Abşeronda paleolit dövrünə aid yeni abidələr tapıldı FOTO


Digərləri 15 Yan 2019 14:07:00 392 0

Abşeronda paleolit dövrünə aid yeni abidələr tapıldı  FOTO

Bakının Balaxanı və Məhəmmədi qəsəbələri arasında - Qırməki adlanan sahədə daş dövrünə aid çox sayda alətlərin aşkar olunması Abşeronda qədim məskunlaşma məskəninin olması məsələsi ilə bağlı bəzi mübahisəli məsələlərə aydınlıq gətirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, "Abşeron arxeoloji ekspedisiyası"nın rəhbəri, tarix üzrə fəlsəfə doktoru İdris Əliyev bildirib ki, paleolit dövrünə aid tapıntıların azlığı və bölgədə bu dövrə aid məskənlərin aşkar olunmaması səbəbindən Abşeronda qədim məskunlaşma məsələsinin sübüt edilməsi bu günlərədək mübahisəli olaraq qalırdı:

"2003-cü ildə Yeni Suraxanının qərbində yuxarı paleolit (Qədim daş) dövrünə aid materiallar aşkar edildi. Lakin buradan aşkar edilmiş materialların sayca az olması, sonradan təsərrfüfat və torpaq işlərinin aparılması nəticəsində ərazinin arxeoloji tədqiqatlar üçün yararsız hala düşməsi Abşeronda paleolit dövrü antropogenez probleminin qoyulması üçün kifayət etmirdi".

Ekspedisiya rəhbəri qeyd edib ki, 2018-ci ilin dekabr ayında "Abşeron arxeoloji ekspedisiyası"nın bölgədə apardığı kəşfiyyat işləri zamanı Balaxanı və Məhəmmədi qəsəbələri arasında - Qırməki adlanan sahədə daş dövrünə aid çox sayda alətlər aşkar olundu.

İ.Əliyevin bildirdiyinə görə, alətlər böyük sahədə tapıldığından burada qədim dövrə aid düşərgənin yerləşməsi istisna edilmir. Aşkar edilmiş iti uclu qaşov, kəsici alətlər, miniatür əl çapacaqları çaxmaq və andezit daşından hazırlanıb. Abşeronun paleocoğrafiyası aşkar edilmiş abidənin yerləşmə topoqrafiyası ilə ziddiyyət təşkil etmir.