Bağırsaqlardakı bakteriyalar insanın bioloji yaşını müəyyənləşdirməyə kömək edəcək
Digərləri 16 Yan 2019 23:54:00 634 0
Bağırsaq bakteriyalarını öyrənən tədqiqatçılar belə bir nəticəyə gəliblər ki, mikrobiom orqanizmin yaşını müəyyən edə bilən dəqiq bioloji saatdır.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, mikrobiomun vaxt getdikcə necə dəyişməsini aydınlaşdırmaqdan ötrü tədqiqatçı Aleks Javoronkov və onun ABŞ-da süni intellekt sahəsindəki startapı olan "InSilico Medicine"dən həmkarları dünyanın ayrı-ayrı yerlərində yaşayan müxtəlif yaş həddində mindən çox sağlam insanlarda 3600 bağırsaq bakteriyası nümunəsini öyrəniblər.
Sonra alimlər göstəricilərin təhlili üçün texniki vasitələrdən istifadə ediblər. Əvvəlcə onlar öz proqramlarını - neyronların beyində necə işləməsini əsas götürməklə dərin təlim alma alqoritmini nümunələrin 90 faizindən götürülmüş 95 müxtəlif bakteriya növü üzərində öyrəniblər. Bundan sonra onlar alqoritmdən insanların yaşını soruşublar. Proqram yaşı dəqiq müəyyən edə bilib. Həm də 95 növ bakteriyadan 39-nun yaşın proqnozlaşdırılmasında daha mühüm olduğu məlum olub.
Javoronkov və onun həmkarları aşkarlayıblar ki, bəzi mikrobların sayı yaş ötdükcə daha çox olur, məsələn, maddələr mübadiləsində mühüm rol oynayan "Eubacterium hallii" kimi. "Bacteroides vulgatus" kimi digərləri isə azalırlar. Onları mədə-bağırsaq traktında iltihab növü sayılan xora koliti ilə əlaqələndirirlər. Tədqiqatın həmmmüəllifi, Harvard Universitetindən olan bioloq, yaşlanmanı tədqiq edən Vadim Qladışev hesab edir ki, qida rasionunda dəyişikliklər, yuxu vərdişləri və fiziki fəallıq onların azalmasına və ya artmasına təsir göstərir.