciddi proseslər gedir", "Külək Gürcüstandan Azərbaycana "donuz qripi" gətirir deyə uşaqları məktəblərə qoymurlar", "Sabah Bakıda terror olacaq, ona görə belə edirlər ki, camaat çölə çıxmasın" və sair və ilaxır...

Camaat axırıncı dəfə 2012-ci ildə belə təşvişə düşmüşdü. Guya ki, Mayya təqviminə görə 21 dekabrda dünya dağılacaqdı. Çoxları da buna inanıb mağazadan xeyli makaron alıb evə yığıb, narahatlıqla dünyanın sonunu gözləyirdi. Hətta hər yerin qaranlığa qərq olacağını düşünərək mağazadakı bütün şamları alanlar da var idi. Lakin Azərbaycanda həmin vaxtlarda tək-tük adamların Whatsapp işlətdiyinə görə vəziyyət çox da gərgin deyildi.

Həmin hadisələrin üstündən 7 il keçsə də, görünür, dəyişən nəsə yoxdur. Yenə ona bənzər panika, eyni vəziyyət. Özü də qış küləyinə görə... Hətta sosial şəbəkələrdə yayılan səslər sayəsində narahatlıqlar daha da artıb.

Ötən gün paytaxtın bir çox yerlərində, xüsusən də Bakı kəndlərinə gedən yollarda tıxac olub. Vahiməyə düşənlər təhlükədən sovuşmaq üçün həyət evlərində gecələməyi üstün tutublar. Bu gün səhər isə, əksinə yollar boş və tıxacsız idi.

Dünən Ekologiya Nazirliyi havanın kəskin dərəcədə soyuq keçəcəyi barədə məlumat yaysa da, Təhsil Nazirliyinin məktəblərin müvəqqəti olaraq bağlanması ilə bağlı qərarından sonra vəziyyət dəyişib. Bunu müxtəlif səbəblərlə əlaqələndirənlər olub. Xüsusən də, Whatsapp vasitəsi ilə xeyli insana mənfi psixoloji təsir edilib. Hətta elə bir vəziyyət yaranıb ki, insanlar nazirliklərin rəsmi açıqlamasına deyil, səs yazısına inanıblar.