Boşandığı arvadını amansızlıqla öldürən keçmiş polis zabiti


Kriminal 10 Yan 2019 18:09:02 473 0

Boşandığı arvadını amansızlıqla öldürən keçmiş polis zabiti

Keçmiş arvadının ölümündə təqsirli bilinərək uzun müddətə azadlıqdan məhrum edilən keçmiş polis zabiti Ali Məhkəməyə kasassiya şikayəti verib.

Son.az-ın ölkə.az-a istinadən məlumatına görə, cinayət məcəlləsinin 120.2.1-ci maddəsi ilə məhkum olunan Əliyev Samir Səməndər oğlunun məhkəmə prosesi yanvar ayının 30-da hakim Əli Seyfəliyevin sədrliyi ilə keçiriləcək. 

Qeyd edək ki, ittiham aktına əsasən, 2015-ci il iyulun 6-da Bakı-Quba yolunun 55-ci kilometrliyində, yolun sağ hərəkət hissəsində yandırılmış naməlum qadın meyiti tapılıb. Öldürülən qadının Bakı sakini, 1981-ci il təvəllüdlü Natəvan Əliyeva olduğu müəyyən edilib. Üç uşaq anası olan 34 yaşlı N.Əliyeva paytaxtda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyib. Qətldən bir neçə gün əvvəl - iyulun 26-da onun itkin düşməsi barədə yaxınları tərəfindən Xətai Rayon Polis İdarəsinə ərizə daxil olub. Meyit tapılandan bir neçə gün sonra N.Əliyevanın keçmiş həyat yoldaşı, sabiq polis işçisi Samir Səməndər oğlu Əliyev şübhəli şəxs kimi saxlanılaraq istintaqa cəlb olunub. 

İstintaq zamanı məlum olub ki, mərhum Natəvan Əliyeva Samir Əliyevin doğma dayısı qızı olub. Ancaq qohum olmaqlarına baxmayaraq ailədə tez-tez söz-söhbətlər olub. Bütün bu səbəblərdən Natəvan Samirdən boşanmağa qərar verib, ailəsinə Samirlə bir yerdə yaşaya bilməyəcəyini bildirib. Qanuni nikaha xitam verildikdən sonra Samirdə qısqanclıq baş qaldırıb. Bir müddətdən sonra Natəvanın özünə avtomobil alması isə Samirin səbr kasasını doldurub. Cinayətin də məhz bu səbəbdən törədildiyi ehtimal olunur.