Körpələrdə timomeqaliya


Digərləri 11 Yan 2019 23:47:00 237 0

Körpələrdə timomeqaliya

Timomeqaliya azyaşlı uşaqlarda tez-tez rast gəlinən haldır. İmmunitetin yaranmasına cavabdeh olan çəngəlvari vəzin ölçüləri bir qədər artır və lazımi səviyyədə fəaliyyət göstərmir. Həmin uşaqların immuniteti kifayət dərəcədə olmur, onlar tez-tez kəskin respirator virus infeksiyalarına yoluxur və xəstəliyi daha ağır keçirirlər. Xəstəliyin dəqiq diaqnozunu ultrasəs və ya rentgenoqrafiya müayinəsi vasitəsilə qoymaq olar.

Son.az bildirir ki, timomeqaliyanın üç dərəcəsinin olduğunu bildirən Bakı şəhər 4 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Məlahət Qasımova AZƏRTAC-a verdiyi müsahibədə deyib: "Xəstəliyin səbəbi kimi irsi faktorlar, hamiləlik toksikozları, hamiləlik zamanı ananın keçirdiyi infeksion xəstəliklər, xarici mühitin zərərli faktorları və gecikmiş hamiləliyi misal göstərmək olar.

Digər göstəricilərə görə uşaq sağlamdırsa, I və II dərəcəli timomeqaliyası olanlarda planlı peyvəndlərin edilməsinə əks göstəriş yoxdur. Lakin çəngəlvari vəzin ölçüləri III dərəcə böyümüş xəstələrə xüsusi diqqət tələb olunur. Altı aylığına qədər həmin uşaqlara poliomielitdən başqa digər peyvəndlər etdirməyə icazə verilmir. Yalnız nevropatoloq və endokrinoloqun iştirakı ilə aparılan xüsusi müalicə kursundan sonra peyvəndlərin aparılması mümkündür".

Pediatrın dediyinə görə, timomeqaliyalı uşaqların qidasında kifayət qədər askorbin turşusu olmalıdır: "Həkimlər həmin uşaqlara həb, damcı və dəmləmə şəklində biyan kökü, askorbin turşusu və vitamin təyin edirlər. Müalicə kursu 5-6 yaşa qədər ildə iki dəfə bir ay müddətində aparılır.

İmmun sisteminin ən güclü stimulyatorları - qida, hava və fiziki fəallıqdır. Məhz həmin təbii vasitələrin köməyi ilə orqanizmi daimi şəkildə stimulyasiya etmədən immuniteti süni şəkildə möhkəmləndirmək cəhdləri yalnız qısa müddət ərzində müsbət nəticə verə bilər.