Dövlət və bələdiyyə ali məktəblərinin nümunəvi nizamnaməsi təsdiqləndi


Digərləri 16 Yan 2019 09:07:58 484 0

Dövlət və bələdiyyə ali məktəblərinin nümunəvi nizamnaməsi təsdiqləndi

Nazirlər Kabineti "Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin nümunəvi Nizamnaməsi"ni təsdiqləyib.

Son.az Trend-ə istinadən xəbər verir ki, nizamnaməyə əsasən, ali təhsil müəssisəsi ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq səviyyələr üzrə ali təhsil, habelə orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, "Elm haqqında" qanununa əsasən fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan publik hüquqi şəxsdir.

Bələdiyyə tərəfindən ali təhsil müəssisəsini müvafiq bələdiyyə yaradır.

Dövlət ali təhsil müəssisəsinə Azərbaycan Prezidentinin müəyyən etdiyi səlahiyyətlər çərçivəsində muxtariyyət hüququ (statusu) verilə bilər. Muxtariyyət hüququna malik ali təhsil müəssisəsi qanunvericiliyə və öz nizamnaməsinə uyğun olaraq, tədris, elmi tədqiqat, kadr, maliyyə-təsərrüfat və digər fəaliyyəti həyata keçirməkdə sərbəstdir.

Ali təhsil müəssisəsinin fəaliyyətinə lisenziya "Lisenziyalar və icazələr haqqında" və "Təhsil haqqında" qanunlarına uyğun olaraq verilir.

Ali təhsil müəssisəsində siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir.

Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsində təhsil dövlət hesabına və (və ya) ödənişli, bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsində təhsil bələdiyyə hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir.