"SOCAR karbamid" zavodu ölkəyə hər il 160 milyon dollar əlavə gəlir gətirəcək FOTO


Digərləri 16 Yan 2019 13:45:00 671 0

"SOCAR karbamid" zavodu ölkəyə hər il 160 milyon dollar əlavə gəlir gətirəcək  FOTO

Yanvarın 16-da Sumqayıtda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilən "SOCAR karbamid" zavodu ölkəyə hər il 160 milyon dollar əlavə gəlir gətirəcək.

Bu barədə Son.az Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) istinadən məlumat verir.

Karbamid zavodu planlı və mərhələli şəkildə ərsəyə gətirilən böyük dəyər zəncirinin bir hissəsidir. Zavod il ərzində 435 milyon kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə, 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir.

Zavodun istehsala başlaması azot gübrəsi idxalına ehtiyacı aradan qaldıracaq, bununla da ölkənin xarici valyuta xərcləri azalacaq.

Karbamid gübrəsi ən yüksək azot tutumuna malikdir və buna görə də ən keyfiyyətli azot gübrəsi hesab olunur. Suda tez həll olma qabiliyyətinə görə seçilən bu gübrə növü ammonyak və karbon dioksidin sintezi nəticəsində əldə edilir. Karbamidə tələbat onun aşağı maya dəyəri, qənaətcil daşınması, rahat tətbiqi və kənd təsərrüfatında yüksək məhsuldarlığı ilə əlaqədardır. Bu məhsul digər kimyəvi maddələrin istehsalında və əczaçılıqda da geniş istifadə olunur.


Xəbərə aid fotolar