Mədəniyyət ocaqlarında 20 Yanvar faciəsinin ildönümü müxtəlif tədbirlərlə qeyd olunacaq (FOTO)


Digərləri 14 Yan 2019 13:34:00 205 0

Mədəniyyət ocaqlarında 20 Yanvar faciəsinin ildönümü müxtəlif tədbirlərlə qeyd olunacaq         (FOTO)

Azərbaycanın yeni tarixinin hüznlü və eyni zamanda qürur doğuran səhifəsi olan 20 Yanvardan 29 il ötür.

Bakı. Azərbaycanın yeni tarixinin hüznlü və eyni zamanda qürur doğuran səhifəsi olan 20 Yanvardan 29 il ötür. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq olunub. Sənədə əsasən, respublikanın şəhər və rayonlarında, idarə və təşkilatlarda 20 Yanvara həsr olunmuş müxtəlif tədbirlər təşkil edilir. Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, ölkəmizin teatr, kino və konsert müəssisələrində, bədii təhsil ocaqlarında, kitabxana və sərgi salonlarında 20 Yanvarın ildönümü münasibətilə tamaşalar, musiqi gecələri, sərgilər və s. tədbirlər təşkil olunacaq. Yanvarın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar, Xalq artisti F.Əlizadənin Qanlı Yanvara həsr olunan “İntizar” operası nümayiş etdiriləcək. Yanvarın 19-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yazıçı-dramaturq H.Mirələmovun “Xəcalət” tamaşası, Xalq yazıçısı, görkəmli dramaturq İ.Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan “Qarabağnamə” tamaşası isə 20 yanvar tarixində nümayiş olunacaq. Dövlət Yuğ Teatrında (A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsi) 18-19 yanvar tarixlərində G.Dumbadzenin “Məhşər günü” tamaşası göstəriləcək. Yanvarın 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq T.Vəliyevanın “Mənim ağ göyərçinim” və D.Mustafayevin “Əlincə qalası” tamaşaları oynanılacaq. Bundan əlavə, bölgələrimizdə fəaliyyət göstərən teatrlarda da 20 Yanvar faciəsinin ildönümü qeyd ediləcək. Yanvarın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçiriləcək. Anım gecəsində Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında V.A.Motsartın "Rekviyem" əsəri səslənəcək. Yanvarın 17-də Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Qara Yanvara həsr olunmuş "Azadlıq aşiqləri" rəsm müsabiqəsinin yekun sərgisi keçiriləcək. Mədəniyyət Nazirliyinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə yanvarın 14-dən 18-dək “Vətənpərvərlik kinosu həftəsi” çərçivəsində Milli Qəhrəmanlara həsr olunmuş filmlərin nümayişi keçiriləcək.