Daşıma şirkətlərinin rəhbərlərindən rüşvət alan vəzifəli gömrükçülər həbs edilib


Digərləri 12 Yan 2019 23:24:00 437 0

Daşıma şirkətlərinin rəhbərlərindən rüşvət alan vəzifəli gömrükçülər həbs edilib

Dövlət Gömrük Komitəsinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin Trend-ə daxil olan birgə məlumatında bildirilib ki, müxtəlif şəxslərin adlarına "Camex" daşıma şirkəti vasitəsilə beynəlxalq poçt bağlamalarında göndərilən kommersiya təyinatlı yüklərin Azərbaycan Respublikasının gömrük sərhədindən düzgün bəyan edilməməklə və sənədlərdən aldatma yolu ilə istifadə edilməklə, qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi barədə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə məlumat daxil olub.

Son.az Trend-ə istinadən bildirir ki,  həmin daşıma şirkətinin yerləşdiyi ünvanda həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində 8 ədəd beynəlxalq poçt bağlamasına baxış keçirilib. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri Gömrük Postunda qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınmamış həmin bağlamalarda müxtəlif şəxslərin adlarına cəmi 23 min manat dəyərində elektron qurğular aşkarlanaraq götürülüb.

Dövlət Gömrük Komitəsi tərəfindən bu barədə aparılmış ilkin araşdırmalar nəticəsində ayrı-ayrı şəxslərin adlarına rəsmiləşdirilmiş kommersiya təyinatlı yüklərin saxta sənədlərdən istifadə olunaraq aldatma və Azərbaycan Respublikasının gömrük orqanlarına düzgün bəyan edilmədən qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi, habelə bu məqsədlə Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin vəzifəli şəxsləri tərəfindən xidmət üzrə ümumi himayədarlıq müqabilində müxtəlif şirkətlərin rəhbərlərindən rüşvət alınması, eləcə də səhlənkarlıq faktlarına görə Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən qaçaqmalçılıq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.3-cü (rüşvət alma külli miqdarda törədildikdə), 313-cü (vəzifə saxtakarlığı) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə başlanmış cinayət işi aidiyyəti üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib.