Alimlər: Qlobal ekoloji fəlakət yaxınlaşır


Digərləri 16 Yan 2019 08:20:00 494 0

Alimlər: Qlobal ekoloji fəlakət yaxınlaşır

ABŞ-ın Kaliforniya Universitetinin alimləri müəyyən ediblər ki, Antarktidada buzlar qırx il əvvəl olduğundan altı dəfə çox əriyir. Ərimə prosesinin güclənməsi yaxın on ildə dənizlərin səviyyəsinin qalxmasına səbəb ola bilər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 1979-1989-cu illərdə Antarktidada hər il 40 milyard ton buz əriyib. 2009-cu ildən isə bu rəqəm 252 milyard tona çatıb. Dənizlərdə suyun səviyyəsinin bir millimetr qalxması üçün 360 milyard ton buzun əriməsi lazımdır. Alimlər bildirirlər ki, hətta daha dayanıqlı ərazi sayılan Cənub qütbü də qlobal istiləşmənin təsirinə məruz qalıb.

Tədqiqatçıları narahat edən odur ki, karbon qazının emissiyasının artması qlobal fəlakəti daha da yaxınlaşdırır. Onlar əlavə ediblər ki, 2100-cü ildə Yer kürəsində qlobal quraqlıq, isti, güclü tufanlarla yanaşı, dəniz səviyyəsinin 1 metr qalxması da gözlənilir. Bu, insanların yaşadığı adaların, o cümlədən Maldiv və Seyşelin su altında qalmasına, şirin su mənbələrinin yox olmasına gətirib çıxaracaq. XX əsrin əvvəlindən etibarən dənizlərin səviyyəsi 20 santimetr artıb.