"Rusiya vətəndaşlarından ötrü belə narahatdırsa, niyə Dilqəm Əsgərovun ermənilər tərəfindən girov götürülməsinə göz yumur?"


Siyasət 11 Yan 2019 18:50:00 410 0

"Rusiya vətəndaşlarından ötrü belə narahatdırsa, niyə Dilqəm Əsgərovun ermənilər tərəfindən girov götürülməsinə göz yumur?"

Azərbaycanın sərhədləri Azərbaycana dost kimi gələn, qərəzsiz gələn, Azərbaycana qarşı heç bir düşmənçilik, təxribatçılıq niyyəti olmayan hər kəsə açıqdır.

Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Elman Məmmədov Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanın erməni millətindən olan Rusiya vətəndaşının Azərbaycana buraxılmamasına görə ittihamına münasibət bildirərkən deyib.

E.Məmmədovun sözlərinə görə, M.Zaxarova da çox gözəl bilir ki, Azərbaycan Ermənistanla 30 ilə yaxındır müharibə vəziyyətindədir:

"Dağlıq Qarabağda gərgin döyüşlər gedən vaxtlarda Rusiya, Gürcüstan, Ukrayna, Latın Amerikası ölkələri, Fransa, Suriya, Livan və digər ölkələrin vətəndaşı olan ermənilər muzdlu qatil kimi gələrək Ermənistan silahlı qüvvələrinin tərkibində Azərbaycana qarşı vuruşurdular, soyqırım törədirdilər. Belə olan halda Azərbaycan bunları bilə-bilə öz təhlükəsizliyini niyə şübhə altında qoymalıdır? Xanım Zaxarova bunu başa düşməlidir. Rusiya da öz təhlükəsizliyini təmin etmək üçün bütün vasitələrdən istifadə edir, o cümlədən özü üçün təhlükəli saydığı şəxsləri hansı dövlətin vətəndaşı olmasından asılı olmayaraq ölkəsinə buraxmır və bu, təbii haldır. Azərbaycan dövləti də vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün müvafiq addımlar atmağa məcburdur".

Millət vəkili əlavə edib: "Əgər Rusiya öz vətəndaşlarının təəssübünü bu cür çəkirsə, onlardan ötrü bu cür narahatdırsa, niyə ermənilər tərəfindən girov götürülmüş Rusiya vətəndaşı Dilqəm Əsgərov barədə bir söz demir? Əgər xaricdə Rusiyanın hər hansı vətəndaşına qarşı ədalətsizlik olursa, rəsmi Moskva dərhal həmin ölkələrə bəyanat verir, danışıqlar aparır. Dilqəm Əsgərov da Rusiya vətəndaşıdır, niyə onun ermənilər tərəfindən qanunsuz girov götürülərək, ədalətsiz "məhkəmə" ilə həbs olunmasına göz yumur? Nəzərə alınmalıdır ki, Dilqəm Əsgərov öz doğma yurdunda, Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonunda girov götürülüb".