İlahiyyat İnstitutu ilk “Fəxri doktor” diplomunu təqdim edib


Digərləri 10 Yan 2019 16:36:18 206 0

İlahiyyat İnstitutu ilk “Fəxri doktor” diplomunu təqdim edib

“29 Mayıs” Universiteti Direktorlar və Qəyyumlar Şurasının sədri, doktor Təyyar Altıkulaça ali təhsil müəssisəsinin “Fəxri doktor”u diplomunun təqdim edilməsi mərasimi təşkil olunub.

Bakı. Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “29 Mayıs” Universiteti Direktorlar və Qəyyumlar Şurasının sədri, doktor Təyyar Altıkulaça ali təhsil müəssisəsinin “Fəxri doktor”u diplomunun təqdim edilməsi mərasimi təşkil olunub. İnstitutdan Trend-ə verilən məlumata görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Aİİ rəhbərliyi, müəllim və tələbə heyəti, Bakı Dövlət Universitetinin Ərəb dili filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev, Türkiyənin Azərbaycandakı Səfirliyinin Din işləri üzrə müşaviri Kamil Günəş, Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin müdiri Kadir Bektaşoğlu iştirak edib. Mərasimdə çıxış edən Aİİ rektoru Ceyhun Məmmədov Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Azərbaycan İlahiyyat İnstitutunun ilahiyyat üzrə ixtisaslaşmış ali təhsil müəssisəsi olduğunu, müvafiq Sərəncama əsasən, Bakı Dövlət Universiteti İlahiyyat fakültəsinin Azərbaycan İlahiyyat İnstitutunun strukturuna daxil edildiyini vurğulayıb. Aİİ rəhbəri Azərbaycanda din sahəsinə böyük diqqət və qayğı göstərildiyini, bu siyasətin əsasının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmin siyasəti hazırda böyük uzaqgörənliklə və məqsədyönlü surətdə davam etdirdiyini vurğulayıb. C.Məmmədov Təyyar Altıkulaç haqqında ətraflı məlumat verib. O, iki qardaş ölkə arasında din sahəsində qarşılıqlı əlaqələrin inkişafında Təyyar Altıkulaçın böyük xidmətlərini, həmçinin tükənməz səylərini tədbir iştirakçılarının nəzərinə çatdırıb. İnstitut rəhbəri Türkiyəyə səfərindən, orada keçirilən işgüzar və səmərəli görüşlərdən də bəhs edib. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov mərasimdə çıxış edərək bildirib ki, Azərbaycan İlahiyyat İnstitutunun yaradılması Prezident İlham Əliyevin azərbaycançılıq ideologiyasının inkişafını və milli-mənəvi dəyərlərin qorunmasını daim diqqət mərkəzində saxladığının göstəricisidir. Məruzəçi bu mərasimin təşkilini və Azərbaycan İlahiyyat İnstitutunun ilk fəxri doktorunun məhz Təyyar Altıkulaçın seçilməsinin təsadüfi olmadığını qeyd edib.