İlahiyyat İnstitutunda şəhid ailələri ilə görüş təşkil olunub (FOTO)


Digərləri 14 Yan 2019 10:48:42 187 0

İlahiyyat İnstitutunda şəhid ailələri ilə görüş təşkil olunub (FOTO)

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “20 Yanvar” faciəsində qətlə yetirilmiş şəhid ailələri ilə görüş təşkil olunub.

Bakı. Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “20 Yanvar” faciəsində qətlə yetirilmiş şəhid ailələri ilə görüş təşkil olunub. Aİİ-dən Trend-ə verilən məlumata görə, öncə “20 Yanvar” şəhidlərinin əziz xatirəsi birdəqiqəlik ehtiram sükutu ilə anılıb. Tədbiri giriş nitqi ilə açan İnstitutun rektoru Ceyhun Məmmədov tarixən ölkəmizdə mövcud olan milli-mənəvi mühitin qorunub saxlanılması, eyni zamanda, dini təhsil sahəsində peşəkar kadrların hazırlanması məqsədilə Prezident cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun yaradıldığını qeyd edib. O bildirib ki, təhsil müəssisəsi gənclərin milli və vətənpərvərlik ruhunda tərbiyə edilmələri, mənəvi dəyərlərin təbliği istiqamətində müxtəlif tədbirlər həyata keçirir. C.Məmmədov qeyd edib ki, xalqımızın qan yaddaşına silinməz faciə olaraq yazılmış “20 Yanvar”ı milli matəm, hüzn günü kimi qeyd etməyimizə baxmayaraq, bu hadisə, eyni zamanda, xalqımızın tarixində qəhrəmanlıq salnaməsidir. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayət xalq kütlələrini daha sıx birləşdirərək, millətimizin yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mücadilə əzmini bütün dünyaya bəyan etdi. C.Məmmədov “20 Yanvar” olaylarında həlak olmuş şəhid ailələrinin və əlil düşmüş insanların daim Azərbaycanın qayğı və diqqəti ilə əhatə olunduqlarını, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.