Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin dövriyyəsi üzrə yeni rekord müəyyənləşdirib


Digərləri 11 Yan 2019 11:54:00 286 0

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin dövriyyəsi üzrə yeni rekord müəyyənləşdirib

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin dövriyyəsinin həcminə görə yeni rekord müəyyənləşdirib - ötən il ərzində hava limanı ümumilikdə 4,43 milyon sərnişinə xidmət göstərib. Bu, 2017-ci ilin göstəricisindən 9 faiz çoxdur.

Heydər Əliyev Beynəlxalq Aeroportundan mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, 2018-ci il ərzində aeroportun baza aviadaşıyıcıları - AZAL və "Buta Airways" müvafiq olaraq 1,89 milyon və 442 min sərnişin daşıyıb.

Beynəlxalq reyslərlə ümumilikdə 3,81 milyon sərnişin, regional reyslərlə isə 620 min sərnişin daşınıb.

Beynəlxalq reyslərin ümumi sayının 33,4 faizi AZAL-ın, 11,6 faizi "Buta Airways"in, 55 faizi isə xarici aviaşirkətlərin payına düşüb.

2018-ci ildə beynəlxalq sərnişin aviadaşımaları üzrə aviaşirkətlərin onluğuna AZAL və "Buta Airways" ilə yanaşı "Turkish Airlines", "FlyDubai", "Aeroflot", "UIA" (Ukrayna Beynəlxalq Hava Yolları), "Air Arabia", "S7 Airlines", "Qatar Airways", "Utair", "Lufthansa" və "SCAT" daxil olub. Onlar ümumilikdə 1,15 milyon sərnişinə xidmət göstərib.