Ekspert: "İslahatlar dövlət idarəçiliyinin indiki vəziyyətini sosialiqtisadi inkişafın mövcud səviyyəsinə uyğunlaşdıracaq"


Siyasət 15 Yan 2019 15:59:00 761 0

Ekspert: "İslahatlar dövlət idarəçiliyinin indiki vəziyyətini sosialiqtisadi inkişafın mövcud səviyyəsinə uyğunlaşdıracaq"

"İslahatların mühüm xüsusiyyətlərindən biri dövlət idarəçiliyinin indiki vəziyyətini sosial-iqtisadi inkişafın mövcud səviyyəsinə uyğunlaşdırmaqdır".

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, o idarəçilik strukturları uzunömürlü və dinamik olur ki, kənardan tövsiyə, təkan və ya təzyiq gözləmədən islahatların zəruriliyini vaxtında görür və uyğun addımlar atır:

"Prezident İlham Əliyevin struktur islahatları ilə bağlı yeni fərmanlarını bu kontekstdə dəyərləndirmək lazımdır. Dövlət başçısı yanvarın 11-də Nazirlər Kabinetinin iclasında bəyan etdi ki, idarəçilik strukturlarında köhnəlmə olduğu üçün islahatlar aparmaq zərurəti var. Ardınca isə idarəçilik strukturunun ilk islahat sənədi rəsmən elan edildi. Bu o deməkdir ki, cənab Prezident dövlət idarəçilik sisteminin gündəlik iş rejimi üzərində ardıcıl müşahidə və təhlillər aparır, gərəkli müdaxilələr edərək vaxtında prinsipial qərarlar qəbul edir. Prezident İlham Əliyev Azərbaycandakı sistemin öz-özünü təkmilləşdirmək qabiliyyətinə malik olduğunu növbəti dəfə göstərdi. Ləğv olunan, hüquqi statusu dəyişdirilən və yeni yaradılan qurumlar idarəçiliyin səmərəliliyini artırmaq və nisbətən az resurslar əsasında daha böyük nəticələr əldə etmək məqsədi daşıyır. Daha dəqiq desək, məqsəd illərdən bəri davam edən sosial-iqtisadi inkişaf proseslərinin ortaya çıxardığı idarəçilik boşluqlarını daha optimal variantlarla doldurmaqdır. Beləliklə, Prezidentin həyata keçirməyə başladığı struktur islahatlarının ilk dəyərli özəlliyi sistemin özünü təkmilləşdirmək qabiliyyətində olmasını nümayiş etdirməsidir".

Baş redaktor deyib ki, başlanmış islahatların mühüm xüsusiyyətlərindən biri dövlət idarəetmə strukturunun indiki vəziyyətini sosial-iqtisadi inkişafın mövcud səviyyəsinə uyğunlaşdırmaqdır: "Prezident indiki islahatla onu da nümayiş etdirir ki, Azərbaycanda idarəçilik strukturu ilə sosial-iqtisadi inkişaf təmayülü bir-birini tamamlayır, bir-birinə təkan verir və bir-birinin çatışmayan, zəif nöqtələrini üzə çıxara bilir. Məhz bu xüsusiyyət Azərbaycanda idarəçilik strukturunun uzunömürlüyünü təmin edən çox möhkəm şərtlərdən biridir. Struktur islahatları ilə bağlı qərar əsaslı elmi-nəzəri və praktiki təhlillərin yekunu olaraq meydana çıxıb".

A.Quliyev əlavə edib ki, başlanmış struktur islahatlarının xüsusiyyətlərindən biri də ölkədə biznes mühitini daha da yaxşılaşdırmaq, mövcud strukturların fəaliyyətini əsasən sağlam rəqabətli bazarın tələblərinə uyğunlaşdırmaq, strukturların fəaliyyətinə kənar, lüzumsuz müdaxilələri sıfıra endirmək və nəticədə inkişaf proseslərinin bazar və dövlət tənzimlənməsi arasında ən optimal balans nöqtəsini tapmaqdır:

"Daha vacib məqamlardan biri kimi onu da deyək ki, islahatlar mütləq olaraq ölkənin qeyri-neft sektorunda başlanmış inkişaf meyillərini daha da gücləndirməyi hədəfləyib. Cənab Prezident idarəçilik islahatlarının davamlı prosesə çevrildiyini praktik olaraq göstərdi. Məlumdur ki, 2018-ci ildə ölkəmizin iqtisadi və sosial sektorunda bir sıra dərin və əhatəli islahatlar aparılıb. Bu islahatların həqiqətən çox ümidverici olduğunu beynəlxalq maliyyə qurumları da inamla bəyan etdilər. Prezidentin struktur-idarəetmə islahatları həm də ötənilki sosial-iqtisadi islahatların bu il daha böyük nəticələr verməsinə yeni imkanlar açmaq baxımından əhəmiyyətlidir. İndi heç bir şübhə yoxdur ki, 2018-ci ildəki islahatlar həqiqətən bu il daha böyük nəticələr verəcək".