"Xəzər Dəniz Gəmiçiliyi" hava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib


Digərləri 16 Yan 2019 15:57:00 753 0

"Xəzər Dəniz Gəmiçiliyi" hava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO) Xəzər dənizi akvatoriyasında və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar bir sıra qabaqlayıcı təhlükəsizlik tədbiri həyata keçirib.

Bakı. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO) Xəzər dənizi akvatoriyasında və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar bir sıra qabaqlayıcı təhlükəsizlik tədbiri həyata keçirib. Qurumdan Trend-ə verilən məlumata görə, ASCO-nun tabeliyində olan gəmilərə hava şəraitinin kəskin dəyişəcəyi və görülməli olan tədbirlər barədə yazılı məlumat göndərilib, müvafiq tapşırıqlar verilib. Bütün gəmilərin kapitanlarına tapşırılıb ki, hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar görülməli olan təhlükəsizlik tədbirləri barədə verilmiş tapşırıqlara ciddi əməl etsinlər. Bundan başqa, əlaqədar strukturlara körpülərdə dayanmış bütün gəmi və digər üzən vasitələrin təhlükəsizliyinin təmini məqsədilə onların bərkidilməsinin yoxlanılması, yararsız kəndir və burazların yenisi ilə əvəzlənməsinin təşkili, körpülərdən gəmiyə verilmiş keçid traplarının yığışdırılmasının təmini və digər zəruri tapşırıqlar verilib. Eyni zamanda, baş verə biləcək fövqəladə hadisə ilə əlaqədar dərhal müvafiq tədbirlərin görülməsi məqsədilə donanmalar tərəfindən hər rayon üzrə növbətçi gəmilər təyin olunub.