AMEA-nın vitse-prezidenti: 2019-cu ilin “Nəsimi ili” elan edilməsi Nəsimi ideyaları əsasında azərbaycançılıq təfəkkürünün inkişaf etdirilməsi baxımından çox mühümdür (ÖZƏL)


Digərləri 13 Yan 2019 08:00:22 199 0

AMEA-nın vitse-prezidenti: 2019-cu ilin “Nəsimi ili” elan edilməsi Nəsimi ideyaları əsasında azərbaycançılıq təfəkkürünün inkişaf etdirilməsi baxımından çox mühümdür (ÖZƏL)

2019-cu ilin “Nəsimi ili” elan edilməsi Nəsimi ideyaları əsasında azərbaycançılıq təfəkkürünün inkişaf etdirilməsi baxımından çox mühümdür.

Bakı. İlhamə İsabalayeva - Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin ölkədə "Nəsimi ili" elan edilməsi Azərbaycanın öz görkəmli şəxsiyyətlərinə, klassik ədəbiyyat irsinə müstəqillik dövründə də sahib çıxdığını və yüksək qiymət verdiyini, onların nümunəsində yeni nəsli inkişaf etdirmək məqsədini aydın şəkildə göstərir. Bunu özəl olaraq Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib. Onun sözlərinə görə, "Nəsimi ili"nin elan edilməsi böyük tarixi, ədəbi elmi əhəmiyyətə malikdir. İ.Həbibbəyli bildirib ki, vaxtilə ulu öndər Heydər Əliyevin İmadəddin Nəsimi ilə bağlı dövlət səviyyəsində qəbul etdiyi qərara əsasən, Nəsiminin yubileyinin keçirilməsi UNESCO-nun tədbirləri siyahısına daxil edilmişdi və bu tədbir ölkəmizdə geniş şəkildə qeyd edilmişdi. Eyni zamanda, ümummilli lider Heydər Əliyevin qərarı ilə ölkəmizdə ilk dəfə Nəsiminin heykəli ucaldıldı. Həmçinin Bakıda rayonlardan və metrostansiyalardan birinə Nəsimi adı verildi: "Bütün bunlar azərbaycançılıq ideyalarına, Azərbaycanın sabahına hesablanmış tədbirlərdir. Prezident İlham Əliyev tərəfindən qısa müddətdə Nəsimi ilə bağlı iki sərəncamın imzalanması mühüm hadisədir. Bu sərəncamlarla Nəsiminin 650 illik yubileyinin keçirilməsi və 2019-cu ilin "Nəsimi ili" elan edilməsi artıq müstəqillik şəraitində insanlarda Nəsimi ideyaları əsasında azərbaycançılıq təfəkkürünün inkişaf etdirilməsi, bu böyük sənətkarın dünyaya tanıdılması baxımından özünəməxsus əhəmiyyət kəsb edir. Bir müddət əvvəl Prezidentin təşəbbüsü ilə Nəsiminin vəfatının 600 illiyinin UNESCO-da təntənəli şəkildə keçirilməsi Azərbaycan mədəniyyətinin təbliği, Nəsiminin dünyaya təqdim olunması baxımından böyük rol oynayıb".