Tibb Universiteti: İmtahanların sayını 10-dan 7-yə endirmək hədəf götürülüb


Digərləri 14 Yan 2019 10:07:00 443 0

Tibb Universiteti: İmtahanların sayını 10-dan 7-yə endirmək hədəf götürülüb

Gördük ki, tələbələr əzbərçiliyə gedir, ona görə də ...

Bakı. İlhamə İsabalayeva - "Əvvəl fənnin kredit yükündən asılı olaraq, internetdə 700-1000 arası sual yerləşdirilirdi. Tələbələr bütövlükdə bütün suallarla tanış olurdu və hər kəs tanış olduğu suallar içərisindən testə düşən 50 sualı cavablandırırdı. Sonradan gördük ki, tələbələr əzbərçiliyə gedir". Trend-in məlumatına görə, bunu Azərbaycan Tibb Universitetinin tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev deyib. Prorektor bildirib ki, bunu nəzərə alaraq sualların qoyuluşunda dəyişiklik edilib: "Artıq üçüncü ildir ki, testə açıq sual adlandırılsa da, əslində qapalı olan çoxcavablı suallar salırıq. Birinci il sualların içərisindən cəmi 5 sualı gizli sual kimi verdik. Bunlar tələbələrin nəzərinə çatdırılan suallar deyil və bir neçə cavabı var. Sadəcə olaraq tələbələrə bu suallara necə hazırlaşmağın yollarını göstəririk. Keçən il bu cür sualların sayını 10-a çatdırdıq və nəticədə tələbələrin xüsusən təməl fənlərindən topladıqları balların miqdarı xeyli azaldı. Ən yüksək balı yalnız çox istedadlı tələbələr toplaya bilirlər”. S.Əliyev sualların sayının da yarıya, yəni 50-dən 25-ə endirildiyini söyləyərək qeyd edib ki, əvvəllər 50 sualın hərəsinə bir bal verilirdisə, indi 25 sualın hər birinə iki bal verilməklə, bütövlükdə 50 bal limiti saxlanılır: “Fərq ondadır ki, tələbə 15 sualla internetdə tanış olaraq 30 balı toplamaq imkanı əldə etsə də, 50 balın qalan 20 balını ancaq gizli suallara görə qazana bilər”.