"Müdirlə yola getmirdi, onu incidirdi"


Kriminal 12 Yan 2019 15:56:29 625 0

"Müdirlə yola getmirdi, onu incidirdi"

İşlədiyi çörək sexinin müdirini öldürməkdə ittiham edilən gənc hakim qarşısına çıxarılıb. Onun qətli törətdikdən sonra Gəncəyə qaçdığı məlum olub.

Son.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1996-ci il təvəllüdlü Cəfərov İsmayıl Vahid oğlunun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər.

Şahid Mahir Kərimov taksi sürücüsü kimi fəaliyyət göstərdiyini deyib. O bildirib ki, həmin zaman çörək sexinin yaxınlığında olub.

Mahir Kərimov deyib ki, mərhum Elmar Qasımov onun maşınına əyləşib və təcili xəstəxanaya çatdırılmasını istəyib.

Şahidin dediyinə görə, əvvəlcə Elmar Qasımovun bıçaqlandığını bilməyib.

"Maşına özü əyləşdik. Normal şəkildə də yeriyə bilirdi. Dedi ki, onu xəstəxanaya aparım. Mən də sonra bildim ki, bıçaqlanıb. Qanaxma da görmürsən ki, bıçaqlandığını biləsən. Maşınıma bir damcı da qan düşməyib. Xəstəxanaya çatanda da vəziyyəti yaxşı idi. Sonradan dünyasını dəyişdiyini bildim. Polislər də məni şahid kimi çağırdı", - M.Kərimov qeyd edib.

Məhkəmədə təqsirləndirilən Ismayıl Cəfərovun dayısı Qalib Paşayev də dindirilib.

Onun sözlərinə görə, 29 yaşlı İsmayıl cinayəti törətdikdən sonra ona zəng edib.

"Mən Gəncədə idim. Zəng edib, müdirini bıçaqladığını dedi. Mən də onu yanıma çağırdım. Başqa səhv hərəkət etməsini istəmirdim. Gəncədə polisə özüm məlumat verdim. İsmayılı da aparıb polisə təhvil verdim", - şahid sərbəst ifadəsində söyləyib.