Stiven Monroz: "Qəbələ"dəki büdcə dəyişikliyi əməkhaqqıma heç bir təsir etmədi"


İdman 11 Yan 2019 14:07:00 425 0

Stiven Monroz: "Qəbələ"dəki büdcə dəyişikliyi əməkhaqqıma heç bir təsir etmədi"

 "Qəbələ" klubunun fransalı futbolçusu Stiven Jozef-Monroz "Report"a müsahibə verib.

Goal.az həmin müsahibəni təqdim edir:

- Yeni İli harda və necə keçirdiniz: Mövsümün ilk yarısının yorğunluğunu yaxşı istirahətlə çıxara bildinizmi?

- Fransada ailəmlə oldum. İstirahətimi yalnız ailəmlə keçirməyi üstün tutdum. Yaxşı dincəldim.

- Hansısa ekzotik ölkəyə istirahətə yollanmağı düşünmədiniz?

- Xeyr. Kubok matçlarından sonra fasilə az olduğundan, qərara gəldim ki, bu dəfə heç yerə getməyim, evdə elə ailəmlə qalım. Həm də bu yaxınlarda yenidən atam oldum. Mövsüm bitdikdən sonra bəlkə harasa istirahətə getdim.

- Cari mövsümün ilk yarısını "Qəbələ" üçün necə dəyərləndirərdiniz? 

- Bu çempionat bizim üçün yaxşı başlamadı. Bir neçə yeni futbolçumuz vardı və onların komandaya uyğunlaşması müəyyən müddət apardı. Eləcə də hamının bir-birinə uyğunlaşması, baş məşqçi dəyişikliyindən sonra komandanın oyununu tapması da zaman aldı. Ancaq daha sonra nəticələr bir qədər düzəlməyə başladı. Bu da o demək idi ki, artıq həmin yeni futbolçular "Qəbələ"yə uyğunlaşmışdılar. Nəticə də bu formada gəlməyə başladı. Fikrimcə, son gələnlərdən Ceyms Adeniyi ilə Lalavele Atakora komandaya çox kömək edirlər. Onlar yaxşı formadadırlar. İndiki vəziyyətdə isə bu möhkəm birliyi, yaxşı ab-havanı qoruyub saxlamalıyıq. Hazırda məşqlərimiz yaxşı keçir. baş məşqçimiz Sənan Qurbanov çox yaxşıdır. İstərdik ki, bu birliyi davam etdirək və çempionat başlayanda onun nəticəsini daha yaxşı görə bilək.

- Bu mövsüm belə fikir formalaşıb ki, hazırkı "Qəbələ"nin əsas gücü məhz Monroz - Adeniyi - Atakora üçlüyüdür. Bu "trio" yaxşı oynayanda, komanda da nəticə qazanır, əks halda, uğursuzluq olur. Bu fikirlə nə dərəcədə razısınız?

- Yox, deməzdim ki, "Qəbələ"nin gücü bizim "trio"dadır. Ola bilər ki, ayrı-ayrılıqda keyfiyyəti yüksək olan futbolçularıq. Amma əsas güc olduğumuz fikri  ilə razı deyiləm. Çünki hamımız "Qəbələ"nin üzvüyük və komandaya xidmət göstəririk. Bizim üçün "Qəbələ"nin nəticəsi daha maraqlıdır. Ola bilər ki, mövsüm başlayanda bu "üçlük" yaxşı çıxış etmirdi. Ona görə də həmin vaxtlar nəticə olmurdu. Bir müddət, konkret "Neftçi"yə qalib gəldiyimiz oyundan sonra çox yaxşı oynadıq. Nəticədə ürəkləndik və bu, ardıcıl bu qaydada getməyə başladı. Amma yenə də nəticələr bizim "üçlük"dən asılı deyil. Çünki komandada müdafiə xəttində oynayan futbolçular da var. Onların da yaxşı çıxış etmələri səbəbindən nəticəmiz gəlir. Hər kəs meydanda öz işini yaxşı şəkildə görməkdə davam etdikcə, motivasiyamız da yüksək olur. Bu da bizi növbəti matçları udmağa kökləyir.

- "Qəbələ"nin keçən il də afrikalı "trio"su vardı. Onda Baqali Dabo və Famussa Kone ilə birgə hücumda çıxış edirdiniz. Maraqlıdır, Monroz hansı "üçlüy"ü daha güclü sayır?

- Bu "üçlük"lər arasında seçim edə bilmərəm. Çünki mənim üçün fərqi, "ən yaxşı trio bu və ya o idi" deyə bir şey yoxdu. Keçən mövsüm bizdə adını çəkdiklərinizlə yanaşı, Filip Ozobiç və digər futbolçular vardı. Həmin vaxt komandada oyunçu, keyfiyyətli, Avropada oynamış futbolçu sayı çox, rəqabət isə güclü idi. Hətta deyərdim ki, keçən mövsüm "Qəbələ"yə yeni gəldiyim vaxt çox qarşılaşma olmuşdu ki, Dabo və Kone ilə birgə oynamamışdıq və ya hansımızsa ehtiyatda oturmuşduq. Deyə bilərəm ki, son 5 görüşdə birgə oynamışdıq və onda da artıq bir-birimizə uyğunlaşmışdıq. Ola bilər ki, keçən mövsüm daha yaxşı oynayırdım, həmin "üçlük" daha çox nəzərə çarpırdı. Ancaq bu mövsümün əvvəlində daha yaxşı çıxış etmədiyimi hesab edirəm. Ona görə də budəfəki "trio" sonradan özünü göstərdi. Bu da o deməkdir ki, müddət keçdikcə bir-birimizi meydanda daha yaxşı anlamağa başladıq.

- Sizin adınız qış fasiləsində digər klublarla çox hallanır. Əsasən da "Neftçi" və Türkiyə klublarının transfer siyahısında olduğunuz deyilir. Bunlar nə dərəcədə realdır və "Qəbələ"dən gedişiniz gözləniləndir?

- Hazırda "Qəbələ"nin futbolçusuyam və klubla olan müqaviləmə hörmətlə yanaşıram. Getmək variantı real olarsa, bundan sonra müzakirələr mümkündür. Ancaq hələ ki yalnız "Qəbələ" haqda düşünürəm. 6 aylıq müqaviləm bitdikdən sonra məsələyə baxarıq. Bəlkə də "Neftçi" məni istəyə bilər, çünki orada yaxşı futbolçular var. Amma mənimlə maraqlananların hamısı bilir ki, "Qəbələ" ilə sözləşməm qüvvədədir. Eyni şərtlərlə müqavilə təklif edə bilmirlər deyə, bəlkə də bu üzdən müraciət etmirlər. "Qəbələ" ilə müqaviləm olduğundan, başqa klublar məni maraqlandırmır. Ümumiyyətlə, burada çıxış edəcəyimə qərar vermişəmsə, artıq digər təkliflər və ya başqa şeylər mənə maraqlı deyil. Sonra isə nəsə baş versə, bunu hamı biləcək ki, Stiven başqa kluba getdi. Trükiyədən də mənimlə maraqlandıqlarını təkzib etmirəm. Ancaq bildiyimə görə, hazırda bu ölkədə maddi vəziyyət yaxşı deyil.

- Yəni, menecerlər səviyyəsində təklif gəlməyib?

- Yalnız Türkiyədən hazırkı qış fasiləsində konkret təklif olmuşdu. Ancaq bu, məni maraqlandırmadı.

- Bir klub idimi və konkret ad çəkə bilərsiniz?

- Bəli, bir klub idi. Superliqa yox, I Liqa təmsilçisi idi. Ad çəkmək istəmirəm, amma onu deyə bilərəm ki, öz liqasında yuxarı yer üçün mübarizə aparmaq istəyən komanda idi.

- "Qəbələ"nin ildən-ilə maddi durumu zəifləyir, büdcəsi azalır. Amma dediklərinizdən belə anlaşılır ki, klubdakı maddi qazancınız Sizi qane edir...

- Bəli. "Qəbələ"də hazırda maddi durum, ümumiyyətlə, hər şey məni qane edir. Heç bir sıxıntım yoxdur. Komandaya gələndə, mənimlə 2 illik müqavilə imzalanmışdı. Sonra büdcə aşağı düşdü və ya nəsə oldusa, bu, əməkhaqqımda heç bir dəyişikliyə səbəb olmadı. Komanda tərəfindən həmişə hörmətlə qarşılandım, mənə bütün məsələlərdə dəstək oldular. Ona görə də komandam üçün çalışır, burada özümü çox yaxşı hiss edirəm. Büdcənin artıb-azalması klub prezidenti ilə bağlı məsələdir. Onun da qərarlarına hörmətlə yanaşırıq. Nəyisə dəyişirsə, deməli, başqa bir fikrə gəlir ki, bu addımı atır.

- Əgər “Qəbələ" ilə müqaviləniz olmasaydı, "Neftçi"yə keçmək, yenidən Baqali Dabo ilə komanda yoldaşı olmaq istərdiniz?

- “Əgər”lərlə danışmağı xoşlamıram. Bu, artıq həmin vəziyyətdən asılı olacaq. “Qəbələ” ilə müqaviləm olmasaydı, “Neftçi”dən təklif gəlsəydi, onda vəziyyətə baxılacaqdı. Amma “Neftçi”yə də hörmətim var. Çox yaxşı, köklü klubdur. Lakin hazırda “Qəbələ”dəyəm, bura bağlıyam. Sabah bilmək olmaz, bəlkə bizdə də büdcə artdı. Onda başqa şeylər ola, vəziyyət dəyişə bilər.

- Təmkin Xəlilzadənin gedişi komandanıza necə təsir edə bilər?

- Təmkinin bizdən getməsi mənim üçün sürpriz oldu. Fikrimcə, o, komandanıza fayda verən yaxşı futbolçu idi, yaxşı oynayırdı. İstirahətdən qayıdandan sonra məşqlərimizdə Təmkini görməyəndə, onu xəbər aldım. Dedilər ki, “Sabah”a keçib. Bu, ya özünün qərarıdır, ya da klubun – hər halda, öz aralarında həll ediblər. Bu məsələnin mənə aidiyyatı yoxdur. Çünki heç kim məndən soruşmur ki, "Stiven, bu getsə, bu, gəlsə necə olar?" Bu, daha çox klub prezidentinə veriləsi sualdır. Fikrimi bimək istəyiriksə, Təmkinin qalması daha yaxşı olardı. O həm də yaxşı oğlan, yaxşı insandır. Düşünürəm ki, getməyə qərar veribsə, deməli, özü üçün daha yaxşısını seçib. Bu da məni xoşbəxt edir.