İnstitut direktoru: "Nəsiminin divanındakı ayrıayrı sözlər düzgün oxunmayıb"


Digərləri 14 Yan 2019 17:42:00 239 0

İnstitut direktoru: "Nəsiminin divanındakı ayrıayrı sözlər düzgün oxunmayıb"

"Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin şeirlərinin indiyədək ölkəmizdə hazırlanmış bir sıra nəşrlərində böyük söz ustadının orijinal dilinə müəyyən dərəcədə müdaxilələr edilib, daha doğrusu, divandakı ayrı-ayrı sözlər ya müasirləşdirilib, ya da doğru-düzgün oxunmayıb".

Son.az xəbər verir ki, bunu Trend-ə AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

Akademikin sözlərinə görə, məhz buna görə də bütün müvafiq qurumlarda çalışan dilçi, ədəbiyyatçı mütəxəssisləri də bu vacib və əhəmiyyətli işə cəlb etməklə şairin əsərlərinin yeni akademik nəşrinin hazırlanmasına böyük ehtiyac var.

Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu ilin "Nəsimi ili" elan edilməsi haqqında sərəncamını ölkəmizin mədəni həyatında çox əlamətdar və təqdirəlayiq hadisə sayan akademik qeyd edib ki, bu sərəncam ölkə Prezidentinin, Azərbaycan dövlətinin bədii sözə və ədəbiyyatımıza, incəsənət və mədəniyyətimizə verdiyi böyük dəyər və qayğının daha bir bariz nümunəsidir.

M.Nağısoylu əlavə edib ki, ümummilli lider Heydər Əliyev hələ ölkəmizə rəhbərliyinin birinci dönəmində (1969-1982) elm və mədəniyyətə, ədəbiyyat və incəsənətə, xüsusilə də xalqımızın mənəvi sərvəti olan ana dilimizə böyük diqqət və qayğı ilə yanaşaraq bu yöndə bir sıra məqsədyönlü tədbirləri həyata keçirib. Həmin tədbirlər sırasında məhz ulu öndərin təşəbbüsü ilə 1973-cü ildə böyük söz ustası İmadəddin Nəsiminin 600 illik yubileyinin YUNESKO-nun tədbirlər planına daxil edilməsi və ölkəmizdə böyük təntənə ilə qeyd olunması xüsusi yer tutur:

"Məlum olduğu kimi, həmin yubiley tədbirlərinin davamı olaraq 1979-cu ildə Bakının mərkəzində İmadəddin Nəsiminin möhtəşəm heykəli ucaldıldı, şair haqqında məşhur bədii film çəkildi, eləcə də böyük söz ustadının əsərləri doğma ana dilində, bəziləri isə bir sıra xarici dillərdə nəfis şəkildə nəşr olundu. Bundan əlavə böyük şairin əsərləri ədəbiyyatşünaslıq və dilçilik yönlərindən araşdırıldı, bir sıra sanballı tədqiqat əsərləri ortaya qoyuldu. Yeri gəlmişkən qeyd edək ki, böyük şairin 600 illik yubileyi çərçivəsində 1973-cü ildə Azərbaycan Elmlər Akademiyasının Dilçilik İnstitutuna İmadəddin Nəsiminin adı verildi".