Sanatoriyalar istirahət, müayinə və müalicə bir arada


Digərləri 13 Yan 2019 23:52:00 292 0

Sanatoriyalar  istirahət, müayinə və müalicə bir arada

"Biz nə qədər çalışırıqsa, əslində bir o qədər də istirahət etməliyik" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Ukraynanın Truskavets şəhərinə səfərim zamanı məşhur "Karpatı" sanatoriyasında istirahət edən əsasən yaşlı insanlar arasında azərbaycanlıların da az olmadığını gördüm. Ukraynanın bütün bölgələrindən, o cümlədən xarici ölkələrdən və postsovet məkanından gələn turistlər daha çox istirahət, müalicə və müayinə məqsədilə bu sanatoriyanı seçmişdilər. Bəziləri söhbət zamanı hər il bu sanatoriyaya təkrar gəldiklərini deyirdilər. 

Sanatoriyanı seçənlər özləri üçün müxtəlif səbəblər müəyyənləşdiriblər. Onları sanatoriyaya maqnit kimi çəkən ilk səbəb, təbii ki, sağlamlıqlarıdır. Qəbul edəcəkləri prosedurların cədvəlini əllərində tutub bir-bir həkim otaqlarının qarşısında gözləyir, onlara dirilik suyu kimi möcüzəvi görünən mineral suları resept üzrə vaxtlı-vaxtında içir, vanna, massaj, iynəbatırma, elektroterapiya və s. prosedurları həvəslə keçir və evə təravətlənmiş, tam gücləri ilə qayıtmağa çalışırdılar. Sanatoriya, həmçinin onlar üçün bütün ailə üzvlərinin istirahət edə biləcəyi ideal məkandır. Müalicələrdən sonra kimsə təbiətin qoynunda, təmiz havada, çay və ya göl kənarında gəzməyə üstünlük verir, pəhriz yeməkləri ilə qidalanır və ya şəhərətrafı turlara çıxır. Heç yerə tələsmədən, yalnız öz qayğına qalmaq və yorulmuş əsəblərini yenidən müalicə etmək ümumən sanatoriyalara üz tutanların əsas məqsədidir. "Sadəcə işdən yorulmuşam" - bu, orqanizm üçün vacib siqnaldır. Bu fikri özündən kənarlaşdırmağa dəyməz. Daimi stresslər, fiziki gərginlik insanı depressiyaya və xroniki yorğunluq sindromuna sala bilər. 

Əlbəttə, müayinə və müalicələr su qiymətinə deyil. İnsanlar bu sağlamlıq ocaqlarında istirahət etmək üçün bəzən ilboyu pul toplayırlar.  

Təkcə müalicə üçün deyil...

Həkimlərin fikrincə, sanatoriya-kurort istirahəti insanlara təkcə müalicə üçün deyil, həmçinin xəstəliklərin profilaktikası üçün lazımdır. Sanatoriya şərtləri ilə insanlar öz orqanizmlərinin vəziyyətini yoxlaya, həkim məsləhəti ala və sağlamlıqlarını pozmamaq üçün qaydalara riayət edə bilərlər. Belə məsləhətlər isə heç kimə ziyan gətirmir. Məsələn, Kislovodsk sanatoriyalarının birində daxili tədqiqat göstərib ki, müalicə kursları başlayana qədər qonaqların 50 faizdən çoxunun bioloji yaşı əhəmiyyətli dərəcədə artıb.

Sanatoriya həkimi ilə söhbətimdə öyrənmişdim ki, 90 faiz gələnlər stressdən əziyyət çəkir. Tədqiqatlar da göstərir ki, 98 faiz insanlar sanatoriyalarda olan zaman bioloji yaşları azalır. Sanatoriyaları seçənlər üçünsə ilin fəsilləri önəm daşımır. Çünki əksər prosedurlar sanatoriyaların daxilində həyata keçirilir. Bu, ölkə daxilindəki sanatoriyalarda da belədir, xaricdəki sağlamlıq ocaqlarında da.   

Qeyd edək ki, hazırda ölkəmizdə Həmkarlar İttifaqları Konfederasiyasının nəzdində 12 sanatoriya və istirahət mərkəzi fəaliyyət göstərir. Və bu sanatoriyaların demək olar ki, əksəriyyəti yüksək səviyyədə təmir olunub, istirahət üçün hər cür şərait yaradılıb. Naftalan, Xudat-Yalama zolağı (Nabran kurortu), Abşeron yarımadası - Mərdəkan, Bilgəh, Zuğulba, Buzovna, Suraxanı kurortları, o cümlədən Lənkəran-Masallı, Naxçıvan Muxtar Respublikasında və s. müalicəvi kurortlar fəaliyyət göstərir.

Həmkarlar təşkilatlarının yollayışından əlavə, insanlar özləri də kurortlara maraq göstərirlərmi? Təəssüf ki, ölkə xaricindəki kurort-sanatoriyalara üz tutanlar bəzən özümüzdə eyni mənbələrin və müalicələrin olmasından xəbərsizdirlər. Sanatoriya-kurortlarda istirahətə və müalicəyə yanaşmalar da fərqlidir. Belə ki, istirahəti və müayinə-müalicəni maliyyə vəziyyətindən asılı hesab edənlərlə yanaşı, zövq məsələsi də hesab edənlər var.