AQTA inzibati tədbirlərə başladı


Digərləri 10 Yan 2019 17:59:00 477 0

AQTA inzibati tədbirlərə başladı

Qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin dövlət qeydiyyatına alınması üçün verilən müddət 2018-ci ilin dekabrın 31-də bitib. Bu müddət ərzində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı ilə bağlı dəfələrlə sahibkarlara rəsmi müraciətlər olunub, mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilib və KİV-də Agentliyin adından sahibkarlıq subyektlərinə  çoxsaylı xəbərdarlıqlar ünvanlanıb. Ancaq qeydiyyat üçün kifayət qədər uzun müddətin ayrılmasına və prosedurun kifayət qədər asan olmasına baxmayaraq, qida məhsulları sahəsində fəaliyyət göstərən bir çox sahibkarlıq subyekti qeydiyyatla bağlı müəyyən olunmuş vaxt çərçivəsində müraciət etməmişlər.

Bununla bağlı, qanunvericiliyin tələblərinə uyğun olaraq, Agentlik tərəfindən indiyədək qida təhlükəsizliyi qeydiyyatından keçmək üçün müraciət etməyən sahibkarlıq subyektləri barədə inzibati tədbirlərin həyata keçirilməsinə, cərimələrin tətbiq olunmasına başlanılmışdır.

Qeyd edək ki, Azərbaycan Respublikasında qida təhlükəsizliyi üzrə qeydiyyata alınmış  sahibkarlıq subyektləri dövlət reyestrinə daxil edilir və həmin subyektlərə reyestrdən çıxarış verilir. "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qida təhlükəsizliyi üzrə qeydiyyata alınmamış qida sahəsində fəaliyyət göstərən subyektlərin fəaliyyəti qadağandır.