Abidə insan


Digərləri 10 Yan 2019 21:59:00 246 0

Abidə insan

Son.az ayna.az-a istinadən İbrahim Nəbioğlunun yazısını təqdim edir

Məmməd Novruzoğlu Əliyevin 75 illiyinə

1993-cü ilin avqust ayı idi. Azərbaycan prezidenti Heydər Əliyevin əmri ilə Azərbaycan Televiziyasının Türkiyə Təmsilçiliyi təsis olundu. Məni isə Heydər Əliyevin tövsiyyəsi ilə Təmsilçiliyin müdiri təyin etdilər. Həsən Həsənov Xarici işlər naziri vəzifəsinin icrasına yenicə başlamışdı. Mənə akkreditasiyadan keçmək üçün Türkiyə Xarici işlər nazirliyinə təqdim etmək üçün rəsmi bir məktub verdi.

O məktubla sentyabrın əvvəlində Türkiyəyə gəldim - nə yerim vardı, nə də yurdum, heç kamera və operatorum da yoxdu. İlk problem Təmsilçiliyin hansı şəhərdə açılmasına qərar verməkdi. Paytaxt Ankaranın öz üstünlükləri vardı, İstanbulun isə başqa. Bütün sentyabr ayını bu iki şəhər arasında get-gəllə keçirtdim. Prezident seçkilərinin tarixi gələndə Ankaraya gedib, səsvermədə iştirak etmək üçün İstanbuldan Ankaraya getdim. Düşündüm ki, həm də səfirlə görüşüb, onun da fikirləri ilə tanış olardım. Səfiri tanımırdım, adını ilk dəfə Bakıda Yusif Səmədoğludan eşitmişdim. Mənə demişdi ki, problemin olsa ona bizim qohum olduğumuzu çəkinmıdən söylə. Bir də dedi ki, ixtisasca fizikdir, Əbülfəz Elçibəy onu bir çox namizəd içindən seçib.

Və bazar günü, oktyabrın 3-də Ankaraya getmək üçün İstanbuldan yola çıxdım. Ankaraya çatanda səsvermə bitmək üzrə idi. Paytaxtın Çankaya səmtindəki Cemal Nadir küçəsində yerləşən səfirlik binasındakı sakit və işgüzar atmosfer, intizam və səhman diqqətimi çəkmişdi. Sanki səfir yüz iln diplomatı idi. Halbuki, cəmi bir il idi ki, Azərbaycan Respublikasının Türkiyə Cumhuriyyətindəki fövqəladə və səlahiyyətli səfiri idi...

Birinci mərtəbədə qurulmuş məntəqədə səs verdikdən sonra məni səfir Məmməd Əliyevin üst mərtəbədəki kabinetinə dəvət etdilər. Qarşımda 50 yaşlarında, yaraşıqlı, sadə, amma zövqlə geyinmiş bir adam dayanmışdı. Məni diqqətlə süzüb, yan tərəfdəki kresloda oturmağimi buyurdu. Nə qədər nəzakətli davransa da, məsafə saxlamaq istəməsi hiss olunurdu, bəlli ki, məni yaxına buraxmaq istəmirdi. "Niyə də buraxsın ki, - düşünmüşdüm. - Nə də olsa jurnalistəm, yazmadım elə, yazdım belə - durduğu yerdə başını kim ağrıtmaq istəyər?". Bəlkə də elə buna görə "Sizcə, AzTV-nin Türkiyədəki ofisini İstanbulda açım ya Ankarada?" sualına da birmənalı cavab vermədi. Söhbətimizin axırında "İstanbula gəlsəm, sizi tapacam" dedi. Bu da mənim təxminimin doğru olduğunu göstərirdi.

Axşam AzTV-nin "Xəbərlər" proqramına Ankaradan seçkilər haqda telefonla operativ xəbər oxudum, seçkilərdən, məntəqənin işindən və danışdım. Ertəsi gün isə türk dostlarımın köməyi ilə professional kamerası olan bir operator tapıb səfirliyə getdik. Məmməd müəllim məni bu dəfə də yaxşı qarşıladı, həm deyəsən dünənki reportajım haqda da ona məlumat vermişdilər. O gün Məmməd müəllimi düz 40 dəqiqə danışdırdım, Türkiyə-Azərbaycan münasibətlərindən tutmuş Heydər Əliyevin qarşıdakı rəsmi Türkiyə səfərinə qədər çox sayda suallar verdim. AzTV əsas xəbər bülletenində müsahibədən 3 dəqiqəlik qısa bir hissə verdi. "Xəbərlər" bitəndən sonra isə müsahibənin tamamı efirə getdi.

Bu mənim Ankaradan ilk video-materialım, Məmməd Əliyevin isə AzTV-yə ilk geniş müsahibəsi idi. Müsahibə böyük əks-səda doğurdu - xalq ölkəsinin xaricdəki səfirini yaxından tanıdı, onun səlist, məntiqli danışığını bəyəndi və təqdir etdi.

Heydər Əliyev Azərbaycan prezidenti seçildi. Görkəmli dövlət xadiminin ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında görünməmiş yüksəlişə təkan verdi, xarici siyasət və beynəlxalq münasibətlərdə yeni era başladı. Məhz bu sahənin Türkiyə istiqamətində Məmməd müəllim Heydər Əliyev komandasının ən fəal üzvünə çevrildi. Heydər Əliyev ömrünün sonuna qədər Məmməd Əliyevlə bərabər çalışdı...

* * *

1993-ün noyabr ayında akkreditasiyadan keçib "Mavi Basın Kartı" (Xarici jurnalistlər üçün Press kart) alıb qəti qərarımı verdim - AzTV-nin Türkiyə Təmsilçiliyini Ankarada açacam. Paytaxtın Yuxarı Ayrançı səmtindəki Portağal Yoxuşu küçəsində ofis və ev tutdum. Buradan səfirliyin yerləşdiyi Cemal Nadir küçəsinə maşınla beş dəqiqəlik yol idi. Evi və ofisi də Məmməd müəllimə yaxın olum deyə tutmuşdum. Bir il sonra məsafəni daha da azaltdım -  Sedat Simavi küçəsindəki daha geniş və daha gözəl evə köçdüm. Artıq səfirliklə aramızda 400 metr məsafə vardı.

Səfirliyin işi başından aşırdı, bir neçə ay sonra 4 fevral 1994-cü il tarixində Heydər Əliyevin Türkiyəyə rəsmi səfəri planlaşdırılırdı. Bu, Dövlət Başçımızın prezident kimi Türkiyəyə ilk rəsmi səfəri idi. Ziyarətə rəsmi Ankara və Azərbaycan Xariciyyəsi ciddi hazırlaşırdı. Məhz o səfər ərəfəsində mən Məmməd müəllimi daha yaxından müşahidə etmə imkanı əldə etdim. Onun yorulmaq nədir bilməyən çalışqanlığı, hiperaktivliyi, təşkilatçılıq qabiliyyəti mənim ona olan hörmətimi daha da artırdı. O səfərdən sonra mən Türkiyədə Heydər Əliyevin onlarla ziyarətinin iştirakçısı olmuşdum, amma o ilk səfər başqa idi. İki ölkə arasında çox sayda dövlətlərarası saziş və protokollar imzalandı, Türkiyə-Azərbaycan münasibətləri kəmiyyət və keyfiyyətcə görünməmiş səviyyəyə çıxdı.

Heydər Əliyev və onu müşayiət edən böyük nümayəndə heyəti Azərbaycan səfirinin yüksək təşkilatçılıq bacarığına, siyasi hazırlığına heyran qaldı. Sonralar Məmməd Əliyev Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Kars, Bakı-Tbilisi-Ərzurum kimi qlobal layihələrin ərsəyə gətirilməsində özünü o qədər miqyaslı bir diplomat kimi göstərdi ki, Heydər Əliyevin ən etibar etdiyi səfirlərdən birinə, hətta deyərdim ki, birincisinə çevrildi.

O dövrdə Türkiyə mətbuatında bəzi qüvvələr Azərbaycan haqqında, xüsusilə də onun neft strategiyası haqda əsilsiz yazılar dərc edirdi. Və o böyük "ordunun" qarşısına səfir təkbaşına çıxırdı. Təvazökarlıqdan uzaq olsa da, qeyd etməliyəm ki, bu işdə, xüsusilə də mətbuatla problemlərdə Məmməd müəllim mənə müraciət edirdi. Və mən bir dəfə də olsun Məmməd müəllimin "bir sözünü iki eləmədim". Əlimdən gəldiyi qədər Məmməd müəllimi "Döyüş meydanında" tək qalmağa qoymadım. Meydanda isə həqiqətən də tək idi və onun Azərbaycan sevgisini, Vətənə bağlılığı o günlərdə daha aydın sezilirdi.

Məmməd müəllimlə bəzən aramızda inciklik, soyuqluq yaranırdı, ancaq bütün bunlar hansısa iş prosesi əsnasında yaranan fikir ayrılığı üzündən olurdu. Şəxsi bir problem heç vaxt olmadı aramızda, bunun da səbəbi çox açıqdı - Məmməd müəllim mənim üçün şəksiz bir avtoritet idi. Mən səfirliyin işçisi deyildim, müstəqil idim, zatən səfirliyə də az-az - tədbirdən-tədbirə gəlirdim. Ancaq mütəmadi olaraq telefonla fikir mübadiləsi aparırdıq, jurnalist kimi qızğın Ankara siyasətinin içində yaşayırdım və fikirlərimi Məmməd müəllimlə bölüşür, bilgi paylaşımı edirdik.

Bir müddət sonra Məmməd Əliyev türk qəzetlərinin səhifələrindən enməməyə başladı. Həm sıravi müxbir və yazarlarla, həm də qəzetlərin Baş redaktor və sahibləri ilə o qədər yaxın əlaqələr qurmuşdu ki, Ankaradakı diplomatik missiyaların rəhbərləri ona qibtə edirdilər. Onun prezident Süleyman Dəmirəl, Baş nazirlər Məsud Yılmaz, Tansu Çiller, Bülent Ecevit, habelə Türkiyənin 2-ci prezidenti, Atatürkün silahdaşı İsmet İnönünün oğlu, Baş nazirin müavini vəzifəsində çalışmış Erdal İnönü, Alparslan Türkeş, Murad Karayalçın, Deniz Baykal kimi siyasətçilərlə olan yaxın münasibətləri Məmməd Əliyevə olan sayğı və sevgiyə ən bariz misaldır. 2002-ci ildə iqtidara Ədalət və İnkişaf partiyası (AKP) gəldi. Ölkədəki hakimiyyət dəyişikliyinə baxmayaraq yeni gələn iqtidar da  Məmməd Əliyevlə sıx çalışmağa başladı. Qısa müddət ərzində Recep Tayyip Erdoğan və onun komandası Azərbaycan səfirinin bitmək bilməyən enerjisindən, çalışma şövqündən danışmağa başladılar.

Məhz Erdoğan iqtidarı dövründə yuxarıda adlarını çəkdiyim qlobal enerji, nəqliyyat xətləri istifadəyə verildi. Azərbaycan dövlətinin beynəlxalq arenadakı nüfuzu getdikcə artır, onun adı qüdrətli ölkələrlə bir çəkilirdi. Prezident İlham Əliyev və prezident R.T. Erdoğanın strateji əməkdaşlığı dünyada tayı-bərabəri olmayan bir formaya keçirdi. Məmməd Əliyev üçün bundan böyük mükafat ola bilməzdi...

* * *

Məmməd Əliyev ixtisasca fizik idi, aspiranturanı Kazan universitetində oxumuşdu, namizədlik dissertasiyasını da orada müdafiə etmişdi.  Məmməd Əliyev hələ gənclik dövründən əla şahmat oynayır. Baş nazirin müavini, sonralar Tansu Çillər hökümətində Xarici İşlər naziri olmuş mərhum Erdal İnönü də yaxşı şahmatçı idi. Məmməd müəllimlə Erdal bəy boş vaxtlarında zaman-zaman şahmat oynayırdılar. Onların bu qarşılaşması haqda Ankarada xoş xatirələr danışırdılar. Usta şahmatçı Məmməd Əliyev insanlarla kommunikasiya qurmaqda da usta idi.

* * *

Azərbaycan Televiziyasının o illərdəki texniki təchizatı çox pis vəziyyətdə idi. 1993-ün sonunda Bakıdan Türkiyə Təmsilçiliyimizə operator göndərdirlər, ancaq kamera vermədilər. Çox böyük çətinliklə 1994-cü ilin əvvəllərində TRT-nin o vaxtkı Baş direktoru professor Tayfun Akgünerin qəbuluna düşdüm. Yarım saatdan çox söhbət elədik, ona vəziyyəti danışdım. Mənim çalışma həvəsimi, Türkiyə sevgimi görüb TRT-nin bizə kamera və digər avadanlıqları rəsmi olaraq hədiyyə edəcəyini söylədi. Bunların hardan baxsan 50 min dollara yaxın qiyməti vardı. Həftələrlə davam edən rəsmi yazışmalar və sənədləşmədən sonra TRT anidən bu addımından vaz keçdi. Məlum qüvvələr gedib işə pəl qatmışdılar. Nə qədər səy göstərsəm də, T.Akgüner sözündən dönmürdü.

Çarəsiz qalıb Məmməd müəllimin yanına getdim. O əlini telefona uzadanda düşündüm ki, TRT-yə zəng edəcək. Ançaq katibəsinə "Məni Tansu Çillərlə calaşdır" dedi. Telefona Baş nazirin köməkçisi Akın İstanbulluoğlu çıxdı, Tansu xanımın görüşdə olduğunu söyləyərək, Məmməd müəllimdən nə baş verdiyini soruşdu. Yarım saat sonra TRT-nin Baş direktoru şəxsən zəng vuraraq məni yanına çağırdı. Məsələ, həll oldu və mən artıq reportajları Betecam-da çəkilmiş keyfiyyətli reportajlar göndərməyə başladım.

* * *