Dubayda Azərbaycan Ticarət Evi açıldı FOTO


Digərləri 15 Yan 2019 22:36:00 391 0

Dubayda Azərbaycan Ticarət Evi açıldı  FOTO

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizdə istehsal olunan məhsulların ixracının təşviqi və genişləndirilməsi, "Made in Azerbaijan" brendinin xarici ölkələrdə tanıdılması, satışının təşkili və əlaqələndirilməsi məqsədilə xarici ölkələrdə ticarət evlərinin yaradılması prosesi davam etdirilir.

İqtisadiyyat Nazirliyindən Son.az-a verilən məlumata görə, yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində yerləşən məşhur "The Mall" Ticarət Mərkəzində "Azərbaycan Ticarət Evi" açılıb.

Məlumatda qeyd olunur ki, Nazirlik tərəfindən yaradılmış Azərbaycan Ticarət Evi "Made in Azerbaijan" brendinin BƏƏ bazarında daha çox tanıdılmasına, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərəcək, yerli məhsullarımızın bu ölkədə satışını təşkil edəcək, sahibkarlar arasında bu sahədə əlaqələndirməni həyata keçirəcək.

Ticarət Evində Azərbaycan şirkətlərinin müxtəlif növ məhsullarının sərgisi təşkil olunub. Daimi fəaliyyət göstərəcək sərgidə 33 Azərbaycan şirkətinin istehsal etdiyi 600-dən çox məhsul, o cümlədən meyvə və tərəvəzlər, quru meyvələr, fındıq, çay, mürəbbə, meyvə şirələri, mineral sular, limonadlar, konserv məhsulları, bitki yağları, süd və süd məhsulları, qənnadı məmulatları, kosmetik məhsullar və sair nümayiş etdirilir. Ticarət Evində Azərbaycanın zəngin mətbəxini təqdim edən restoran da fəaliyyət göstərir.

Azərbaycan Ticarət Evinin fəaliyyətə başlaması ilə əlaqədar keçirilən tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti, BƏƏ-nin rəsmi şəxsləri və iş adamları iştirak edib.

Ş.Mustafayev BƏƏ-də Azərbaycan Ticarət Evinin açılmasının dövlət başçılarının ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına verdikləri böyük önəmin, Birləşmiş Ərəb Əmirliklərində Azərbaycan məhsullarına olan marağın göstəricisi olduğunu vurğulayıb. Bildirib ki, qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələri uğurla inkişaf edir.

Nazir qeyd edib ki, Azərbaycanın xarici ölkələr üzrə ilk ticarət nümayəndələrindən biri də məhz Birləşmiş Ərəb Əmirliklərinə təyin edilib, 2017-ci və 2018-ci illərdə Dubay, Əbu-Dabi və Şarca şəhərlərinə ixrac missiyaları təşkil olunub: "Hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, nəqliyyat, xidmət sahələrində 290 BƏƏ şirkəti fəaliyyət göstərir. İndiyədək Azərbaycanla BƏƏ arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 30-dan çox sənəd imzalanıb".


Xəbərə aid fotolar