İnternet Azərbaycanda tənha insanların, boşanmaların sayını artıracaq


Digərləri 10 Yan 2019 08:04:00 269 0

İnternet Azərbaycanda tənha insanların, boşanmaların sayını artıracaq

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi internetin inkişafı ilə əlaqədar olaraq, Azərbaycandakı tənha insanların sayının arta və internetin boşanma prosesinə olan təsirinin güclənə biləcəyindən narahatlığını bildirib.

Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov Trend-ə açıqlamasında bildirib ki, Azərbaycanda internetin insanların həyatına, onların tənha qalmasına, eləcə də boşanmasına təsiri güclənəcək.

Bütün ölkələrdə boşanmaların sayının çoxaldığını söyləyən E.Səfərov əlavə edib ki, BMT-nin statistik məlumatlarına əsasən, ABŞ, Fransa, Böyük Britaniya, Rusiya və Almaniyada bağlanan nikahların 35-45 faizi, Bolqarıstan, Türkiyə, Yunanıstan və Macarıstanda isə 25-28 faizi boşanma ilə nəticələnir.

Son dövrlərdə Azərbaycanda boşanma faizinin cüzi olsa belə, hər il artdığını deyən komitə rəsmisi bildirib ki, hazırda ölkədə məişət zorakılığı boşanmanın ən birinci səbəbi hesab edilir. Lakin E. Səfərov hesab edir ki, əvvəllər ailələrdə məişət zorakılığı hallarının olması boşanmaya səbəb olmurdu:

"Bu gün isə yanaşma dəyişib. Müasir cəmiyyətdə gedən qloballaşma prosesi boşanmaya da öz təsirini göstərib. Boşanmaların səbəblərinə baxaq. Bu gün Azərbaycanda boşanmalara maliyyə problemləri təsir edir? Xeyr! 1990-cı illərdə maliyyə vəziyyəti dəfələrlə çətin idi. Bu gün ailələrdə zorakılıq törədilirmi? Bəli, törədilr. Ancaq 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində bu zorakılıq halları daha çox olurdu. Bu gün isə gənclərin zorakılığa dözümlülüyü yoxdur. İstər fiziki, istərsə də psixoloji olsun, gənc ailələr zorakılıqla razılaşmırlar. Digər tərəfdən, 2010-ci ilə qədər ölkədə zorakılıq boşanmaya səbəb olan əsas faktor kimi göstərilmirdi. 2012-ci ildən isə məişət zorakılığı ailədə boşanmaya səbəb olan əsas faktor kimi göstərilir".