İnsanlar "Bozbaş”ların, "Fəlakət”lərin filmləri üçün hətta növbəyə düzülürlər. Könül istər ki...


Kriminal 11 Yan 2019 22:49:00 471 0

İnsanlar "Bozbaş”ların, "Fəlakət”lərin filmləri üçün hətta növbəyə düzülürlər. Könül istər ki...

"Ortaq bir nöqtə tapmaq lazımdır ki, sənət bayağılığa yuvarlanmasın, eyni zamanda da insanlara yaxın olsun" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

İl olub 2019. Ötən illərə nəzərə salsaq, incəsənətin iki böyük qolu - teatr və kino sahəsində bir çox nailiyyətlərin əldə edildiyinin şahidi olarıq. Bir ölkənin tanınması üçün məhz bu iki sənət sahəsinin müstəsna rolu var. Kino sənətində son illər yaranan yeni nəfəs, komediya filmlərinin çəkilməsi, kinoteatrlarda xarici filmlərlə rəqabət aparması gözəl tendensiyadır. Ancaq bu kinoların keyfiyyəti, insanlara ötürdüyü mesajlar necə, yerindədirmi? Ticarət mərkəzlərində yerləşən kinoteatrlarımızın yanından keçmək mümkün deyil. İnsanlar "Bozbaş"ların, "Fəlakət"lərin filmləri üçün hətta növbəyə düzülürlər. Könül istər ki, bu növbəni teatrlarımızda da görək. 

Bəzən düşünürük ki, müasir dövrdür, insanlar daha çox elektron versiyalara, texnologiyaların yaratdığı imkanlardan istifadə edib, yeni şeylərə baxmaq istəyir. Teatr da canlıdır axı, hər şeyin kompyuterləşdiyi bir zamanda əlimizdə canlı qalan yeganə sənət növlərindən biridir. Yaxşı olmazdımı, 10-15 manat kinoteatrlara pul verib bilet alanlar 7 manat verib teatrlara bilet alaydılar. Mirzə Fətəli Axundzadənin insanları necə ayıltdığını, Cəlil Məmmədquluzadənin dilimizi, milli-mənəvi dəyərləri qorumağın vacibliyini necə vurğuladığını görəydilər. Bəzən deyirlər ki, indi göbələk kimi yaranan komediyalar, yeni filmlər teatrın effektini, təsir gücünü öldürüb. Mənsə bu fikirlərlə razılaşmayanlardanam. Teatrın tamaşaçısı az da olsa var. Müəyyən bir kütlə var ki, onun nümayəndələri mənəvi istirahəti teatrlarda görür, məhz burda zövq alırlar.