Pompeo Yaxın Şərqdə: Vaşinqtonun regionla bağlı strateji planlarının bəzi aspektləri


Dünya 14 Yan 2019 18:31:00 241 0

Pompeo Yaxın Şərqdə: Vaşinqtonun regionla bağlı strateji planlarının bəzi aspektləri

Son.az bildirir ki, Newtimes.az analitik məqalə ilə çıxış edib. Məqaləni oxucularımıza təqdim edirik:

Amerikanın dövlət katibi M.Pompeonun Yaxın Şərq ölkələrinə səfərinin bir sıra məqamlarını ekspertlər analiz edirlər. Məsələyə, təbii ki, geosiyasi kontekstdə yanaşılır. Vaşinqtonun Yaxın Şərq üçün mürəkkəb olan bir mərhələdə hansı addımları atmaq istədiyi böyük maraq doğurur. Bu məsələ D.Trampın ABŞ qoşunlarının Suriyadan çıxarılacağı ilə bağlı verdiyi qərardan sonra daha da cəlbedici olub.

Aparılan analizlər göstərir ki, Amerika rəhbərliyi, əslində, ciddi siyasi xətt reallaşdırmaq niyyətindədir. Onun geosiyasi aspektdə başlıca cəhəti Yaxın Şərqdə bir neçə yerli dövləti hərbi blokda birləşidirib, ondan öz marqları naminə istifadə etməkdir. Bu, özlüyündə təhlükəli bir addımdır və bütövlükdə regionu yeni ixtilaflara sürükləyə bilər. Eyni zamanda, Yaxın Şərqin böyük dövlətlərinin vəziyyətə müdaxilə etməsi ehtimalı da artır. Çünki məsələnin bir tərəfi onların təhlükəsizliyi ilə bağlıdır. Bu müstəvidə M.Pompeonun regiona səfərinin geosiyasi özəllikləri üzərində geniş dayanmaq qərarına gəldik.

Mövqe dəyişkliyi, yoxsa müəyyən düzəliş: Amerikanın əsas məqsədi

Con Boltonun İsrail və Türkiyəyə uğursuz səfərindən sonra ABŞ dövlət katibi Mayk Pompeonun Yaxın Şərq turnesi maraqla gözlənilirdi. M.Pompeo regionun doqquz ərəb ölkəsinə baş çəkməyi planlaşdırmışdı. Bu, qarşıya qoyulan məqsədin geniş məna daşıdığına dəlalət edirdi. Amerikanın dövlət katibinin Qahirə universitetindəki çıxışı göstərdi ki, ekspertlər proqnozlarında yanılmayıblar. M.Pompeonun nitqində Vaşinqtonun Yaxın Şərq siyasətinin notları mövcud idi.

Məsələ kimin haqlı olub-olmamasında deyil - əsas odur ki, ABŞ indiyə qədər yeritdiyi siyasətin səmərəsiz olduğunu anlayıb. Bu, vacib məqamdır, çünki illərdir ki, Yaxın Şərqin böyük dövlətləri məhz bu həqiqəti Vaşinqtona çatdırmaq istəyirdilər. Lakin hər dəfə də Ağ Ev Amerikanın strateji maraqları ifadəsi altında inadından dönmürdü. İndi isə M.Pompeo tənətənəli surətdə bəyan edir ki, Barak Obama yanlış mövqe tutmuşdu. Ola bilər. Ancaq kim təminat verə bilər ki, D.Tramp da yanlış mövqe tutmur? Həm də bu sualın yaranmasının konkret səbəbləri mövcuddur. Bu baxımdan M.Pompeonun Qahirədəki amerikan universitetində pafoslu çıxışı siyasi ritorikadan başqa bir təsir bağışlamır.

Onun irəli sürdüyü tezislər indiki mərhələdə Yaxın Şəqrdə gosiyasi proseslərin inkişaf istiqaməti baxımından düşündürücüdür. Vaşinqton yenə də hesab edir ki, İran regionda onun əsas düşmənidir. Deməli, başlanğıcda Amerika faktiki olaraq İsraillə bir sırada dayanır. Bu məqam Amerikanın Yaxın Şərq siyasətinin başlıca prinsiplərini müəyyən etməyə imkan verir. Burada ekspertlər ilk olaraq D.Tramp administrasiyasının xristian-yevangelist mövqedən çıxış etdiyini ifadə edirlər.

Doğrudan da, M.Pompeo Qahirədə xristian kilsəsinin açılması münasibəti ilə etdiyi çıxışda açıq deyib ki, o, "yevangelist-xristian" kimi buraya gəlib. Yevangelistlər isə konkret mövqeyi olanlardır - onlar israilpərəstdirlər. Hətta o dərəcədə ki, Amerikanın Təl-Əvivdəki səfiri David Fridman "The New York Times" qəzetinə müsahibəsində demişdi ki, yevangelistlər İsrailə bir çox yəhudi icmalarından daha çox sədaqətlidirlər. Belə çıxır ki, M.Pompeo Qahirədə ABŞ-ın Yaxın Şərq siyasətinin məhək daşının İsrail olacağını sətiraltı ifadə edib.

Bununla da Vaşinqtonun yeni Yaxın Şərq siyasətinin başlıca prinsipini aşağıdakı kimi formulə etmək olar: regionda İsrail üçün ən uyğun geosiyasi şərtlər təmin edən vəziyyət yaratmaq! Bu baxımdan İran birinci düşməndir və eyni məntiqlə Yaxın Şərqin lideri statusunda olan Türkiyənin də qarşısını kəsmək Vaşinqtonun planlarına daxildir. Təsadüfi deyil ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və İsrailin xüsusi xidmət orqanlarının nümayəndələri İranla Türkiyəyə qarşı mübarizə aparmaq üçün müzakirələr aparıblar. Siyahıya baxanda görürük ki, bəzi ərəb dövlətləri müsəlman ölkələrə qarşı ərəb torpaqlarını qəsb etmiş İsraillə bir sırada dayanmaqdan çəkinmirlər. Bu yaxınlarda İsrailin baş naziri Binyamin Netanyahunun Omana səfəri də bu bağlılıqda ekspertləri düşündürməkdədir. Bu, Amerikanın regondakı diplomatik fəaliyyətinin nəticələrindən biridir.

Amerikanın yeni Yaxın Şərq siyasətindən danışarkən, əslində, söhbətin məzmun dəyişikliyindən deyil, taktiki və strateji addımların korrektə olunmasından getdiyi nəticəsini ala bilirik. Dövlət katibinin Yaxın Şərq turnesi məhz bu bağlılıqda diqqəti çəkir. Geosiyasi kontekstdə M.Pompeonun irəli sürdüyü tezislərin mənası üzərində dayanmaq maraqlı olardı. Yuxarıda vurğulanan təməl tezislərə görə, Amerika Yaxın Şərqin hər bir ölkəsində, o cümlədən Suriyada özünün regiondakı ən yaxın müttəfiqinin maraqlarına cavab verən geosiyasi nizam yaratmaq xəttini davam etdirəcək. Bu isə o deməkdir ki, reallıqda ABŞ hərbi kontingentini regiondan çəkməyəcək. Sadəcə olaraq, onların bir qisminin dislokasiya yerini dəyişəcək. Burada məqsəd isə yarana biləcək hər bir kritik situasiyaya çevik və səmərəli müdaxilə etməkdən ibarət ola bilər. Məsələn, İraqdakı amerikan hərbi kontingenti lazım olanda İraq, Suriya və İrana müdaxilə etmək imkanı əldə etməlidir. Deyək ki, Suriyada radikal qrupları dəstəkləmək üçün öz hərbi kontingentindən istifadə edə bilər.

Yeni oyun qaydaları: ərəblər müsəlmanlara qarşı?

Zatən, ABŞ-ın rəsmi şəxsləri tez-tez bəyan edirlər ki, Suriyanın şimalındakı kürd qruplaşmalarını qoruyacaqlar. Ancaq Türkiyənin qətiyyətli mövqeyi onların planlarına düzəliş edilməsi lazımlığını ortaya qoyur. Con Bolton da son bəyanatında Türkiyə ilə müzakirələrin davam edəcəyini bildirib. Ankara Suriyadakı terror qruplarını məhv etməkdə qərarlılığını ifadə edib. Deməli, bu aspektdə Yaxın Şərqdə ABŞ-la regionun nüfuzlu dövlətləri arasında yeni səviyyədə mübazirə vüsət ala bilər. Yaranmış vəziyyətdən yalnız Amerikanın ədalətli mövqeyə gəlməsi nəticəsində çıxmaq mümkündür. Çünki Türkiyənin artıq güzəşt limiti yoxdur.

Bunları ümumiləşdirsək, Vaşinqtonun Yaxın Şərq siyasətinin başlıca özəlliyini müəyyənləşdirə bilərik. Amerika Yaxın Şərqi indiki mərhələdə yerli dövlətlərin öz əli ilə qarışdırmaqda davam etməyə üstünlük verir. Bunun üçün hərbi struktur yaratmağı da düşünür. Ona Vaşinqton şərti olaraq "Yaxın Şərq (ərəb) NATO"su adını verib. Konkret ismi isə yeni strateji Yaxın Şərq alyansıdır (Middle East Strategic Alliance - MESA). Bununla bağlı Mayk Pompeo Misirdə ifadə edib: "Bu addım Fars körfəzi ərəb dövlətlərinin əməkdaşlıq Şurası üzvlərini, Misir və İordaniyanı bir yerə toparlamağa yönəlib. Biz bu gün həmin ölkələrin hər birindən xahiş edirik ki, həmin istiqamətdə növbəti addım barədə düşünsünlər. Bu tədbirlər ümumi təhlükə qarşısında təhlükəsizliyin möhkəmləndirilməsi üçün zəruridir...".

MESA-nın kimlərə qarşı savaşacağı aydındır. Yaxın Şərqdə ABŞ və İsrailin maraqlarına uyğun olmayan hər bir prosesin qarşısını indi ərəblərin öz əli ilə almağa çalışırlar. Yəni kənardakılar heç bir zərərə düşmür, əksinə, silahlarını yerlərdəki nökərlərinə satıb, müsəlmanları nəzarətdə saxlamağa cəhd edirlər.

Deyək ki, Yaxın Şərqin hansısa bir ölkəsində Vaşinqtonun maraqlarına uyğun olmayan hadisə baş versə, MESA orada olmalıdır. Burada istisna etmək olmaz ki, müəyyən məqamda Yaxın Şərqdə regional müharibə meydana çıxa bilər. Əgər MESA qurulsa və bir neçə ərəb ölkəsinin hərbçiləri kimlərəsə qarşı birgə savaşsa, başqa böyük dövlətlər də onlara qarşı vuruşa bilərlər. Bu da regionda əsl xaosa yol açar.

Belə çıxır ki, M.Pompeonun doqquz ərəb ölkəsinə səfərinin arxasında təhlükəli geosiyasi məqamlar dayanır. Vaşinqton regiondakı əsgərlərinin sayını azaltmağı yerlərdəki müttəfiqlərini silahlandırmaqla əvəz etməyi düşünür. Bu da Yaxın Şərqdə ölkələri təhlükəsizliyə deyil, daha fərqli təhlükələrin meydana gəlməsinə sürükləmək deməkdir. Etiraf etmək gərəkdir ki, çox təhlükəli və aldadıcı gedişatdır. Əgər ərəb dövlətləri bu tələyə düşsələr, dolayısı ilə kənar qüvvələrin iradəsini tam yerinə yetirməyə məcbur olacaqlar.

Məsələnin digər aspekti regionun böyük dövlətlərinin fəaliyyəti ilə bağlıdır. Şübhə yoxdur ki, Tehran öz hesabını götürür və qarşılıqlı addım atacaq. Ən böyük toqquşmanın Suriyada ola biləcəyini təxmin etmək olar. Amerika rəsmiləri İranın oradan çəkilməli olduğunda çox israrlıdırlar. İran isə Suriyada sabitliyi təmin etməli olan üç ölkədən biridir (Rusiya, Türkiyə, İran). Deməli, Suriyanın istənilən yerində Amerika-İran toqquşması ola bilər. Bu baxımdan maraqlıdır ki, Amerika öz hərbi qüvvəsini İŞİD və şiə milisləri olan bölgələrə yönəldə bilər. Suriyada Vaşinqtonun öz güclərini kürdlər olan ərazidən çəkib, İranın hakim olduğu istiqamətlərdə yerləşdirməsi variantı istisna edilmir. C.Bolton və M.Pompeonun regiona səfərləri zamanı daim İran məsələsi üzərində dayanmaları da bu ehtimala əlavə çəki verir. Hər bir halda Yaxın Şərqdə Amerikanın başqa bir mövqedən fəallaşmağa başladığı hiss edilməkdədir.

Bütün bunlar onu təsdiq edir ki, M.Pompeonun Yaxın Şərqin ərəb ölkələrinə səfəri reallıqda Amerikanın Suriyadan çəkilməsini deyil, Vaşinqtonun faktiki olaraq yeni siyasi xətt seçməsini ifadə edir. Özünü barış, sülh və əməkdaşlıq carçısı kimi təqdim etməyə cəhd göstərən Amerika iqtidarı bu addımla iki hədəfi vurmağı planlaşdırır. Birincisi, özünün müsəlmanlar arasında olan mənfi imicini bərpa etməyə çalışır. İkincisi, regionda rəqibi olan başqa böyük güclərin şansını azaltmağı hədəfləyir.

Lakin bir sıra ekspertlər başqa sual da qaldırırlar: Amerika bu cür planları ilə Yaxın Şərqi yeni bəlalara sürükləmirmi? Yevangelizm ideoloji konsept olaraq təcavüzkardır və yeni Armaqeddon meydana gətirə bilər!