"Fransada, ilk növbədə, “sarı jiletlilər”ə tutulan divanı xatırlasınlar, sonra kiminsə məsələsinə hüquqi qiymət verməyə çalışsınlar"


Siyasət 11 Yan 2019 19:16:00 246 0

"Fransada, ilk növbədə, “sarı jiletlilər”ə tutulan divanı xatırlasınlar, sonra kiminsə məsələsinə hüquqi qiymət verməyə çalışsınlar"

Fransa Xarici İşlər Nazirliyinin Mehman Hüseynov məsələsi ilə bağlı Azərbaycana qarşı diplomatik etika baxımından qeyri-etik hesab edilən münasibət bildirməsi öz gözündə tiri görməyənlərin başqasının gözündə tük axtarmasına bənzəyir.

Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputatun fikrincə, yaxşı olar ki, Fransada, ilk növbədə, "sarı jiletlilər"ə tutulan divanı xatırlasınlar, saxlanılan 4500-dən çox dinc nümayiş iştirakçısının hüquqları barədə düşünsünlər, sonra kiminsə məsələsinə hüquqi qiymət verməyə mənəvi haqları olsun:

"Paris küçələrində çarəsiz qalmış vətəndaşlar sosial problemlərinin həll edilməsi tələbi ilə mitinq keçirən zaman Fransa polisi ən qəddar zorakı metodlara əl ataraq elə Fransa konstitusiyasında əksini tapan vətəndaşların sərbəst toplaşmaq azadlıqlarını pozdu. Ölüm hadisəsinə qədər şiddətlənən bu zorakılıq əslində Fransa polisinin qəddarlığının ənənəvi təzahürüdür. Çünki bu cür zorakılıq halları orada tez-tez təkrar olunan hadisədir".

H.Babaoğlunun sözlərinə görə, bütün bunlar azmış kimi, hazırda dinc nümayişçiləri sərt şəkildə cəzalandırmaq üçün yeni qanun qəbul etməyə hazırlaşırlar ki, bu qanun da Fransa konstitusiyasına zidd olduğu kimi, demokratik dəyərlər adlandırdığımız qlobal və universal dəyərlərə də ziddir:

"Bu, insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılmasıdır. Qanun layihəsində mitinq iştirakçılarının xüsusi texniki vasitələrlə etiketlənməsindən (şifrələnməsindən) tutmuş ictimai asayişə dəyən ziyanın mitinq iştirakçıları tərəfindən ödənilməsinə qədər çox ciddi sanksiyalar nəzərdə tutulur. Heç bir demokratik ölkədə vətəndaşa qarşı belə amansız tədbirlər həyata keçirilmir. Ona görə də hər şeydən əvvəl Fransa hökuməti belə məsələlərə düzgün qiymət verməyi bacarmalıdır. Yoxsa hər addımında ermənipərəst mövqe tutmaq, Azərbaycan kimi ciddi tərəfdaş ölkəyə erməni eynəyi ilə baxmaq doğru deyil. Bu nə demokratiya və insan hüquqları baxımından, nə də beynəlxalq hüquq və ədalət baxımından doğrudur".