Emin Şəkinskinin keçmiş qaynı məhkəmədə ifadə verməkdən imtina etdi


Digərləri 11 Yan 2019 15:55:00 286 0

Emin Şəkinskinin keçmiş qaynı məhkəmədə ifadə verməkdən imtina etdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, general-mayor Emin Şəkinskinin keçmiş qaynı Fərid Yusubun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə F.Yusub özünü təqsirli bilmədiyini deyib.

Daha sonra ona sərbəst ifadə verməsi təklif olunub. Lakin F.Yusub ifadə verməkdən imtina edib. Bildirib ki, istintaqda ifadə verməyib, heç bir sənədə də qol çəkməyib.

Məhkəmədə onun 2018-ci ilin avqust ayının 18-də ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. İfadədə qeyd edilib ki, F.Yusub Bakı şəhərində doğulub, Rusiyada qeydiyyatdadır. O, valideyinlərinin hər ikisinin rəhmətə getdiyini, 3 bacısı, 2 qardaşı olduğunu, universiteti yarımçıq qoyub, 2008-ci ildə Rusiyaya getdiyini və orada ticarətlə məşğul olduğnu bildirib.

F.Yusub dindirilən zaman vurğulayıb ki, bacısı Gülnarə Şəkinskaya keçmiş həyat yoldaşı Emin Şəkinski ilə 1998-ci ildə evlənib, 2008-ci ildə isə ayrılıb, onların ailə məsələlərinə qarışmayıb: "İttihamda qeyd edilən şəxslərdən yalnız bacım Gülnarəni tanıyırdım, digər şəxslərlə əlaqəm olmayıb. Bacım isə ölkəni tərk etməsi barədə mənə heç bir məlumat verməmişdi. Həmin evdən aparılan 60 min manat pul isə bacım Gülnarənin özünün olub. Bunun Emin Şəkinskiyə heç bir əlaqəsi yoxdur".

O, hakimin suallarını cavablandırarkən deyib ki, 2014-cü ildə bacısı Gürcüstanda olan zaman onunla əlaqə saxlayıb, sonra Belarusdan onun yanına gəlib: "Lakin bacım ölkəni necə tərk etdiyi barədə mənə heç nə demədi. Bir müddət sonra Rusiyada həbs edildim. Həmin zaman bildim ki, bacımın işi üzrə ittiham edilirəm. Həbsimdən 1 il sonra Azərbaycana ekstradisiya edildim. Rusiyada evlənmişəm, 3 uşağım var".

F.Yusub istintaqa verdiyi ifadəsinin bəzilərini xatırlamadığını deyərək bacısı ilə Gürcüstanda görüşməsini təsdiqləyib.

F.Yusub prokurorun ona verdiyi suallardan da imtina etdiyini, ittihamları rədd etdiyini bildirib.

Prosesdə şahid qismində Namiq Camalov da dindirilib. O, bu iş üzrə 2014-cü ildə həbs edildiyini, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edildiyini ifadə edib: "Ali Məhkəmə mənim işimi Bakı Apellyasiya Məhkəməsinə geri qaytardı. Məhkəmənin qərarı ilə oğurluq ittihamı ittihamdan xaric olundu, saxta sənədlərin hazırlanması maddəsi ilə 3 il 6 ay cəza çəkdim, 2017-ci ildə isə azadlığa buraxıldım".

Binəqədi Rayon Polis İdarəsinin sabiq əməkdaşı olduğunu deyən şahid söyləyib ki, Gülnarə Şəkinskayanı Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevlə o tanış edib: "Gülnarə xanımı Bərdə rayonuna qeydiyyat şöbəsinə öz maşınımla aparıb, saxta sənədlərin hazırlanması üçün Şəfiqə xanımla tanış etdim. Sonra bir neçə şəxslə onu və uşaqlarını Gürcüstana keçirdik. Gülnarə xanım mənə bunun müqabilində 5 min manat pul verdi. Fərid Yusubu isə tanımıram, onu heç vaxt görməmişəm. Mən həbs ediləndə ittihamda Fəridin adı da var idi".