“Azərsilah”dan sonra nə dəyişəcək?


Digərləri 15 Yan 2019 14:55:00 465 0

“Azərsilah”dan sonra nə dəyişəcək?

Müdafiə Sənayesi Nazirliyi yarandığı dövr üçün, sözsüz ki, lazımlı idi. Üstündən bir müddət keçəndən sonra ölkə rəhbərliyi hesab edir ki, idarəetməni təkmilləşdirmək üçün zamanın tələbinə uyğun addımlar atılmalıdır. Mən də bu cür addımların qəti tərəfdarıyam.

Son.az xəbər verir ki, bunu qafqazinfo-ya açıqlamasında hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov Müdafiə Sənayesi Nazirliyinin ləğv edilməsinə münasibət bildirərkən deyib. 

Ekspert hesab edir ki, "Azərsilah" konkret olaraq Azərbaycanın silah sənayesi ilə məşğul olacaq: "Çünki Müdafiə Sənayesi Nazirliyi təkcə mövcud hərbi təyinatlı qurum deyildi. Bu qurum mülki xarakterli məhsullar da istehsal edirdi. 1200-dən artıq məhsulu var idi. İndi həmin məhsulları Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xətti ilə istehsal da etmək olar.

Müdafiə Sənayesi Nazirliyinin ləğvini "vəzifələrinin öhdəsindən gəlmədilər" kimi məqamlarda da axtarmaq lazım deyil. Nazirlik Azərbaycan iqtisadiyyatında böyük uğurlara imza atıb. O cümlədən yeni yaranan "Azərsilah" adlı qurum da bundan sonra silah-sursat istehsalı ilə məşğul olacaq və Azərbaycanı dünyada keçirilən hərbi sərgilərdə təmsil edəcək. Bundan əlavə, məhsulların dünya bazarına çıxarmaq üçün əlavə imkanlar əldə edəcək".