Politoloq: Prezident İlham Əliyev Ermənistandakı böyük problemlərin məhz Sarkisyan rejiminin mahiyyətindən irəli gəldiyini təkzibolunmaz faktlarla sübut etdi


Digərləri 13 Yan 2019 13:17:05 200 0

Politoloq: Prezident İlham Əliyev Ermənistandakı böyük problemlərin məhz Sarkisyan rejiminin mahiyyətindən irəli gəldiyini təkzibolunmaz faktlarla sübut etdi

Prezident İlham Əliyev Ermənistandakı böyük problemlərin məhz Sarkisyan rejiminin mahiyyətindən irəli gəldiyini təkzibolunmaz dəlillərlə sübut etdi.

Bakı. İlhamə İsabalayeva - Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Ermənistanda hakimiyyətdən uzaqlaşdırılmış cinayətkar rejimin qeyri-qanuni, qeyri-sivil üsullara söykənən xarici siyasətini – işğala, rüşvət diplomatiyasına, əcnəbi siyasi xadimlərə, beynəlxalq təşkilatlarda mövqe tutan siyasətçilərin orden, medallar verməklə ələ alınmasına əsaslanan xarici siyasətini çox gözəl səciyyələndirdi. Bunu Trend-ə politoloq Nəzakət Məmmədova deyib. Onun sözlərinə görə, bütün bunların nəticəsində beynəlxalq təşkilatlarda ikili standartlar hökm sürməkdə, BMT kimi mötəbər təşkilatın Ermənistandan işğal olunmuş torpaqlarımızı qeyd-şərtsiz azad etməsini tələb edən dörd qətnaməni qəbul etməsinə baxmayaraq, işğalçı ölkə öz qoşunlarını Azərbaycan ərazisində qeyri-qanuni şəkildə saxlamaqda davam edir, üstəlik, atəşkəsi pozaraq hərbi qulluqçularımızı və dinc mülki əhalini öldürür. Politoloq qeyd edib ki, Prezident İlham Əliyev, habelə artıq siyasi səhnədə xeyli zəifləmiş kriminal rejimin uğursuz daxili siyasətinin – işğal nəticəsində ölkəsinin iqtisadiyyatının zəifləməsi, öz xalqına zorakılıq tətbiq etməsi, ölkədə dərin demoqrafik böhranla əlaqədar əhali sayının getdikcə azalması, regional layihələrdən kənarda qalması nəticəsində xalqın səfalət həddində yaşaması kimi problemlərin məhz Sarkisyan rejiminin mahiyyətindən irəli gəldiyini təkzibolunmaz faktlarla sübut etdi: "Prezident haqlı olaraq bildirdi ki, Ermənistandan və erməni diplomatiyasından konyakdan tutmuş işğalçı dövlətin mükafatlarını, orden və medallarını rüşvət qismində alan əcnəbi siyasətçilər onların qeyri-qanuni maraqlarının icraçısına çevrilirlər. Biz buna aid yüzlərlə fakt sadalaya bilərik. Həmin siyasətçilərin adı bizə yaxşı məlumdur. Təəssüf ki, onlar haqq-ədaləti müdafiə etməkdənsə, işğalçı ilə əməkdaşlıq edir, ləyaqətlərini və mənsub olduqları beynəlxalq təşkilatların prinsiplərini şəxsi mənafelərinə qurban verirlər".