Azərbaycanda donuzlarda peyvəndləmə aparıldı (FOTO)


Digərləri 11 Yan 2019 13:12:00 182 0

Azərbaycanda donuzlarda peyvəndləmə aparıldı (FOTO)

Baytarlıq mütəxəssisləri təsərrüfatda saxlanılan 198 baş donuza baxış keçirib, 3 aydan yuxarı donuzları qarayara xəstəliyinə qarşı peyvənd edərək 712 kvadratmetr sahədə dezinfeksiya aparıblar.

Bakı. Gürcüstan Respublikasında insanlar arasında sürətlə yayılan “donuz qripi” (A-H1N1 tipi) xəstəliyinin ölkəmizə keçməsinin qarşısını almaq, təsərrüfatlarda epizootoloji sabitliyi təmin etmək məqsədi ilə donuzçuluq təsərrüfatlarına mütəmadi baytarlıq baxışı, sahibkarlarla görüşlər keçirilir və təsərrüfatlarda dezinfeksiya tədbirləri aparılır. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən (DBX) Trend-ə verilən məlumata görə, belə tədbirlərdən biri də İsmayıllı Rayon Baytarlıq İdarəsi tərəfindən rayonun İvanovka kəndində yerləşən Nikitin adına təsərrüfatda icra edilib. Baytarlıq mütəxəssisləri təsərrüfatda saxlanılan 198 baş donuza baxış keçirib, 3 aydan yuxarı donuzları qarayara xəstəliyinə qarşı peyvənd edərək 712 kvadratmetr sahədə dezinfeksiya aparıblar. Baytar mütəxəssislər “donuz qripi” xəstəliyi barədə təsərrüfatda çalışanları bir daha məlumatlandıraraq bildiriblər ki, xəstəliyin inkubasiya dövrü 1-2 gündür, nadir hallarda 6-7 gün də olur. Xəstəliyin ilkin dövrində temperatur 410C kimi qalxır, iştah pozulur, 2-3 gündən sonra heyvanın vəziyyəti daha da pisləşir, depressiya, ümumi zəiflik baş verir. Xəstəliyin ilkin əlaməti öskürmək, burundan seliyin axması, çətin tənəffüs, əzələ və oynaqlarda ağrıların olmasıdır. İkincili infeksiyanın inkişafı ilə əlaqədar olaraq pnevmoniya, plevrit və perikardit inkişaf edir. Çoşqalar arasında ölüm 60-70%-ə kimi çata bilir. Xatırladılıb ki, xəstəliyin spesifik müalicəsi yoxdur, heyvanlarda yalnız simptomatik müalicə aparılır. Odur ki, hər hansı narahatçılıq zamanı baytar həkimi ilə əlaqə saxlanılsın. Həmçinin rayonun baytar mütəxəssisləri tərəfindən təsərrüfat sahiblərinə və sakinlərə heyvanların yemlənməsi və bəslənməsində zootexniki qaydalara əməl edilməsinə dair tövsiyələr də verilib.