Şərqi Avropa və postsovet məkanında təhlükəsizlik məsələləri


Digərləri 15 Yan 2019 15:23:00 729 0

Şərqi Avropa və postsovet məkanında təhlükəsizlik məsələləri

Bu gün Bakıda Topçubaşov Mərkəzinin təşkilatçılığı ilə "Topçubaşov Təhlükəsizlik Konfransı: Şərqi Avropada və post-sovet məkanında təhlükəsizlik məsələləri” adlı konfrans keçirilib.

 

Son.az Trend-ə istinadən xəbər verir ki, konfransda xarici və yerli siyasi ekspertlər və digər qonaqlar iştirak edib. Konfrans çərçivəsində "Şərqi Avropa ölkələrinin təhlükəsizlik strategiyalarının qiymətləndirilməsi" və "c: sərhədlərdə təhlükəsizliyin balanslaşdırılması" mövzularında panel müzakirələri keçirilib.

Müzakirələrdə çıxış edən almaniyalı siyasi ekspert Andreas Umland sovet dövründə bu birliyə daxil olan ölkələrin millətçiliyə məruz qaldığını ifadə edib. O qeyd edib ki, sovet hakimiyyəti dağılandan sonra Şərqi Avropada yeni koalisiyaların yaranmasına, post-sovet ölkələrinin NATO və Avropa Birliyi kimi beynəlxalq təşkilatlara üzv olmasına şərait yarandı.

Almaniyalı ekspert bildirib ki, bundan sonra post-sovet ölkələri öz iqtisadiyyatlarını, siyasətlərini, təhlükəsizlik strukturlarını yenidən qurmağa başladı, lakin sovet hakimiyyəti dağıldıqdan sonra yaranan münaqişələr səbəbindən bir sıra ölkələrin təhlükəsizliyi ilə bağlı problemləri meydana çıxdı. A.Umland vurğulayıb ki, sovet hakimiyyəti dağıldıqdan sonra Azərbaycan ilə Türkiyə arasında əlaqələr quruldu. O bildirib ki, Türkiyə NATO-nun üzvü olduğu üçün bu əməkdaşlıq təhlükəsizliyin təmin olunmasına öz təsirini göstərdi.

Daha sonra çıxış edən polşalı siyasi ekspert Adam Rixard qeyd edib ki, sovet rejimi dağıldıqdan sonra sovet qoşunları Polşadan çıxdı və Polşa NATO-ya qoşuldu: "Polşa özünün təhlükəsizlik strukturunu formalaşdırdı. Şərqi Avropa ölkələrinin təhlükəsizliyi Polşa üçün mühüm əhəmiyyət kəsb edir. Polşa təhlükısizlik məsələləri ilə bağlı qonşu ölkələrlə və tərəfdaşları ilə əməkdaşlığa böyük önəm verir".

A.Rixard vurğulayıb ki, Rusiyanın Ukraynaya qarşı aqressiyası regionda təhlükəsizliyə təhdidlər yaradır. O bildirib ki, Polşa Rusiya ilə həmsərhəd olduğu üçün bu ölkənin də təhlükəsizliynə təhdidlər yaranır.