Nazirlik: "Aqrar Xidmətlər Agentliyinin yaradılması optimallaşmanı təmin edəcək"


Digərləri 15 Yan 2019 15:25:00 433 0

Nazirlik: "Aqrar Xidmətlər Agentliyinin yaradılması optimallaşmanı təmin edəcək"

"Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi aqrar siyasətin tərkib hissəsidir.

Son.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, aparılan aqrar islahatlar kənd təsərrüfatının davamlı və uğurlu inkişafını təmin edir.

Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş 4 qurumun - Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Aqrar Xidmətlər Agentliyi yaradılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi baytarlıq və fitosanitar xidmətlərin təşkilini, idarə edilməsini və keyfiyyətinə nəzarəti; kənd təsərrüfatı texnikasının qeydiyyatını, texnikaya nəzarət fəaliyyətini və bu sahədə dövlət xidmətlərini; aqrokimya, toxum və bioloji laboratoriyalar, sort sınaq məntəqələri, toxum sertifikatlaşma mərkəzlərində xidmətlərin təşkili və göstərilməsinə nəzarəti həyata keçirəcək.

Ləğv olunan qurumların digər funksiya, hüquq və vəzifələri də yeni Agentliyə keçir.

Nazirliyin tabeliyində olmuş 4 qurumun əsasında Aqrar Xidmətlər Agentliyinin yaradılması optimallaşmanı, çevik və səmərəli idarəetməni təmin edəcək. Həyata keçirilən islahatlar aqrar sektorda innovativ həllərin tətbiqinə imkan verəcək, elektron xidmətlərə keçidi sürətləndirəcək və şəffaflığı daha da artıracaq.

İslahatlar nəticəsində aqrar xidmətlərdə vahid standartlar tətbiq olunacaq. Bu addımlar dövlət xidmətlərini fermerlər üçün daha əlçatan edəcək. Xidmətin keyfiyyətinə daim nəzarət olunacaq.