İslamda qonşu haqları


Digərləri 12 Yan 2019 07:11:00 353 0

İslamda qonşu haqları

Ailəmizdən sonra ən yaxın əlaqə qurduğumuz insanlar, şübhəsiz ki, qonşularımızdır. İnsan olaraq cəmiyyət halında yaşadığımız üçün hər birimizin qonşumuz vardır. Onlar günün hər saatında müxtəlif səbəblərlə qarşılaşdığımız insanlardır. Buna görə də, haqlarına hörmət göstərməli olduğumuz insanların arasında qonşularımız ön cərgələrdə dururlar. Xüsusilə şəhər yerlərində, çoxmərtəbəli binalarda onlarla ailənin bir binanı, bir giriş-çıxışı bölüşdüyünü nəzərə alsaq, belə yerlərdə qonşuluq münasibətlərinin yüksək səviyyədə qorunub saxlanılmasının nə dərəcədə əhəmiyyətli olduğu ortaya çıxmış olar.

Yaxın qonşu uzaq qohumdan yaxşıdır Son.az islam.az-a istinadən bildirir ki, qonşularımız çətin zamanlarımızda kömək istədiyimiz, sevincli anlarımızda sevincimizi bölüşdürdüyümüz insanlardır. Bu baxımdan onlar sanki ailəmizin bir üzvü kimidirlər. Bu səbəbdən ailə üzvlərinə göstərilən yaxınlıq və əlaqə yaxın qonşulardan da əsirgənməməlidir. Hər bir müsəlman öz qonşularının problemləri ilə yaxından maraqlanmalı, onların sevinc və kədərlərini bölüşdürməlidir. Hələ qədimdən "Yaxın qonşu uzaq qohumdan yaxşıdır" deyən dədə-babalarımız qonşu haqlarına böyük diqqət yetirmiş, xeyir və şərdə bir-birlərinə əl tutmuş, məclislərinin başında qonşularını oturtmuşdur. Bu xüsus İslamın gəlişi ilə daha da qabardılmış, qonşu haqları hər bir insan üçün xüsusi əhəmiyyət kəsb etməyə başlamışdır. Hər bir insanın haqqını qoruyan qanunlar gətirmiş İslam dini qonşu haqlarına xüsusi əhəmiyyət vermiş, ev satmazdan əvvəl ilk olaraq qonşunu xəbərdar etməyi, ev satın almadan əvvəl qonşu axtarmağı bizə tövsiyə etmişdir. Qonşu haqları haqqında Allahın əmrlərini və peyğəmbərimizin tövsiyələrini ələ alan hər bir müsəlman məsələyə məhz bu prizmadan yanaşsa, İslamın qonşuya və qonşu haqlarına necə böyük dəyər verdiyini anlamış olar. Təsadüfi deyil ki, Hz. Peyğəmbər də bir hədisində "Cəbrayıl qonşu haqları barədə mənə o qədər tövsiyə etdi ki, qonşunu qonşuya varis edəcəyini düşündüm" buyurmuşdur.  Qurani-Kərimdə qonşu haqları Nisa surəsinin 36-cı ayəsində dilə gətirilir: "Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), sahib olduğunuza (qul və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!"  Ayədə Allahın təkliyinə imanın vacibliyi vurğulandıqdan sonra, bir-bir haqlarını qorumalı olduğumuz insanlar sadalanır. Bu haqlardan biri də qonşu haqlarıdır. Bəs bu haqlar nədən ibarətdir? Qonşunun qonşusu üzərindəki haqqı Yuxarıda da qeyd etdiyimiz kimi, İslam dini qonşuluğa və qonşu haqlarına hələ ilk dövrlərdən çox böyük əhəmiyyət vermiş, qonşunu narahat edən hər cür davranış, dinimiz tərəfindən çirkin görülmüş, yerinə görə bu cür hərəkətlər hətta günah kimi qəbul edilmişdir. Deməli, əsl müsəlman heç bir qonşusunu narahat etməməli, heç birini incitməməlidir. Hədis kitablarında rəvayət olunur ki, bir gün Hz. Peyğəmbər ətrafındakılara üç dəfə "Vallahi iman etmiş olmaz" söyləyir. Ətrafında olan müsəlmanların "Ya Rəsulallah, kim iman etmiş olmaz?" sualına isə Böyük Peyğəmbərimiz belə cavab verir: "Qonşusu zülm və pisliyindən əmin olmayan insan iman etmiş olmaz". Peyğəmbərimizin xüsusi diqqət çəkərək söylədiyi bu hədisdən də göründüyü kimi qonşu haqqının imanla birbaşa əlaqəsi vardır və müsəlmanın qonşu haqqı olaraq ilk diqqət etməli olduğu iş qonşularının etibarını qazanmaqdır. Lakin iş bununla bitmir. Həqiqi müsəlman qonşusunun vəziyyəti ilə maraqlanmalı, acmı-ac deyilmi, bir problemi varmı-yoxmu deyə narahat olmalıdır. Çünki Hz. Peyğəmbər bir hədisində belə buyurmuşdur: "Qonşusu ac ikən özü tox olan kimsə mömin deyildir". Qonşu haqqını yenə də imanla əlaqələndirən bu hədis xüsusilə imkanlı şəxslərin üzərinə böyük məsuliyyət qoymaqdadır. Çünki bildiyimiz kimi, Allahın nemət verdiyi şəxslərin üzərində kasıbların, acların doyuzdurulması məsuliyyəti vardır. Əgər belə bir insan acları doyuzdurub, kasıbların haqqını verməsə həmin insanların haqqını yemiş olar. Qonşusunun çörək almağa pulu olmadığını bilən müsəlman buna göz yumaraq öz kefinə baxmamalıdır. Xüsusilə ətri tez yayılan yeməklər bişirilən zaman mütləq ondan kasıb qonşulara, körpə uşaqları olan ailələrə paylamaq lazımdır. Burada yeri gəlmişkən Peyğəmbərimizin dövründə yayğın olan, bu gün isə tam əksi görülən bir şeyi qeyd etmək lazımdır. İslama görə, qonşuluqda dünyasını dəyişən olanda, həmin şəxsin ailəsinin başı dəfn işlərinə qarışdığına görə yeməklə təmin edilməsi qonşuların üzərinə düşür. Necə ki, Hz. Peyğəmbər Cəfər ibn Talib şəhid olan vaxt, qonşularına onun ailəsi üçün yemək bişirib aparmalarını tapşırmışdır.  Beləcə hər bir müsəlman ilk növbədə bu haqlara əməl etməli, qonşusu üçün xeyirli olmağa çalışmalıdır. Çünki Hz. Peyğəmbər bir hədisində belə buyurmuşdur: "Allah qatında yoldaşların ən xeyirlisi yoldaşına ən xeyirli olandır. Qonşuların da ən xeyirlisi qonşusuna ən xeyirli olandır" . Yuxarıda sadalanan haqlardan başqa, hər bir müsəlmanın müsəlman üzərində dörd haqqı vardır ki, həqiqi qonşu bu haqlara da riayət eləməlidir:  1) xəstələnəndə ona dəymək; 2) öləndə cənazəsində iştirak etmək; 3) evinə dəvət edəndə dəvətini qəbul etmək; 4) yanında asqıranda, ona Allahdan mərhəmət diləmək. Yaxşı qonşu gözəl nemətdir İslama görə hər bir insan malik olduğu bütün gözəllikləri Allahın neməti bilməli və bunlara görə daim Allaha şükr etməlidir. Həqiqi müsəlman bilməlidir ki, müsəlman olmasından tutmuş əlində olan hər şeyə görə Allaha borcludur. Belə nemətlərin içində gözəl qonşu xüsusi yer tutur. Həqiqətən də, yaxşı qonşunun böyük nemət olduğunu yalnız qonşusu pis olanlar bilər. Yalnız pis qonşu əlindən öz evindən köçən neçə-neçə şəxslərin mövcudluğu özü-özlüyündə "qonşun pisdir köç qurtar" məsəlinin doğru olduğunun əyani sübutudur.  Nəticə olaraq onu yaddan çıxarmamalıyıq ki, İslam dini cəmiyyət həyatına böyük əhəmiyyət verir. Buna görə də müsəlman olan insanın xüsusilə də müsəlman olmayan ölkədə qonşularla münasibətdə diqqətli olmalıdır. Diliylə onlara İslamı təbliğ etməsə də, öz hərəkətləriylə onlara örnək olmalı, İslamın insan haqlarına verdiyi əhəmiyyəti onlara öz hərəkətləri ilə təlqin etməlidir. Təsadüfi deyil ki, Malaziya, İndoneziya kimi islami fəthlərin gedib çıxa bilmədiyi ölkələrdə İslam ticarət üçün oralara gedib çıxmış müsəlman tacirlərinin vasitəsilə daha geniş yayılmış, məhz onların yaşadığı həqiqi İslam yerli camaatı özünə cəlb etmişdir. Bu gün müsəlman ailələrinin yerləşdiyi Amerika və Avropa ölkələrində də eyni situasiya ilə qarşılaşırıq. Bütün bunları nəzərə alsaq görərik ki, qonşu haqları maddi dəstək çərçivəsi ilə kifayətlənmir, bunun arxasında daha böyük hədəflər durur. Elə isə biz də yaşadığımız bölgədə qonşularımızın etibarını qazanmalı, onlarla sıx münasibət quraraq problemləri ilə maraqlanmalı, salamlaşmanı yayarıq uşaqlarımızı da buna öyrətməli və beləcə öz əməllərimizlə qonşularımıza örnək olmalıyıq.