Parkinqlər bahalaşıb:


Digərləri 10 Yan 2019 11:35:00 239 0

Parkinqlər bahalaşıb:

Bir neçə gündür Bakıda parkinqlərə görə ödənişlərin qaldırılması mediada müzakirə edilir

. Mütəxəssislərin fikrincə, Bakının küçə və prospektlərində qanunsuz parklanmalarla bağlı ciddi problem var. Bəzi yerlərdə bu səbəbdən hərəkət iflic olur və tıxac yaranır. 

Son.az bildirir ki, məsələ barədə oxu.az-a yol-nəqliyyat üzrə ekspert Fazil Məmmədov danışıb.

Onun sözlərinə görə, parklanma ilə bağlı qiymətlər tənzimlənməlidir:

"Bir istehlakçı kimi, hesab edirəm ki, qiymətlər əlverişli olmalıdır. Əgər onlar maşınların təyin edilən yerlərdə park edilməsini istəyirlərsə, o zaman qiymətlər yüksək olmamalıdır. İnsanlar saatı bir-iki manata deyil, heç olmasa, 30 qəpiyə avtomobillərini park etmək imkanına malik olmalıdırlar. Amma bunu bir istehlakçı kimi deyirəm. Hesablama aparmaq lazımdır".

Ekspert bildirib ki, parkinqin hansı dövlət, yaxud özəl qurumun nəzarətində olması da mühümdür:

"Özəl parkinqlər qiymətləri özləri diktə edir. Hesab edirəm ki, tıxaclarla mübarizə aparmaq üçün, ilk növbədə, dövlət yeni parkinqlər yaratmalıdır. Bu cür parkinqlər şəhər kənarında, metro ətrafında, Sumqayıtın girişində olmalıdır.

Lakin gözəl bilirik ki, əsas görüləcək iş Bakıda və mərkəzi yerlərdədir. Saat 07:00-dən 09:00-a kimi insanlar 15 dəqiqəyə gedə biləcəkləri yolu saatlarla vaxta qət edirlər. Bu, heç bir baxımdan rentabelli deyil.

Əlbəttə ki, ilk növbədə, bu, dörd dəfədən çox yanacaq sərf edən sürücü üçün əlverişsizdir. Digər tərəfdən, atmosfer və ətraf mühit çirklənir. Dövlət üçün tıxaclar olduqca böyük xərcdir". 

Fazil Məmmədov qeyd edib ki, ictimai nəqliyyat üçün yaxşı logistika təşkil edilməlidir:

"Əgər bizdə ictimai nəqliyyat yaxşı çalışsa, insanlar hər hansı bir dayanacaqda avtobusun saat neçədə gələcəyini dəqiq bilsə, işə və ya müəyyən bir yerə neçə dəqiqəyə gedəcəyini biləcək. Bu zaman biz problemlərin 75 faizini həll etmiş olardıq. Əgər mən Əhmədliyə gedərkən tıxaclarda qalacamsa, nəyə görə 2-3 manat yanacağa sərf etməliyəm?