Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yaydı
Digərləri 16 Yan 2019 14:13:00 633 0
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yayıb.
Son.az xəbər verir ki, QMİ-dən Trend-ə verilən məlumata görə, bəyanatda deyilir:
"Azərbaycan xalqına qarşı dəhşətli cinayət - tarixi yaddaşımıza dərin hüzn, eyni zamanda, milli qürur və qəhrəmanlıq məktəbi kimi həkk olunmuş Qanlı Yanvar faciəsinin 29-cu ildönümü ərəfəsindəyik. Şəhidlərimizin əziz xatirəsi qarşısında illərdən bəri ürəklərimizdə gəzdirdiyimiz vətəndaşlıq qüruru, qan yaddaşımızı əsrlər belə silmək iqtidarında deyil. Azərbaycan dövlətçilyinin bərpası uğrunda qurban getmiş, Allah-təala nəzərində ən yüksək məqamlardan sayılan şəhidlik zirvəsinə ucalmışlara xalqımızın ehtiramı tükənməz, əbədidir.
Qan yaddaşımızda əbədi yaşayacaq 20 Yanvar günü bütün faciəsi ilə yanaşı xalqımızın milli müstəqillik, azadlıq uğrunda şəhidliyə hazırlıq ruhunun və yenilməz iradəsinin rəmzinə çevrilmişdir. 20 Yanvar bizi müstəqilliyə, milli-mənəvi və dini dəyərlərin bərpasına aparan yolun ilk mübarizəsi və ilk mənəvi qələbəsi oldu. Təpədən dırnağadək silahlanmış sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız diz çökmədi, azadlıq əzmini itirmədi, əksinə, haqq səsini daha da yüksəkdən bəyan etdi. Azərbaycanın taleyi, hətta dövləti varlığı şübhə altında olduğu bir vaxtda bu səsi ilk olaraq Moskvadan xalqımızın mərd oğlu, müdrik dövlət xadimi Heydər Əliyev ucaltdı, ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirdi. O, qanlı cinayətin təşkilatçılarını qəzəblə ittiham etdi, törədilmiş hadisəni hüquqa, demokratiyaya, humanizmə zidd təxribat kimi səciyyələndirdi. Bakıda isə dini lider - Şeyxülislam keçmiş SSRİ Prezidenti Mixail Qorbaçova göndərdiyi qəzəb, ittiham dolu açıq məktubunda hadisələrə sərt və prinsipial münasibətini bildirdi. Siyasi liderimizin və dini rəhbərimizin kəskin mövqeləri xalqı ruhlandırdı, səfərbər edərək birləşdirdi. Bir milyondan artıq insan təqiblərdən, hətta ölümdən belə qorxmayaraq şəhərin baş meydanına axışdı, azadlıq ugrunda qurban getmiş şəhidləri müqəddəs Vətən torpağına tapşırdı. Beləliklə, qanlı 20 Yanvar faciəsi müstəqil Azərbaycan dövlətinin tarixinə xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi olaraq həkk olundu.
O zamankı ölkə rəhbərlərinin ictimai-siyasi vəziyyəti düzgün dəyərləndirə bilməməsi, səriştəsizliyi səbəbindən lazımi qiymətini almamış 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan Parlamentində verildi. Qafqaz Müsəlmanları İdarəsi, öz növbəsində, qanlı hadisələrin ilk günündən var qüvvəsi ilə çalışdı ki, Qarabağ münaqişəsinin davamı olan 20 Yanvar faciəsini dünya ictimaiyyətinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırsın, haqq işimizə dəstək qazansın, törədilən cinayət insaniyyətə qarşı yönəldilən amansız cinayət tədbiri kimi qiymətləndirilsin. Bu məqsədlə İdarə dünya parlamentlərinə, dini liderlərə və dövlət başçılarına xüsusi müraciət ünvanladı və bu müraciət beynəlxalq aləmdə böyük rezonans doğurdu.