"Sənaye Korporasiyasının fəaliyyətinin əsas məqsədi istehsal potensialının gücləndirilməsinə nail olmaqdır"


Digərləri 15 Yan 2019 11:15:37 473 0

"Sənaye Korporasiyasının fəaliyyətinin əsas məqsədi istehsal potensialının gücləndirilməsinə nail olmaqdır"

Son.az Trend-ə istinadən "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadəylə müsahibəni təqdim edir:

- Bu yaxınlarda "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin bir ili tamam oldu. Zəhmət olmasa, bu müddət ərzində görülən işlər haqqında məlumat verərdiniz.

- Xatırladım ki, "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 06 noyabr 2017-ci il tarixli fərmanına əsasən yaradılıb. Korporasiyanın yaradılması ölkə iqtisadiyyatının gələcək inkişafı istiqamətində atılan mühüm addımlardandır. Korporasiyanın fəaliyyətinin əsas məqsədləri dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, idarəçiliyində olan müəssisələr arasında əlverişli kooperasiya əlaqələri yaratmaq, istehsal potensialının gücləndirilməsinə nail olmaqdır.

Ötən il ərzində "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyəti sənaye məhsulları istehsalının həcminin və keyfiyyətinin artırılmasına, ölkədə, əsasən də regionlarda yeni iş yerlərinin yaradılması yolu ilə əhalinin maddi rifahının yüksəldilməsinə yönəlmiş mühüm silsilə tədbirlər həyata keçirib.

Hazırda ASC tərəfindən qeyri-neft sektorunun müxtəlif sahələrini əhatə edən 17 törəmə müəssisə yaradılıb. Bunlardan sosial-iqtisadi əhəmiyyət kəsb edən bir sıra müəssisələri, o cümlədən "Azərpambıq ASK" MMC-ni, "Azəripək" MMC-ni, "Azəralüminium" MMC-ni, "ASK Şüşə" MMC-ni, "Azərtütün ASK" MMC-ni və digərlərini göstərmək olar. Pambıqçılıq sahəsində idarəetmə strukturu dəyişilib, maddi-texniki baza yenilənib, yeni pambıqyığan kombaynlar alınıb. Bundan əlavə, "Azərpambıq ASK" MMC üzrə 2018-ci il mövsümündə respublikanın 14 rayonunda 29,0 min hektarda pambıq əkini aparılıb və bu günə qədər 51 min ton xam pambıq tədarük edilib.

Bir il ərzində tütünçülük sahəsində də mühüm addımlar atılıb. Belə ki, rəsmi statistik məlumatlara əsasən, 2018-ci ildə ölkə üzrə 3400 hektar tütün əkilib, fermerlərdən 38 mindən çox yaş tütün satın alınıb. Xüsusilə qeyd etmək lazımdır ki, "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin dəstəyi və birbaşa təşkilatçılığı ilə 2350 hektarda tütün əkilib, 20 700 ton yaş tütün tədarük edilib, 226 fermerə 4,3 milyon manat vəsait ödənilib. Bu göstəricilər ötən illə müqayisədə xeyli yüksəkdir. Eyni zamanda, Balakən rayonunda fermerlərin ehtiyaclarını təmin etmək üçün 2018-ci ildə müasir tələblərə və standartlara cavab verən 60 kameradan ibarət tütünqurutma məntəqəsi qısa müddət ərzində tikilərək tam istifadəyə verilib. Hazırda "Azərtütün ASK" MMC-nin Balakən, Zaqatala, Qax və Şəki rayonlarında 236 ədəd odla qurutma kamerası, anbar və ofis binaları, habelə zəruri infrastruktura malik 4 quru tütün istehsalı məntəqəsi, Zaqatala rayonunda isə bir tütün emalı zavodu fəaliyyət göstərir. Ümumilikdə, "Azərtütün ASK" MMC və onun strukturuna daxil olan müəssisə və obyektlərdə 153 daimi iş yeri var, mövsümdə isə 550-600 nəfər müvəqqəti işə cəlb edilir.

Korporasiyanın alüminium və şüşə məmulatları istehsalı sahələrinin modernləşdirilməsi işləri davam edir və bu müəssisələrin strateji inkişaf planı hazırlanır.

- 2019-cu ildə "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin qarşısında hansı prioritet məsələlər dayanır? Cari ildə Korporasiyanın nəzdində olan törəmə müəssisələrin sayının artırılması planlaşdırılırmı?

- Bu il prioritet məsələlərdən biri kimi, "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan törəmə müəssisələrin sayının artırılması və mövcud müəssisələrin inkişaf strategiyasının hazırlanması nəzərdə tutulur. Biz bu istiqamətdə ciddi iş aparırıq. "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin tərkibinə müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələr daxildir. Bu strategiya müxtəlif istiqamətlər üzrə hazırlanacaq və hökumətə təqdim olunacaq. "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin əsas məqsədi bu müəssisələrin rentabelliyini yüksəltmək, istehsalını genişləndirmək, onlar arasında əməkdaşlığı gücləndirməkdir. Bu, yeni iş yerlərinin açılması, sosial məsələlərin həlli, Azərbaycan məhsullarının ixracının artması, eləcə də idxal olunan məhsulun yerli məhsulla əvəz olunması deməkdir.

Əlbəttə ki, yeni qurulmuş müəssisələrdə hesabatlılıq yüksək səviyyədə olmalı, müasir tələblərə cavab verməlidir. Bu baxımdan maliyyə uçotu, maliyyə nəzarəti və maliyyə auditinin təşkili prioritet istiqamətlərdən biridir. Korporasiyanın nəzdində olan bir çox müəssisələrdə "1C8.3 Korporasiya" proqramının tətbiq olunması bu yöndə atılan addımlardan sayıla bilər. Bildiyimiz kimi, hər hansı bir proqramın tətbiqi biznes proseslərinin təsvirini, onların təhlilini, yaxşılaşdırılmasını tələb edir və nəticədə sənəd dövriyyəsində şəffaflığa nail olmaq imkanı yaradır. Bu mövzu ilə bağlı bizim üçün prioritet məsələlərdən biri olan müasir korporativ idarəetmə prinsiplərindən də söz açmaq istərdim. Korporasiyanın və onun törəmə müəssisələrinin strukturu, işçilərin vəzifələri, məsuliyyəti, hesabatlılığı həmin idarəetmə prinsipləri əsasında qurulmalıdır. Deyə bilərəm ki, biznes proseslərinin səmərəli təşkili təchizatdan başlayaraq satışa kimi yaxşılaşmaya doğru gedir və məsrəflərin azalması, daha səmərəli idarəetmə üsullarının tətbiqi ilə nəticələnəcək.

- Korporasiyanın nəzdində fəaliyyət göstərən törəmə müəssisələrin inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində qeyri-neft sektorunda hansı dəyişikliklərin baş verməsini proqnozlaşdırmaq olar?

- Qeyd edim ki, Nazirlər Kabinetinin ötən ilin 9 ayında ölkənin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında cənab Prezident İlham Əliyev iqtisadiyyatda əldə olunmuş uğurlarda qeyri-neft sektorunun inkişaf templərini yüksək qiymətləndirmiş və onun sürətləndirilməsi üçün geniş imkanların mövcudluğunu vurğulamışdır. Təbii ki, bu sahələrin inkişafında cənab Prezidentin təşəbbüsü ilə yaradılmış "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin də payı var. Eyni zamanda, qeyri-neft sektoru sahələrinin inkişaf etdirilməsi hədəfi təşkilatımızın qarşısında mühüm vəzifələr qoyur. Artıq qeyd etdiyim kimi, hazırda "Azərbaycan Sənaye Korporasiyası" ASC tərəfindən təsis edilən, qeyri-neft sektorunun müxtəlif sənaye sahələrini əhatə edən 17 törəmə müəssisə fəaliyyət göstərir. Təsis olunduğu vaxtdan başlayaraq, bu müəssisələrdə korporativ idarəetmə və onun tərkib hissəsi olan hesabatlılıq sistemi qurulub. Bu da öz növbəsində, maliyyə axınları üzərində nəzarəti gücləndirməyə, proqnozların dəqiqliyini və investisiyaların səmərəliliyini artırmağa imkan yaradacaq. Müasir texnologiyaların tətbiqinə əsaslanan layihələrin həyata keçirilməsi nəticəsində istehsal olunan məhsulların keyfiyyətinin beynəlxalq standartlar səviyyəsinə çatdırılması həmin müəssisələr tərəfindən istehsal edilən məhsulların dünya bazarlarına çıxarılmasına, Azərbaycan məhsullarına tələbatın artmasına, bu isə öz növbəsində valyuta ehtiyatlarının çoxalmasına xidmət edəcək. Elə düşünürəm ki, ölkəmiz nəticə etibarilə yaxın zamanlarda bir çox məhsullara tələbatını mühüm dərəcədə daxili istehsal hesabına ödəməklə yanaşı, qeyri-neft sektorunda buraxılan məhsulların, o cümlədən alüminium, ipək, pambıq lifi, şərabçılıq məhsullarının ixrac potensialını da xeyli artıracaq.

- Korporasiyanın nəzdində olan törəmə müəssisələrin modernləşdirilməsinin hansı müddətdə başa çatması planlaşdırılır?