Əflatun Amaşov: "Media mahiyyətcə dağıdıcılıqdan uzaq durmalı, birləşdirici olmalıdır"


Digərləri 16 Yan 2019 16:23:00 722 0

Əflatun Amaşov: "Media mahiyyətcə dağıdıcılıqdan uzaq durmalı, birləşdirici olmalıdır"

Son.az Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun Trend-ə müsahibəsini təqdim edir.

- Əflatun müəllim, 2018-ci il Mətbuat Şurasının fəaliyyəti baxımından hansı məqamlarla yaddaqalan oldu?

- 2018-ci ildə Mətbuat Şurasının fəaliyyətə başlamasının 15 ili tamam oldu. Ötən 15 il ümumilikdə media ictimaiyyəti üçün uğurlu olub. Şura mətbuatın özünütənzimləməsini həyata keçirir. Konkret funksiya və vəzifələri var. Lakin fikrimcə, əsas məqam qurumun cəmiyyətə, bir növ, media mesajı verə bilməsində və cəmiyyətin ona adekvat reaksiyasındadır. Reaksiya isə var. Çünki Şuraya etimad və inam yaranıb.

Mətbuat Şurasının mövcudluğu o deməkdir ki, cəmiyyətin hərəkətverici qüvvəsi olan jurnalistika özünü təkmilləşdirmək, inkişaf etmək, nöqsan və çatışmazlıqlarını aradan qaldırmaq üçün təşkilatlana bilir. Əslində bu, model və nümunədir. Bəzən vurğulayırlar ki, nə üçün başqa peşə sahiblərinin problemlərini, çatışmazlıqlarını göstərən, ictimailəşdirən qurum yoxdur? Belə söyləyənlər müəyyən mənada haqlıdırlar. Ancaq gəlin, nəzərə alaq ki, media fəaliyyəti ictimai əhəmiyyət daşıyır. Jurnalist əməyi geniş diapazona malikdir. Hər hansı şəxs müəyyən sahədə üzləşdiyi çətinliyi mediada işıqlandırır, jurnalistikanın ədalətinə sığınır. Bu o deməkdir ki, medianın ədalət anlayışı güclü olmalıdır və media peşəkar olduqda güclüdür. Mətbuat Şurasının ötən 15 ildəki fəaliyyəti həm peşəkar jurnalistikanın güclənməsinə, həm peşəkarlığın yeni forma və standartlarının tətbiqinə, həm də peşəkarlığa yad halların aradan qaldırılmasına, cəmiyyətin maraq və mənafelərinin təmin olunmasına yönələn ictimai çağırışdır. Bu çağırış cəmiyyətdə əks-səda doğurubsa, ona dəstək varsa, demək ki, uğur da var.

"İnternet media cəmiyyətin əsas informasiya mənbəyinə çevrilib"

Ötən il Azərbaycan mediası və Mətbuat Şurası baxımından daha bir mühüm hadisə ölkə jurnalistlərinin VII qurultayının təşkili idi. Bildiyiniz kimi, qurultay martın 10-da keçirildi. Ali Məclisdə Şuranın Nizamnaməsinə dəyişiklik edildi, qurumun İdarə Heyətinin tərkibi genişləndirildi, yeni tərkib seçildi, problemlər diqqətə çatdırıldı, qarşıdakı 4 il müddətində onların həlli istiqamətində görüləcək işlər ətrafında müzakirələr aparıldı. Hesab edirəm ki, jurnalistlərin qurultayı yalnız Mətbuat Şurası və media ictimaiyyəti üçün önəm daşımadı, ümumilikdə ölkənin həyatında əlamətdar hadisəyə çevrildi.

Mətbuat Şurası 2018-ci ildə də özünün ənənəvi fəaliyyət istiqamətlərinə sadiq qaldı. Bura başlıca olaraq Şuraya daxil olan şikayətlərin araşdırılması, qərar və rəylərin çıxarılması daxildir.

2018-ci ildə Azərbaycan Mətbuat Şurasına 480 şikayət məktubu daxil olub. Bununla bağlı Şuranın illik hesabatında konkret rəqəmlər açıqlanacaq. Ona görə də yalnız bəzi məqamları qeyd etməklə kifayətlənəcəyəm. Mətbuat Şurasının fəaliyyətdə olduğu ilk illərdə, daha doğrusu, ilk onillikdə şikayətlərin artım dinamikasına ölkənin ictimai-siyasi həyatında baş verən hansısa hadisə, yaxud hadisələr təsir göstərirdisə, artıq bu meyl müşahidə edilmir. Belə vəziyyəti iki cəhətdən dəyərləndirmək mümkündür. Əlbəttə, mediada siyasiləşmə, demək olar, yoxdur. Digər tərəfdən, sosial şəbəkələrin, xüsusən də "Facebook"un rolunu vurğulamaq lazımdır. Hazırda siyasi konfrantasiyalar məhz bu müstəvidə özünü göstərməkdədir.

İnternet media orqanlarının artan çəkisini qeyd etməliyəm. Mətbuat Şurasına daxil olan şikayətlərin əksər hissəsi onlardandır. Bu cəhət düşünməyə vadar edir. Biz vaxtilə qəzetlərin peşə prinsiplərinə zidd fəaliyyətlərinin aradan qaldırılması üçün çalışırdıqsa və müəyyən uğurlar əldə etmişdiksə, internet media orqanlarının total artımı şəraitində əldə etdiyimiz uğurların bəzən sıradan çıxdığının da şahidi oluruq. Deməli, sahəyə daha sistemli yanaşmalıyıq.

"Medianın linç etməsi insanların ədalət ruhunu sarsıdır, hüquqi münasibətlər sisteminə zərbə vurur"

- 2018-ci ili mediamızın inkişafı baxımından necə qiymətləndirirsiniz? Hansı cəhəti fərqləndirmək mümkündür?

- Mediamız kifayət qədər təsir gücünə malikdir. 2018-ci ildə bu təsir daha da artıb. Prinsipcə, bu vacibdir. Media ölkədəki söz və ifadə azadlığının tribunası kimi çıxış etməlidir. Onun missiyası ədalətli olmalıdır.

Ayrı-ayrı məqamları təhlil edəndə görürsən ki, jurnalistika ümumən hadisə və proseslərə ədalətli yanaşır. Yəni belə deyim, haqqında neqativ məlumat yayılan hansısa məmurun, yaxud vəzifəli şəxsin şiddətlə qınanması lazımdır. Amma media linç yox, tənqid etməlidir. Tənqid konkret fakta əsaslanmalı, yaradıcılıq məhsulu olaraq ortaya çıxmalıdır. Medianın linç etməsi insanların ədalət ruhunu sarsıdır, hüquqi münasibətlər sisteminə zərbə vurur. Nəticədə kütlə psixologiyasının dominant mövqe qazanmasına şərait yaranır. Bu, olduqca ziyanlı tendensiyadır.

Media mahiyyətcə dağıdıcılıqdan uzaq durmalı, birləşdirici olmalıdır. O, kütlə yaratmamalıdır. Çünki kütlə prinsipləri, bütövlükdə dəyərləri darmadağın edir. Yaxın Şərqdə baş vermiş bir sıra siyasi proseslər sonrası biz bunun şahidi olduq.

- Buna yalnız media diqqət yetirməlidir?