Uşağınızda bu əlamətlər varsa...


Digərləri 10 Yan 2019 21:05:00 238 0

Uşağınızda bu əlamətlər varsa...

Mutizm latınca "mutis"- "lal" sözündən götürülüb və ağır psixoloji pozuntudur.

Selektiv mutizm zamanı xəstə bəzi sosial toplumlarda, məsələn, məktəbdə və ya qonaqlıqda danışmaqdan imtina edir, daha düzgün ifadə etsək, danışa bilmir. Ailədə və dostlarının əhatəsində isə rahat ünsiyyətə girir. Həmin patologiyaya daha çox uşaq yaşlarında rast gəlinir və onların danışıq aparatında heç bir qüsur olmur. Vacib olan odur ki, xəstə sadəcə danışmaqdan imtina etmir, əksinə danışmaq istəsə də, bunu bacarmır və sözlərin qırtlaqda "donub qaldığını" hiss edir. Zaman keçdikcə mutizmli uşaqlar həmin situasiyanın yaranmasına səbəb olan halları əvvəlcədən hiss edir və ondan qaçmağa çalışır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, uşaq psixoloqu Kamal Camalov deyib: "Selektiv mutizm təxminən hər 150 uşaqdan birində təsadüf edilən psixoloji haldır və əksər ibtidai məktəblərdə ən azı bir mutizmli uşaq olur. Tədqiqatçıların araşdırmalarına görə, qızlar arasında etnik qrupların uşaqlarında və ya başqa ölkədən gələnlərdə mutizmə daha çox rast gəlinir.

Mutizm adətən erkən uşaqlıqdan inkişaf etsə də, onun ilk əlamətləri uşağın ailədənkənar ünsiyyətləri yarananda, daha çox uşaq bağçasına və ya məktəbə getdiyi dövrdə üzə çıxır. Adətən uşaq bir neçə ayda vəziyyətdən çıxır, lakin korreksiya olunmayanda yetkin yaşlarda da davam edir.

Selektiv mutizmli uşaqların müxtəlif qorxuları və sosial sıxıntıları olur. Onlar həmsöhbətinin gözlərinə baxmaqda çətinlik çəkir, ətrafdakıların nəzərində əsəbi, hədsiz utancaq və qorxaq, çox ciddi, tərs və isterik, bəzən də tormozlanmış təəssüratı yaradır.

Mutizmli uşaqlar daha çox jestlərlə ünsiyyət saxlayır, hər hansı suala cavab verərkən başını və ya çiyinlərini tərpədir, bəzən bir-iki qırıq kəlmə ilə reaksiya verir, səsini dəyişdirərək və ya pıçıltı ilə danışır. Psixoloqlar bəzi xəstələrin ictimai ayaqyolundan istifadə etməkdən qorxmasını sidik ifrazı zamanı yaranan səsin başqaları tərəfindən eşidilməsindən çəkinmələri ilə izah edirlər".

Selektiv mutizmin səbəbləri barədə psixoloq deyib: "Onu heç də həmişə aydınlaşdırmaq olmur, lakin narahatlıq və həyəcan halı çox vaxt irsən ailə üzvlərindən keçir. Bəzi uşaqlarda inteqrasiyanın sensor disfunksiyası adlanan hal aşkar olunur və onlar güclü küy və gurultu kimi bəzi səsləri qəbul etməkdə çətinlik çəkirlər. Elə həmin səbəbdən də onlar səs-küylü yerdə gərginlik keçirir və danışa bilmirlər. Uşaqlara qarşı sərt davranış və psixoloji travmaların mutizmin yaranmasında birbaşa rolu sübut olunmayıb, lakin bəzi uşaqlarda xəstəlik məhz həmin hallardan sonra meydana çıxır. Mutizm haqqında ən geniş yayılan yanlışlıq uşaqlarda danışıq istəyinin olmamasını autizmlə əlaqələndirilməsidir. Mutizm və autizm tamamilə müxtəlif təbiətli xəstəliklərdir, lakin eyni uşaqda həmin psixi patologiyaların hər ikisinə rast gəlinməsi də mümkündür".