Təsadüflərin qarşılaşdırdığı cütlük FOTO


Şou-biznes 13 Yan 2019 22:40:00 423 0

Təsadüflərin qarşılaşdırdığı cütlük  FOTO

Rəhman Rəsulov: "Bir hadisə ilə bağlı milyon dənə sual verməyindən başqa, bəyənmədiyim xasiyyəti yoxdur" Nərmin Rəsulova: "Ailə həyatı qurmağa hazırlaşan biri, mütləq şəkildə qarşı tərəfin ona necə dəyər verməsinə diqqət etməlidir" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Elçilikləri uğurlu olmur, buna görə, "qız qaçırma" üsulu ilə ailə qururlar və bu gün çox xoşbəxtdirlər. Evliliyin heç nəyi məhdudlaşdırmadığını, sadəcə hər şeyin öz çərçivəsində gözəl olduğunu deyirlər. Ailə qurarkən həyat təcrübəsinin mühüm rol oynadığını düşünürlər. Evliliyi həyatın ən çətin imtahanı kimi qiymətləndirirlər. "Ailə" rubrikamızın budəfəki qonaqları "ARB24"-ün aparıcısı Rəhman Rəsulov və xanımı Nərmin Rəsulovadır.   İlk olaraq onlar haqqında qısa məlumat verək. R.Rəsulov 1987-ci ilin 7 fevralında Sumqayıt şəhərində anadan olub. 2004-cü ildə elə həmin şəhərin 26 saylı orta məktəbini bitirdikdən sonra Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyoru fakültəsində ali təhsil alıb. N.Rəsulova da 1991-ci ildə 17 iyulda eyni şəhərdə doğulub. Ali təhsilini ilk olaraq Bakı Dövlət Universitetinin kimya fakültəsində bakalavr səviyyəsində alıb. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində biznesin idarə edilməsi fakültəsini magistratura səviyyəsində oxuyub. Bir müddət bank sahəsində çalışsa da, hazırda işsizdir. Cütlüyümüzün Rəsul adında oğlan, Ayla adında qız övladları var.

Təsadüfi tanışlıq

Tanışlıqlarından danışan Nərmin hər şeyin sadəcə təsadüf olduğunu deyir: "Rəhmanla eyni şəhərdə yaşayıb, eyni məktəbdə oxusaq da, hətta, bir müddət eyni məhəllədə qalsaq da, bir-birimizi tanımamışıq. Mən Rəhmandan dörd sinif aşağı oxumuşam. Məktəbdə hamı ondan danışırdı. Deyirdilər ki, filan kanalda işləyən o oğlan bizim məktəbi bitirib. Sonra mən "ASAN xidmət"də Rəhmanın bacısı ilə birlikdə könüllü kimi fəaliyyət göstərirdim. Bacısı vasitəsilə tanış olduq. Amma bunlar təsadüfi görüş idi. Könüllülük müddəti bitdikdən sonra bankda işlədiyim dövrdə də Rəhman banka kimi gəlib çıxdı. Sözün açığı, özüm də bu gəlişi arzulayırdım (gülür)".   Rəhman isə tanışlıqlarının maraqlı olduğunu və Nərmin xanımı görmək üçün müxtəlif bəhanələrlə onun iş yerinə getdiyini deyir: "Əvvəlcə bacımın vasitəsi ilə tanış olduq. Amma o, bizi bilərəkdən tanış etməyib. Sonra Nərmin başqa işə keçdi. Bankda işlədiyini öyrəndim. Gələcək həyat yoldaşımın fəaliyyət göstərdiyi şöbəyə kredit bəhanəsi ilə yaxınlaşdım. Elə hər şey də bundan sonra başladı".

"Gözlərinə baxanda nə isə hiss etməsəydim..."   Rəhmanın artıq formalaşmış düşüncə tərzi və görünüşünün də Nərminin ürəyincə olması, bu tanışlığın davam etməsinə şərait yaradıb: "Adam bir-birinin gözlərinə baxanda hər şeyi hiss edir. Bu dost, iş və həyat yoldaşı məsələsində də belədir. Əgər Nərminin gözlərinə baxanda nə isə hiss etməsəydim, sonra banka qədər onun ardınca getməzdim. Görüşlər, söhbətlərlə gördüm ki, Nərmin istədiyim xanımdır. Ən əsası, hiss edirdim ki, bu düşüncə birtərəfli deyil. Sən demə qarşı tərəf də belə fikirləşirmiş".   "Nikah olmasa, bu addımı atmazdım"   Münasibətlərində bütün ilk addımların Rəhmana məxsus olduğunu deyən Nərmin bildirir ki, elçilikləri uğurlu olmayıb və Rəhman onu qaçırmaq məcburiyyətində qalıb: "Ailəm bizim izdivacımıza razı deyildi. Uğursuz elçilikdən sonra nə qədər cəhd etsək də, onları heç cür razı sala bilmədik. Sonra Rəhman qaçmağı təklif etdi və mən başqa çıxış yolu görmədiyim üçün bu addımı atmaq məcburiyyətində qaldım. Nikah olmasa, təbii ki, bu addımı heç vaxt atmazdım. Onu qeyd edim ki, yaxşı ki, bu riskə getmişəm. Çünki bu addımı atmasaydım, ailəm razı olmayacaqdı və bu gün mən bəlkə də uduzmuş olacaqdım".

"Yolda başına torba keçirib qaçırmadım"   Rəhman deyir ki, normal adətlərlə evlənmək üçün bütün mümkün vasitələrdən istifadə edərək ailəni yola gətirməyə çalışıblar: "Qaçırma üsulu ilə evlənməyin tərəfdarı olmasam da, bu yola əl atmaq məcburiyyətində qaldım. Kinolardakı kimi yolda başına torba keçirib qaçırmadım (gülür). İkimizin də razılığı oldu. Çünki Nərminin ailəsində müəyyən qaydalar var idi. Hansı ki, o qaydalara əməl etsəydik, yəqin, hər ikimiz subay qalacaqdıq. Amma bütün vasitələrdən mümkün qədər istifadə etdim ki, normal adətlərlə evlənək, lakin alınmadı. Mənim ailəmin qərarı birmənalı idi. "Necə istəyirsən, elə et" dedilər. O ki qaldı barışığa, təxminən 1 ilə yaxın Nərminin ailəsi ilə əlaqə olmadı. Sonradan hər şey yoluna düşdü. Çünki nə mən, nə də ailəm üz çevriləsi adamlar deyilik. Barışdıq, indi də normal gediş-gəlişimiz var".   "İkimizin də toyla bağlı arzuları vardı"   Qaçmaq yolu ilə evlənmək üçün tərəflər arasında olan güvən məsələsinə də toxundular. Rəhman deyir ki, bu, bir anda verilmiş qərar deyildi: "Uzun-uzadı söhbətlər, müzakirələr artıq bizdə yetəri qədər inam yaratmışdı. El dilində desək, bircə, qızı qaçırmaq qalırdı. Qaçırmamışdan əvvəl gizlin şəkildə "ASAN xidmət"də nikaha daxil olmaq üçün ərizə də yazmışdıq. Biz toy da etdik. Çünki ikimizin də toyla bağlı arzuları var idi. Baxmayaraq ki, toyda ancaq mənə yaxın adamlar iştirak edirdi, amma bütün hər şey planlaşdırdığımız kimi oldu".


Xəbərə aid fotolar