40 ildir hökm edən "Qayınana" FOTO


Kriminal 11 Yan 2019 05:30:00 504 0

40 ildir hökm edən "Qayınana"  FOTO

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Komediyanı kim sevmir, xüsusilə kinematoqrafik komediyanı? Komediyaya baxanda tamaşa zalında ətrafı gülüş səsləri bürüyür, kinoteatrdan xoş əhval-ruhiyyə ilə çıxırsan, baxdığın filmin yaradıcılarına öz ürəyində minnətdarlığını bildirirsən.

Biz hamımız incəsənətin bu növünü sevirik. Çünki o, adamların əhval-ruhiyyəsinə xoş təsir bağışlayır. 

Kinonun janrları arasında ən populyar olanı musiqili kinokomediyadır. Musiqili kinokomediyanı "ulduzlarsız" təsəvvür etmək mümkün deyil. Azərbaycan estradasının kralı, müğənni və aktyor Rəşid Behbudov, görkəmli gülüş ustalarından Mirzəağa Əliyev, Ələkbər Hüseynzadə, Mustafa Mərdanaov, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Bəşir Səfəroğlu, Hacıbaba Bağırov, Yaşar Nuri, Səyavuş Aslan, Münəvvər Kələntərli, Eldəniz Zeynalov və bu kimi digər sənətkarlarda komik və dramatik istedad, musiqi duyumu, xarici görünüş, milli temperament, zalı və ya kinokameranı hiss eləmək qabiliyyəti, tamaşaçıların sevgisini qazana biləcək digər nüanslar harmonik şəkildə birləşir. Belə aktyorlar uzun müddət musiqili komediyaların, ümumiyyətlə kinokomediyaların daşıyıcısı olurlar.

Misal üçün, xalq artisti Nəsibə Zeynalova "Ögey ana" (Fatmanisə), "Mollanın sərgüzəşti" (Gülsüm), "Ulduz" (Züleyxa), "Qanun naminə" (kəndli qadın), ""1001-cı qastrol" (Şərəbanı nənə), "Qayınana" (Cənnət), "Qorxma, mən səninləyəm" (Mərdanın anası), "Bəyin oğurlanması" (Nəsibə), "Yuxu" (Məsmə) kimi müxtəlif janrlı bədii filmlərdə mükəmməl komik obrazlar yaratmışdır.

Adını çəkdiyim filmlər içərisində rejissor Hüseyn Seyidzadənin son işi olan və bu il 40 yaşına çatmış "Qayınana" musiqili kinokomediyasının kino tariximizdə öz xüsusi yeri var.   Ümumiyyətlə, "Qayınana" tamaşasının və filminin maraqlı tarixçələri var. Bu tamaşa Musiqili Komediya Teatrında ilk dəfə 1965-ci ilin dekabrında göstərilmiş və tamaşaçılar tərəfindən böyük uğurla qarşılanmışdır. "Qayınana" musiqili komediyasını bəstəkar Zakir Bağırov aktyor Məcid Şamxalovun librettosu əsasında yazmışdır. İlk tamaşanın rejissoru Niyaz Şərifov, rəssamı Böyükağa Mirzəzadə idi.

"Qayınana" tamaşasını məşhurlaşdıran, əsl sənət hadisəsinə çevirən əsas səbəbkar aktrisa Nəsibə Zeynalovanın əvəzsiz oyunu olmuşdur. Təsadüfi deyil ki, "Qayınana" tamaşası xalq artisti Nəsibə xanımın sağlığında teatrda 1000 dəfədən çox oynanılmışdır. Bu faktın özü həmin əsərin xalqa nə qədər yaxın olduğunu bir daha sübut edir.

Maraqlı bir fakt. Ulu öndər Heydər Əliyev istər yaradıcılıq təşkilatlarında, istərsə də mötəbər məclislərdəki çıxışlarında həm teatr və kino sənətini, həm də teatr və kino işçilərinin əməyini həmişə yüksək qiymətləndirərdi. O, teatr tamaşalarına, filmlərə baxar, öz fikrini söyləyər, tövsiyələrini verərdi. Belə tamaşaların birində ulu öndər "Qayınana"ya baxandan sonra demişdi ki, kamil sənət ustası, realist sənətkar Nəsibə Zeynalovanın iştirakı ilə "Qayınana" tamaşasının ekran variantını çəkmək lazımdır.

1978-ci ildə ulu öndər Heydər Əliyevin bu tövsiyəsi reallaşdı. "Qayınana" musiqili kinokomediyası M.Şamxalovun eyni adlı pyesinin motivləri əsasında çəkildi. Filmin ssenari müəllifləri Əjdər İbrahimov və Marqarita Maleyevadır. Müəlliflər komediyanın süjetini saxlamaqla yanaşı, onun ekran variantına bəzi mühüm ştrixlər də əlavə etmişlər. Filmin şən və baxımlı olmasına, komik səhnələrin təsvirinə xüsusi diqqət yetirilmiş, bu məqsədlə kino sənətinin imkanlarından istifadə edilmişdir.

Rəngli, genişekranlı filmdə toxunulan mövzu ümumbəşəri və əbədidir. Məişət problemi kimi qaynana ilə gəlinin qarşılıqlı münasibət tarixçəsi yer üzündə ailələrin yaranışından mövcuddur.

Gəlinin bəy evinə gəlməsindən bir müddət sonra iki qadın, daha doğrusu, qaynana ilə gəlin arasında ya mehriban, xeyirxah, ya da, bir çox hallarda kəskin düşmənçilik münasibətləri qurulur. Bu vəziyyətdə kim haqlıdır, kim təqsirkardır?  Buna qəti cavab vermək çətindir! Təəssüf ki, mövcud ailə problemi dərin psixoloji tədqiqata cəlb olunmayıb, daha  doğrusu,  bu məsələyə elmi əsər, dissertasiyalar həsr edilməyib.

Dünyada dərisinin rənginə, millətinə və xarakterinə görə müxtəlif olan milyonlarla qaynana yaşayır. Bizim "Qayınana" filmi isə azərbaycanlı, dəqiq desək, bakılı qaynana haqqında söhbət açır.

Filmin qəhrəmanının adı Cənnətdir. Müəlliflər qayınanaya bu adı təsadüfən qoymayıblar. Bu ad çoxmənalıdır. Bu Cənnət, necə deyərlər, gəlinlərin başında turp əkən hökmlü qayınanadır. Cənnətin obrazını teatrda olduğu kimi, filmdə də görkəmli sənətkar, xalq artisti Nəsibə Zeynalova yaratmışdır. Filmdə, biz onun ifasında Cənnət xalanı daha qabarıq, daha dolğun cizgilərlə görürük. Nəsibə xanımın yaradıcılıq manerasına məxsus təbiilik, sərbəstlik və bütövlük nəinki obrazın, həm də filmin təsir qüvvəsinin xeyli artmasına imkan vermişdir.

Film yüngül yumoru, ağıllı dialoqları, milli müdrikliyi, sadə süjeti və personajların parlaq xarakterləri ilə diqqəti cəlb edir.

Vaxtilə rejissor Hüseyn Seyidzadədən  "Qayınana" filmi ilə bağlı aldığım müsahibədən:  "Filmin quruluşçusu kimi, etiraf edim ki, mən aktrisa Nəsibə Zeynalova ilə işimizdən böyük yaradıcılıq zövqü aldım. Geniş diapazon, onun aktyorluq fərdiyyətinin parlaq təkrarsızlığı, personajının obrazına tam dəqiqliyi ilə düşməsi, oyununda emosionallıq, doğruluq və kamera  qarşısında özünü olduqca təbii və səmimi  aparmaq bacarığı, Nəsibə Zeynalovanın rol üzərində zərgər işi həqiqətən bizim filmi zinətləndirir".

Əgər baş rolun - qayınananın ifaçısı ilə rejissorun bəxti gətirmişdisə, ona tərəf - müqabil - ikinci  gəlin  (Afət) roluna partnyor (oyundaş)  seçmək olduqca çətin idi. Burada səhv etmək olmazdı. Ona görə ki, bu duet filmin taleyini, onun bədii səviyyəsini həll edirdi.


Xəbərə aid fotolar