Sufilik barədə qeydlər


Digərləri 10 Yan 2019 07:11:00 228 0

Sufilik barədə qeydlər

Əllamə Təbatəbainin "Əl-Mizan" təfsirindən

Məşhur ruhani alim və arif Əllamə Seyyid Muhəmməd Hüseyn Təbatəbai "Əl-Mizan" təfsirində Qurani-Kərimin müvafiq məzmunlu ayələrini şərh edərkən dəfələrlə irfan və təsəvvuf mövzusuna, bunların İslam dini ilə uyğunluq və ziddiyyətlərinə, irfanda araşdırılan əsas məsələlərin izahına toxunmuş və qənaətbəxş məlumatlar vermişdir.

Son.az islam.az-a istinadən bildirir ki, Əllamə Təbatəbai "Maidə" surəsinin 15-19-cu ayələrinin təfsirində İslamın ilk əsrlərində müsəlmanlar arasında yayılmış nəzəri elmlər və fikri cərəyanlar barəsində qısa bəhs açaraq, müsəlmanların zehn və düşüncəsinin doğurduğu müsbət və mənfi əqidələrin təhlilini vermişdir. Müəllif hicrətin ilk əsrlərində hədis, ədəbiyyat, fəlsəfə, kəlam, hikmət və s. elmlərin inkişaf səviyyəsini və təkamül mərhələlərini qeyd etdikdən sonra sufiliyin yaranması məsələsinə toxunaraq yazır:

"Həmin dövrdə (yəni hicrətin I əsrinin sonları - II əsrin əvvəllərində) müsəlmanlar arasında sufiləşmə prosesi görünməyə başladı. Əlbəttə, sufilik hələ ilk xəlifələrin dövründən qaynaqlanırdı və o zamanlar zahidlik şəklində özünü nümayiş etdirirdi. Abbasilər sülaləsinin hakimiyyət illərinin əvvəllərində Bəyazid Bistami, Cuneyd Bağdadi, Şibli, Məruf Kərxi və s. bu kimi şəxslər meydana çıxanda, sufilər bütövlükdə təzahür edib özlərini göstərdilər.

Onların əqidəsi budur ki, insan kamilliyinin və həqiqi maarif əldə etməyin yolu şəriətdə nəzərdə tutulan təmrinlərin (riyazət) bir növü olan "təriqət"ə daxil olmaqdır və bu üsulla həqiqətə çatmaq mümkündür. Onların böyük əksəriyyəti (istər şiə, istərsə sünni yönümlü olsunlar) özlərini Əliyə (ə) mənsub və bağlı sayırlar.

Onlar kəramət sahibi olduqlarını iddia edir, dinin zahiri ilə və ağlın hökmü ilə uyğun gəlməyən sözlər danışırdılar. Deyirdilər ki, dinin zahiri də elə onların dediklərini bildirir, amma zahiri (üst qatı) görənlər bu məqamları dərk etmirlər. Bu fikirlər fəqihlərə və ümumiyyətlə, müsəlmanlara ağır gəldi, sufiləri tənqidə başlayıb, onlardan bizarlıq etdilər, küfrlərinə fətva verdilər. Çoxlarının aqibəti həbs, şallaqlanma, qətl, çarmıxa çəkilmə və sürgün oldu. Hamısının səbəbi bu idi ki, onlar (sufilər) "şəriətin sirləri" adlandırdıqları çılpaq və "qabığı soyulmuş" mətləblərdən söz açırdılar. Halbuki əgər doğrudan da belədirsə, yəni onların dedikləri dinin zahiri (qabığı) altında qalan həqiqətdirsə (iç, cövhər) və bunları açıb söyləmək tələb olunursa, şəriəti gətirən şəxs (yəni peyğəmbərin özü) bu işə onlardan daha layiqdir. Belə olan halda peyğəmbərə vacib olardı ki, sirləri açıb bəyan etsin. Və əgər bu sirlər haqq deyilsə, deməli, mütləq olaraq zəlalətdir. Çünki haqdan savayı hər şey zəlalət və azğınlıqdan ibarətdir.

Onlar (sufilər) əvvəlcə öz fəaliyyətlərində və təriqət əqidəsinin nümayişində söz təbliğatından və söhbətlərdən irəli getmirdilər. Lakin sonralar, ürəklərdə yer tutduqdan sonra hicrətin III əsrindən başlayaraq, kitablar və məqalələr yazmağa başladılar. Daha sonra bir qədər də irəli gedərək, "həqiqət" və "təriqət" barədə etiqadlarını açıq-aşkar söylədilər, nəzm və nəsrlə deyilmiş kəlamlarını dünyaya yaydılar.

Daim tərəfdar və qüvvə toplayaraq, kütlənin qəlbində öz yerlərini möhkəmlətdilər. Hicri VI və VII əsrlərdə hörmət və etimadları ən yüksək nöqtəyə çatdı və bundan sonra zəifləyib süquta doğru üz qoydular. Tədricən fəaliyyətləri zəiflədi və camaat onlardan üz döndərdi".

Daha sonra Əllamə Təbatəbai sufiliyin zəifləyib aradan çıxma səbəblərini izah edir və bu səbəblərdən ikisi üzərində dayanır:

"Onların süqutunun ilk səbəbi bu idi ki, həyatın hansı sahəsi kütlənin vəziyyətinə daha yaxın olub onun hörmətini qazanırdısa və camaat hərisliklə o tərəfə meyl edirdisə, mənafe sahiblərinin xoşuna gəlmədiyi və mənafelərinə zidd olduğu üçün, tez həmin dona girir, bu yolla fəsad törədib, nəticədə camaatda nifrət oyadırdılar".